Foto: internet
İran rəsmisi “Reuters” agentliyinə bazar günü verdiyi məlumatda bildirib ki, ABŞ hücumları dayandırdığı müddətcə Tehran da atəşkəsə əməl edəcək.
Amerika Prezidenti Donald Trampın müşavirləri ona İrandakı hərbi hədəflərin tükəndiyini və ABŞ-nin arsenalının azalmasından narahat olduqlarını bildiriblər. Bu, İran ərazisinə zərbələrə fasilə verilməsiylə eyni vaxta təsadüf edib (“Reuters”).
Birləşmiş Ştatların 13 gecə davam edən şiddətli hava hücumlarından sonra Pentaqon cümə günü gecə saatlarında kampaniyanı dayandırıb, şənbə və bazar günləri heç bir hücum qeydə alınmayıb. ABŞ-nin zərbələrinə cavab olaraq Amerikanın bölgədəki bazalarına zərbələr endirən İran da artıq iki gündür ki, atəşi dayandırıb.
Adının açıqlanmasını istəməyən İran rəsmisi “Reuters”-ə bildirib ki, Tehranın mövqeyi “hücuma hücumla cavab vermək” olaraq qalır: “Əgər hücumlar dayandırılarsa, İran da öz əməliyyatlarını dayandıracaq. Bu mesaj artıq Amerika Birləşmiş Ştatlarına çatdırılıb”.
ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Volts “Fox News Sunday”-a və Amerikanın digər media qurumlarına verdiyi açıqlamada Trampın diplomatiyaya daha çox vaxt fürsət vermək üçün hücumlara fasilə vermək qərarına gəldiyini deyib.
Anonimlik şərtilə danışan bir ABŞ rəsmisinin sözlərinə görə, son günlərdə Amerika hərbçiləri xəbərdarlıq ediblər ki, müharibədə kritik bir qarşıdurma məkanına çevrilən Hörmüz boğazında İranın gəmiçiliyə təhdidlərinin qarşısını almaq üçün son iki həftədəki bombardmanlar əvvəlcədən müəyyən edilmiş hədəf siyahısını böyük ölçüdə tükədib.
Onun sözlərinə görə, digər variantlar da mövcuddur, lakin Baş Qərargah rəisi general Den Keyn Trampa şəxsi söhbətində hərbi sursat ehtiyatlarına mənfi təsir göstərə biləcəyi üçün bunun riskli olacağını barədə xəbərdarlıq edib. Həmin şəxs əlavə edib ki, bura ABŞ-nin Yaxın Şərqdəki hava hücumundan müdafiə sistemlərində istifadə olunan raket-təyyarə əleyhinə vasitələr (raket tutucular) də daxildir.
Keynin ofisi və ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bununla bağlı şərh verməkdən imtina edib.
Volts NBC-nin “Meet the Press” verilişində ABŞ ordusunun “ehtiyacı olan hər şeyə sahib olduğunu” desə də, müdafiə naziri Pit Heqset vəzifəsinin icrasına başlayanda “tükənmiş bir arsenal təhvil aldığını” qeyd edib.
Adının açıqlanmasını istəməyən yüksək rütbəli İran rəsmisi “Reuters”-ə bildirib ki, Tehran Trampın zərbələri dayandırmaq qərarının ABŞ-nin danışıqlar mövqeyində ciddi bir dəyişiklik yaratdığına dair böyük ümidlər bəsləmir.
“Ümumi rəy ondan ibarətdir ki, bu fasilə səmimi deyil, taktikidir. ABŞ-nin aldatma taktikası kimi gördüyü addımlarla bağlı İranın kifayət qədər acı təcrübəsi var” deyə, o vurğulayıb.
Yaranmış vəziyyət iranlıları çox narahat edir. Tehranda idxal-ixrac biznesi ilə məşğul olan 49 yaşlı Nader hücumlafrdakı hər hansı fasilənin uzun sürəcəyinə şübhə etdiyini bildirib.
O, “Reuters”-ə telefonla verdiyi açıqlamada deiyb ki, “Ölkədə hər kəs qeyri-müəyyənlik içində sıxışıb qalıb. Tramp İranla oyun oynayır. O, nə müharibəni bitirib bölgəni tərk edir, nə də qətiyyətli bir zərbə vurur. Bu, insanı əldən salır”.
“Politfm”



