2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda 18 milyard 473.1 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Dövlət Statistika Komitəsinin (DSK) bu gün – martın 12-də açıqladığı məlumatda belə deyilir.
Bildirilir ki, bu, əvvəlki ilin eyni dövrüylə müqayisədə 0.3% çoxdur.
DSK-nın aıqlamasında həmçinin qeyd olunur ki, “İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1.7% azalıb, qeyri-neft-qaz sektorunda isə 1.4% artıb”.
Keçən ay DSK illik artımın 1.7% olduğunu bildirmişdi. Müstəqil ekspertlər bunun yetərli olmadığını, ÜDM-in artım tempinə görə Azərbaycanın qonşulardan geri qaldığını qeyd etmişdilər (“AzadlıqRadiosu”).
2025-ci ildə ölkədə 129.1 milyard manat dəyərində, əvvəlki illə müqayisədə 1.4% çox ÜDM istehsal olunub.
Azərbaycan hökumətinin proqnozuna görə, artım 3.5% olmalıydı.
Onda ekspertlər iqtisadiyyatdakı kiçilməni neft hasilatının azalması və neftin ucuzlaşmasıyla əlaqələndirmişdilər. Hazırda isə qlobal bazarda neftin qiyməti artmaqdadır.
Azərbaycanın ixrac etdiyi məhsulların 85%-ni neft və qaz təşkil edir.
“Politfm”



