Ana Səhifə Dünya Yaxın Şərq cəhənnəmi-yanan kim, yandıran kim?

Yaxın Şərq cəhənnəmi-yanan kim, yandıran kim?

7

Bu ilin martında İran və Səudiyyə Ərəbistanı 7 illik fasilədən sonra yaxınlaşmaq üçün addımlar atmışdı. Diplomtik əlaqələri bərpa etmək qərarı almışdı. Yaxınlaşmada İraq və Omanın xüsusi rolu olmuşdu. Baş rolda isə təbii ki, Çin idi. Hətta İran Səudiyyə Ərəbistanı arasındakı diplomatik münasibətlərin qaydasına düşməsi qərarından sonra İranla Bəhreyn, İranla Misir, İranla Liviya arasında da diplomatik münasibətlərdə irəliləyişlər başladı. Hətta iyun ayında böyük təmtəraqla İranın Ər-Riyadda səfirliyinin açılöşı da baş tutdu. Bölgənin Türkiyə, Qətər, BƏƏ və digər önəmli ölkələri bu yaxınlaşmadan məmnunluq duyduqlarını bildirdilər.

Münsibətlərin düzəlməsi bölgədə ABŞ dəstəkli İsraildən başqa hamı üçün hardasa əlverişli idi. Nəzərə alsaq ki, bu yaxınlaşmanın əsas planlayıcısı Çin idi, demək ki, ABŞ bu yaxınlaşmadan məmnun deyil və o da öz addımlarını atacaqdı.

ABŞ istəyirdi ki, Çinin Səudiyyədə hərbi bazası olmasın, Huavey kimi nəhəng texnologiya şirkətlərinin məhsulları məhdudlaşdırılsın və neft satışında yuandan deyil, dollardan istifadə edilsin.

Elə bu ilin yayında ABŞ vasitəçiliyi ilə Səudiyyə Ərəbistan və İsrail arasında münasibətlərin normallaşdırılması üçün addımlar atılmağa başladı. Təbii ki, bu normallaşma prosesi İran və Səudiyyə Ərəbistan münasibətlərinə mənfi təsir edəcəkdi. Səudiyyə isə bu yaxınlaşma fonunda istər indi, istərsə də gələcəkdə ABŞ ilə müdafiə razılaşmasında maraqlıydı. Çünki Səudiyyənin ABŞ ilə münasibətləri başqa, amma İsrail ilə münasibəti İran üçün tamam ayrı bir məsələdir. İranın bu normallaşmanın qaşısını almaq üçün bütün variantlardan istifadə edəcəyini bilirdi. İstər birbaşa, istərsə də İran dəstəkli qüvvələr vasitəsilə.

Daha əvvəl(2020-ci ildə) BƏƏ və Bəhreyn İsraillə münasibətləri normallaşdırmağı qəbul etmişdi. Amma Səudiyyə Ərəbistan Fələstin məsələsini gözardı edərək danışıqlara başlaya bilməzdi. Çünki digər ölkələrdən fərqli olaraq Səudiyyə Kralı islamın mərkəzi sayılan Məkkə və Mədinəni qorumaqla yanaşı, Məscidi Aksanın yerləşdiyi Qüds məsələsini də həll etməklə hökmlü sayılır. Bir tərəfdən yeni müttəfiq qazanıb, digər tərəfdən ciddi nüfuz itirmək də olmaz. Nəzərə alaq ki, İranın ali dini lideri Xameneyi uzun illərdir çağırış edir ki, kral ailəsinin Məkkə və Mədinənin müdafiçisi olmasını rədd edin. Odur ki, İsrail də Fələstin ilə problemin həllində, Fələstin dövlətinin yaradılmasında müəyyən güzəştlərə getməli idi. Hətta bu barədə ABŞ prezidentinin də İsrailə müəyyən güzəştlər etməsi üçün danışacağı xəbərləri yayılmışdı. Çünki Səudiyyə Ərəbistan əvvəllər dəfələrlə bildirmişdi ki, İsrail Fələstin problemi həll olmadığı müddətcə İsrail dövlətini tanımayacağıq.

Fələstin isə anlaşma gərəyi “Batı Şeria”nın idarəçiliyinin onlara verilməsini, İsrailin qanunsuz məskunlaşmanı dayandırmasını, Səudiyyənin də Fələstinə 3 ildir dayandırdığı yardımı bərpa etməsini tələb edirdi.

Gedişat göstərirdi ki, danışıqların bu formada davam etməsi, yaxın zamanda məntiqi sonluqla bitə bilər. Bu ehtimal isə İranı açıq şəkildə narahat edir təbii ki. Çin və Rusiya da ABŞ nəzarətində İsrail Səudiyyə yaxınlığından məmnun deyil. Bu, təkcə məmnunluq məsələsi deyil. Hər iki ölkə üçün taleyüklü məsələdir. Bütün bunları göz önünə gətirəndə, bu gün Yaxın Şərqdə baş verənləri hardasa anlamaq olur ki, nə və niyə baş verir.

Aqil Məhərrəmli