Nasist Partiyasının üzvlük vəsiqəsi (foto AFR arxivinin saytından götürülüb)
Almaniyada NSDAP üzvlərinin siyahısı dərc edilib – nasist partiyasına kimlərin üzv olduğunu artıq dərhal öyrənmək mümkündür.
Almaniyada yeni axtarış sistemi istifadəyə verilib. Bu sistem vasitəsilə insanlar Adolf Hitler dövründə qohumlarının nasist partiyasına üzv olub-olmadığını öyrənə bilirlər.
Sistem nasist partiyasının (NSDAP) üzvlərinə dair bir neçə milyon qeydiyyat kartını əhatə edən məlumat bazasında axtarış imkanı yaradır.
Onlayn bazanı “Die Zeit” qəzeti Almaniya və ABŞ arxivləriylə əməkdaşlıq çərçivəsində hazırlayıb.
Nəşr qeyd edib ki, axtarış sistemi böyük maraqla qarşılanıb. Qəzetin rəsmi nümayəndəsi Judit Buçun sözlərinə görə, aprelin əvvəlində istifadəyə verilmiş sistemdən artıq milyonlarla dəfə istifadə olunub.
“Orda iki yaxın qohumumun adını tapdım və bu, ailəmizdən heç kimin o işdə iştirak etmədiyi barədə təsəvvürü alt-üst etdi. Bunu 71 yaşımda öyrənmək çox ağır zərbə oldu” – sayt istifadəçilərindən biri belə yazıb.
1925–1945-ci illər ərzində nasist partiyasının təxminən 10,2 milyon nəfər üzvü olub.
Son anda xilas edilən kartoteka
Nasist partiyasının üzvlərinə dair kartoteka İkinci dünya müharibəsinin son günlərində az qala məhv ediləcəkdi. Bu sənədlər Münhendə NSDAP-ın inzibati ofisində saxlanılırdı.
“Die Zeit” yazır ki, hökumət arxivin makulaturaya verilməsi barədə göstəriş versə də, kağız fabrikin direktoru Hans Huber onu xilas edib. Daha sonra Huner sənədləri amerikalılara təhvil verib. Bu kartoteka Almaniyada müharibədən sonrakı denasifikasiya prosesində mühüm rol oynayıb.
Təxminən 50 il ərzində kartoteka Berlində, ABŞ-nin nasist sənədləri arxivində saxlanılıb. 1994-cü ildə isə Almaniyanın Federal Arxivinə verilib, mikrofilm nüsxələri Vaşinqtondakı ABŞ Milli Arxivinə göndərilib.
Yaxın vaxtlara qədər hər hansı şəxsin nasist partiyasıyla əlaqəsini öyrənmək yalnız Almaniya arxivlərinə rəsmi sorğu göndərməklə mümkün olurdu. Amma bu ilin mart ayından etibarən ABŞ Milli Arxivi öz sənədlərini internetdə dərc etməyə başlayıb.
“Die Zeit” qeyd edir ki, bu məlumatları əldə edərək sənədlərin surətlərini hazırlayıb və onların sistemdən rahat tapılmasını təmin edib.
“Politfm”



