İllüstrasiya: Sİ

 

 

Hələ dünənə qədər universitet diplomu daha yaxşı iş, daha yüksək maaş və dah parlaq  gələcəyin əsas təminatlarından biri sayılırdı. Ali təhsil alan gənc əmək bazarında digərlərindən bir addım öndə olurdu.

Bu üstünlük tamamilə aradan qalxmasa da, indi diplom artıq əvvəlki qədər geniş imkanlara zəmanət vermir.

“Financial Times” yazır ki, iqtisadi dəyişikliklər və yeni texnologiyalar ali təhsilin qazandırdığı gəlir üstünlüyünü tədricən azaldır.

Bu, xüsusilə də iş həyatına yeni başlayan məzunlar üçün ciddi problemdir.

Diplom var, iş yoxdur

ABŞ Federal Ehtiyat Sisteminin Nyu-York bölməsinin məlumatına görə, 2026-cı ilin ikinci rübündə 22–27 yaşlı universitet məzunları arasında işsizlik 5,6 faiz olub. Bu göstərici 2019-cu ilin martında 3,6 faiz idi.

Gənc məzunların 42 faizi isə ali təhsil tələb etməyən işlərdə çalışır. Onlar təhsillərinə və ixtisaslarına uyğun vəzifə tapa bilməyiblər.

Bu, diplomun dəyərsizləşdiyi anlamına gəlmir. ABŞ Əmək Statistikası Bürosunun 2025-ci ilə aid göstəricilərinə əsasən, bakalavr dərəcəsi olan 25 yaşdan yuxarı işçilər həftədə orta hesabla 1578 dollar qazanıblar. Yalnız orta məktəb təhsili alanlarda bu rəqəm 966 dollar olub.

Bakalavr dərəcəsi olanlar arasında işsizlik səviyyəsi daha azdır: 2,8 faiz. Orta məktəbi bitirənlərinsə 4,3 faizi işsizdir. Deməli, ali təhsil gəlir və iş tapmaq baxımından hələ də üstün imkanlar yaradır. Amma həmin imkanlar getdikcə azalır.

Məzunların sayı artır, uyğun iş yerlərinin sayı azalır

Universitet təhsilinin əhatə dairəsi artdığı üçün diplom daha çox insan üçün əlçatan olub. Bu, mühüm sosial nailiyyətdir. Ancaq iqtisadiyyat ali təhsilli işçilər üçün yüksək maaşlı və uyğun iş yerlərini eyni sürətlə yaratmayıb.

Nəticədə bir çox ölkədə məzunların sayı onlara uyğun vəzifələrin sayını üstələyib. Əvvəllər universitet təhsili tələb etməyən işlərdə də diplom şərti qoyulmağa başlanıb. Beləliklə, ali təhsil tədricən işə qəbulun ilkin şərtinə çevrilib.

Amma işəgötürənlər namizədləri fərqləndirmək üçün artıq təkcə diploma baxmırlar. İş təcrübəsi, təcrübə proqramlarında iştirak, peşə bilikləri, ünsiyyət bacarığı və yeni şəraitə uyğunlaşmaq qabiliyyəti artıq daha böyük əhəmiyyət daşıyır.

Universitet proqramlarının əmək bazarındakı dəyişikliklərə gec uyğunlaşması da problemi ağırlaşdırır. Bəzi ixtisaslarda tədris olunan biliklərlə işəgötürənlərin ehtiyacları arasında ciddi fərq yaranıb.

Süni intellekt gənclərin iş tapmaq imkanlarını azaldır

Gənc məzunların üzləşdiyi çətinlikləri yalnız süni intellektlə izah etmək düzgün olmazdı. İşə qəbulun zəifləməsi bu texnologiyanın geniş yayılmasından əvvəl başlamışdı. İqtisadi artımın yavaşıması, inflyasiya, şirkətlərin xərcləri azaltması və ümumi qeyri-müəyyənlik də yeni iş yerlərinin sayına təsir göstərib.

Bununla belə, süni intellekt xüsusilə iş həyatına yeni başlayanlar üçün nəzərdə tutulan vəzifələrə təzyiqi artırır.

Stanford Universitetinin Rəqəmsal İqtisadiyyat Laboratoriyasının araşdırmasına görə, süni intellektin daha asan tətbiq olunduğu peşələrdə çalışan 22–25 yaşlıların məşğulluq statistikası digər sahələrdəki yaşıdları ilə eyni sürətlə artsaydı, indiki göstəricidən təxminən 19 faiz yüksək olardı.

Araşdırma zamanı iqtisadiyyatda süni intellektin səbəb olduğu genişmiqyaslı iş itkisi aşkar etməyib. Fərq daha çox gənclərin işdən çıxarılmasında yox, onların əvvəlki sayda işə götürülməməsində görünür.

Şirkətlər əvvəllər gənclərə tapşırılan işlərin (məlumat toplamaq, ilkin hesabat hazırlamaq, sənədləri uçota salmaq və müştərilərin adi sorğularını cavablandırmaq) bir hissəsini artıq süni intellektə həvalə edirlər. Halbuki bu işlər gənclərin peşəyə daxil olması, təcrübə toplaması və daha məsul vəzifələrə hazırlanması üçün ilk pillə idi. Həmin pillə zəiflədikcə universitetdən əmək bazarına keçid də çətinləşir.

Hər diplom iş imkanı yaratmır

Ali təhsilin qazandırdığı imkanlar ixtisasdan, universitetdən, təhsilin qiymətindən və məzunun yaşadığı bölgədəki əmək bazarından asılıdır.

Həkim və ya mühəndis olmaq üçün diplom vacib olaraq qalır. Amma elə ixtisaslar da var ki, universitetdə keçirilən illərin və təhsil üçün götürülən kreditin gələcəkdə yüksək gəlir qazandaracağına təminat yoxdur.

Ona görə də “Ali təhsil almağa dəyərmi” sualının cavabı birmənalı deyil. Qərar vermək üçün ilk növbədə bunları bilmək lazımdır: hansı ixtisası seçmək və buna nə qədər xərc çəkmək məqsədəuyğundur?

Bilikləri bacarıqlarla zənginləşdirmək lazımdır

Yeni şərait universitetlərin də rolunu dəyişir. Onlardan tələbələrə yalnız nəzəri biliklər vermək yox, həmin biliklərdən istifadəni öyrətmək də tələb olunur.

Süni intellekt məlumatı sürətlə toplaya və mətn hazırlaya bilər. Lakin düzgün sual vermək, məlumatın etibarlılığını yoxlamaq, qərar qəbul etmək, insanlarla münasibət qurmaq və məsuliyyəti üzərinə götürmək hələ də ancaq insanın bacardığı işlərdir.

Ona görə də ünsiyyət, tənqidi düşüncə, yaradıcılıq, mühakimə qabiliyyəti və komanda ilə işləmək bacarığı daha yüksək qiymətləndirilir. Təcrübə proqramları və iş yerində öyrənmək diplomla əmək bazarı arasındakı boşluğu doldura bilər.

“Politfm”