İsfahan, İran (arxiv fotosu: “Tasnim”)

 

 

İran hökuməti müharibə zamanı enerji obyektlərinə vurulan ziyanın qarşıdakı qışda ölkənin şimal vilayətlərində qaz çatışmazlığına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Hökumətin sözçüsü Fatimə Mühacirani sentyabrın 29-da keçirdiyi həftəlik mətbuat konfransında bildirib ki, Daxili İşlər Nazirliyi risk altında olan vilayətlərin rəhbərlərinə xəbərdarlıq edib və mümkün fasilələrə qarşı hazırlıq görülür (Tasnim).

“Enerji sektoruna endirilən zərbələr nəticəsində ciddi itkilərimiz olub. Sıradan çıxmış gücün gündəlik 100 milyon kubmetrlik hissəsini bərpa etməyə çalışırıq” – Mühacirani belə deyib.

“Son illərin ən çətin qışlarından biri” 

İran Milli Qaz Şirkətinin məlumatına görə, Cənubi Pars kompleksindəki dörd qaz emalı zavodu hücumlara məruz qalıb. Şirkətin rəsmiləri bunların 3, 4, 5 və 6 nömrəli zavodlar olduğunu bildiriblər.

Hücumların ilk mərhələsində ölkənin gündəlik qaz emalı gücü 230 milyon kubmetr azalıb. Bunun təxminən 100 milyon kubmetrlik hissəsinin soyuqlar başlamazdan əvvəl yenidən şəbəkəyə qaytarılması nəzərdə tutulur. Bu o deməkdir ki, bərpa işləri plana uyğun getsə belə, qışa doğru gündəlik təxminən 130 milyon kubmetrlik itki qalacaq.

İran Milli Qaz Şirkətinin qazpaylama işlərinin əlaqələndirilməsi üzrə direktoru Huşəng Seydəli bildirib ki, bu azalma ölkədə əvvəlki illərdən mövcud olan qaz çatışmazlığına əlavə olunur. Onun sözlərinə görə, İranı “son illərin ən çətin qışlarından biri” gözləyə bilər.

Bərpa işləri iki mərhələdə aparılır

İran hpkuməti ilkin mərhələdə zədələnmiş zavodların gücünün bir hissəsini mümkün qədər tez bərpa etməyə çalışır. Paralel olaraq obyektlərin tam yenidən qurulması aparılır.
İran Milli Qaz Şirkətinin planlaşdırma direktoru Səid Pakserəşt deiyb ki, təcili bərpa proqramı dörd mərhələdən ibarətdir. İlk iki mərhələ başa çatıb, üçüncü mərhələnin isə müəyyən edilmiş vaxtda yekunlaşdırılması nəzərdə tutulur. Dördüncü mərhələnin daha uzun çəkəcəyi bildirilir.

Cənubi Parsdakı 3 və 5 nömrəli zavodların bərpası İran Milli Neft Şirkətinə, 4 və 6 nömrəli zavodların bərpası isə Milli Qaz Şirkətinə tapşırılıb.

11 vilayətdə təchizat problem yarana bilər

İran qazının böyük hissəsi ölkənin cənubunda hasil və emal olunur. Mazandaran, Gülüstan və Şimali Xorasan isə qaz nəqli sisteminin sonunda yerləşir. Buna görə də şaxtalı günlərdə istehlak kəskin artdıqda və boru kəmərlərində təzyiq azaldıqda problemlər ilk növbədə bu vilayətlərdə üzə çıxa bilər.

İran Milli Qaz Şirkətinin rəsmiləri ümumilikdə 11 vilayətdə qaz təchizatı ilə bağlı çətinlik yarana biləcəyini, Gülüstan, Mazandaran və Şimali Xorasanda vəziyyətin daha həssas olacağını bildiriblər.

Gülüstan valisinin müavini Mehdi Məhiyayi daha əvvəl bu üç vilayətdə qaz məhdudiyyətlərinin 60–90 gün davam edə biləcəyini söyləmişdi. Lakin Milli Qaz Şirkəti həmin müddəti rəsmi proqnoz kimi təsdiqləməyib. Şirkətin sözçüsü rəqəmin yerli məmurun şəxsi qiymətləndirməsi olduğunu deyib.

Beləliklə, uzunmüddətli kəsintinin baş verəcəyi hələ təsdiqlənməyib, lakin yerli hakimiyyət orqanlarının hazırlıqları qaz təchizatında ciddi məhdudiyyət ehtimalının nəzərə alındığını göstərir.

Çörək sexləri alternativ yanacağa keçirilir

Gülüstanda qaz kəsildiyi halda çörək sexlərinin dizel, maye qaz və digər yanacaq növləri ilə işləməsini yoxlamaq üçün təlimlər keçirilir. Vilayətin bütün rayonlarına bu sınaqları hər həftə təşkil etmək tapşırılıb.

Yerli hökumət bildirib ki, alternativ yanacaqdan istifadə etməyə hazır olmayan çörək sexləri böhran zamanı un payı ala bilməyəcəklər. Xəstəxanalar, elektrik stansiyaları və sənaye müəssisələri üçün də ehtiyat yanacaq tədarükü hazırlanır.

Şimali Xorasan rəhbərliyi Türkmənistandan qaz alınması və ya svop əməliyyatlarının artırılmasını mümkün çıxış yollarından biri kimi qiymətləndirib.

Məhdudiyyətlər ilk növbədə sənaye sektoruna tətbiq oluna bilər

İranda qış aylarında yaşayış evlərinin qazla təmin edilməsi prioritet sayılır. Təchizat azaldıqda məhdudiyyətlər, adətən, əvvəlcə elektrik stansiyalarına, iri sənaye müəssisələrinə, sement, polad və neft-kimya zavodlarına tətbiq olunur.

Milli Qaz Şirkəti rəsmiləri çox soyuq günlərdə bəzi sənaye müəssisələrinə qaz verilişinin məhdudlaşdırıla biləcəyini etiraf ediblər. Bu isə qaz probleminin yalnız evlərin isidilməsi ilə məhdudlaşmayacağını, elektrik istehsalına və sənaye fəaliyyətinə də təsir göstərə biləcəyini göstərir.

Mühacirani hökumətin enerji istehlakını 20 faiz azaltmaq planından imtina etmədiyini və qışın qaz təchizatında böyük fasilələr olmadan keçməsi üçün əhalinin qənaət etməsinin vacibliyini vurğulayıb.

“Politfm”