Avropa Komissiyası Avropa İttifaqı ölkələrinə Rusiyaya qarşı 20-ci sanksiya paketini təqdim edib.
Bu barədə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen məlumat verib.

20-ci paket enerji, maliyyə xidmətləri və ticarət sahələrini əhatə edir. Enerji sahəsində Rusiya xam nefti üçün tam dəniz xidmətləri qadağasının tətbiqini, “kölgə donanması”na daha 43 gəminin əlavə edilməsini və mayeləşdirilmiş təbii qaz (LNG) tədarük edən tankerlərlə buzqıranlara texniki xidmətin məhdudlaşdırılmasını nəzərdə tutulur.
Maliyyə sahəsində 20 regional bankın sanksiya siyahısına salınması, kriptovalyuta vasitəsilə yayınma kanallarına qarşı tədbirlərin genişləndirilməsi planlaşdırılır. Eləcə də Rusiyaya 360 milyon avrodan çox dəyərdə ixrac qadağaları, 570 milyon avrodan artıq həcmdə isə metallara, kimyəvi maddələrə və kritik minerallara idxal məhdudiyyətləri tətbiq olunur.
İlk dəfədir ki, Paketdə sanksiyalardan yayınmağa qarşı əks tədbirlər alətinin aktivləşdirilməsi də əksini tapıb.
Lyayen deyib ki, artıq sanksiyaların təsiri hiss olunur, Rusiyanın neft-qaz gəlirləri 2025-ci ildə 24 faiz azalaraq son beş ilin ən aşağı səviyyəsinə düşüb, faiz dərəcələri 16 faiz səviyyəsində qalıb, ölkədə yüksək inflyasiya var.
Lyayen üzv dövlətləri yeni sanksiyaları sürətlə təsdiqləməyə çağırıb, müharibənin dördüncü ilində bu addımın güclü siqnal ola biləcəyini vurğulayıb.