Ana Səhifə Dünya Pentaqon öz zabitini edam edəcək- canlı yayımda

Pentaqon öz zabitini edam edəcək- canlı yayımda

ABŞ-ın müdafiə naziri Pit Heqset cümə axşamı bəyan edib ki, hərbçilər yaxın tarixdə ilk dəfə ictimaiyyətin gözü qarşısında edam həyata keçirəcəklər. Edam cinayətin törədildiyi hərbi bazada, əsgərlər tərəfindən güllələnmə yolu ilə icra olunacaq. Bu barədə  Politico nəşri yazıb. 

2009-cu ildə Fort Hud hərbi bazasında 13 nəfəri öldürməkdə təqsirli bilinən ABŞ ordusunun mayoru Nidal Malik Həsənin dekabrın 3-də edam edilməsi planlaşdırılır. Ağ Ev onun törətdiyi cinayətləri terror aktı adlandırıb. Pentaqon isə edamın canlı yayımlanacağını bildirib.

 

ABŞ-da təxminən 100 ilə yaxındır ki, ictimai edam həyata keçirilməyib. Hökumətin bu hadisəni internet üzərindən yayımlaması isə görünməmiş bir hadisə olacaq.

 

Heqset Real America’s Voice telekanalına müsahibəsində deyib:

 

“Onu əsgərlərdən ibarət güllələnmə dəstəsi edam edəcək. Necə olmalıdırsa, elə də olacaq. İnsanların bunu izləyə bilməsini təmin edəcəyik. Bu, ictimaiyyətə açıq olacaq, çünki insanlar belə əməllərin ciddi nəticələrinin olduğunu anlamalıdırlar”.

 

ABŞ ordusunda sonuncu edam 1961-ci ildə həyata keçirilib. Həmin vaxt sıravi Con Bennet zorlamaya cəhd və qətlə cəhd cinayətlərinə görə asılaraq edam edilib. Lakin həmin edam və ondan əvvəl ABŞ ordusunda həyata keçirilən digər edamlar yalnız məhdud sayda şahidin iştirakı ilə baş tutub, geniş ictimaiyyətə yayımlanmayıb. İctimai edamlar daha çox Şimali Koreya və İran kimi demokratik olmayan ölkələrlə əlaqələndirilir.

 

Heqset bildirib ki, Həsənin edamı üçün nəzərdə tutulan tədbirlə müqayisə edilə biləcək hərbi edamlar İkinci Dünya müharibəsindən bəri həyata keçirilməyib. O əlavə edib:

“Amma İkinci Dünya müharibəsi dövründəki düşüncə tərzini bəyənirəm. O zaman belə bir yanaşma var idi: qələbə qazan, başa düş ki, düşmən sənə hücum edəndə mövqeyini qorumalısan”.

Prezident Donald Trampın Həsənin həyatını bağışlaması üçün ona müraciət edib-etmədiyi barədə suala cavab verən Heqset bununla maraqlanmadığını deyib.

“Dekabrın 3-də onunla görüşəcəyik”, — deyə o bildirib.

Həsən atışma baş verən zaman ABŞ ordusunun Tibb Korpusunda psixiatr vəzifəsində çalışırdı. O, 2013-cü ilin avqustunda hərbi məhkəmə qarşısına çıxarılıb, təqsirli bilinib və ölüm cəzasına məhkum edilib.

 

Müdafiə naziri edamın saat 13:00-da həyata keçiriləcəyini bildirib. Onun sözlərinə görə, bu, hadisənin baş verdiyi vaxtla eyni saatdır.

Bu açıqlama Tennessi ştatında ölüm hökmünə məhkum edilmiş Krista Paykın edamı zamanı baş verən uğursuz cəhddən cəmi bir neçə gün sonra verilib. Payk 1996-cı ildə bir tələbə yoldaşına işgəncə verərək onu öldürməkdə təqsirli bilinmişdi. Sentyabrın 30-da ona iki dəfə ölümcül inyeksiya tətbiq edilməsinə baxmayaraq, o, sağ qalıb və bədənində yanıqlar, eləcə də suluqlar əmələ gəlib.

Politfm

Foto-Politico