Kiyev, 30 sentyabr 2026 (foto: AP)

 

 

Rusiya ordusu sentyabrın 30-na keçən gecə Ukraynaya ballistik və gəmi əleyhinə raketlərlə, eləcə də 188 dronla hücum edib. Əsas zərbə Kiyevə və paytaxt vilayətinə endirilib. Son məlumatlara görə, Kiyev şəhərində üç nəfər, vilayətin Vışqorod şəhərində isə bir uşaq həlak olub.

Eyni gecə Ukrayna dronları Rusiyanın geniş ərazisini əhatə edən hücum həyata keçirib. Rusiya Müdafiə Nazirliyi 18 bölgə, Moskvanın ilhaq etdiyi Krım və Qara dəniz üzərində ümumilikdə 384 dronun vurulduğunu iddia edir. Ukrayna tərəfi əməliyyatın hədəfləri və nəticələri barədə hələ açıqlama verməyib.

Rusiyanın hava hücumları

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya hücum zamanı “Tsirkon” və “Oniks” gəmi əleyhinə raketlərindən, “İsgəndər-M” ballistik raketlərindən, S-400 komplekslərinin raketlərindən və 188 drondan istifadə edib. Dronların 86-sının “Şahed”lərin yeni reaktiv modifikasiyaları olduğu bildirilir.

Ukrayna HHM qüvvələri beş raketin və 155 dronun – ümumilikdə 160 hava hədəfinin zərərsizləşdirildiyini açıqlayıb. Bununla belə, ölkənin 18 müxtəlif nöqtəsində raket və dronların hədəfə dəyməsi qeydə alınıb.

Kiyevdə üç, Vışqorodda bir nəfər ölüb

“Suspilne”-nin son xəbərinə görə, Kiyevdə əvvəlcə iki qadının öldüyü açıqlanıb. Daha sonra Solomianski rayonunda anbar binasına endirilən zərbə nəticəsində “Kiyevteploenerqo”nun sürücüsünün də həlak olduğu bildirilib. O, müəssisənin digər əməkdaşları ilə birlikdə həmin ərazidə işləyirmiş.

Paytaxtda beş nəfər yaralanıb, onlardan ikisi xəstəxanaya yerləşdirilib. Zərbələrin və dron qalıqlarının düşməsinin nəticələri şəhərin ən azı dörd rayonunda qeydə alınıb. Anbar və fərdi yaşayış evləri zədələnib, yanğınlar başlayıb. Şevçenkivski rayonunda dron qalıqlarının Qərb ölkələrindən birinin səfirliyinin ərazisinə düşdüyü bildirilir.

Kiyev vilayətinin Vışqorod şəhərində fərdi yaşayış evi dağılıb. Dağıntılar altından üç nəfər, o cümlədən bir uşaq çıxarılıb, daha bir uşağın meyiti tapılıb. Xilas edilən kişidə baş nahiyəsinin qəlpə yaraları, qadında ayaq xəsarəti, uşaqda isə kəskin stress reaksiyası qeydə alınıb.

Brovarda üç nəfər yaralanıb. Buça rayonunda üç ev, 11 avtomobil və iki anbar binası zədələnib. Vışqorod, Buça və Obuxov rayonlarında infrastruktur obyektlərinə də ziyan dəydiyi açıqlanıb.

Sumıda məktəb aviabomba ilə vurulub

Sentyabrın 29-da Rusiya aviasiyası Sumının mərkəzinə dörd idarəolunan aviabomba atıb. Onlardan biri ibtidai sinif şagirdlərinin dərsdə olduğu məktəbin ərazisinə düşüb. Şagirdlər və müəllimlər əvvəlcədən sığınacağa endirildiyi üçün məktəbdə ölən olmayıb, təxminən 100 nəfər təxliyə edilib. Binanın pəncərələri, qapıları və divarları ciddi zədələnib.
Sumının digər yaşayış ərazilərinə endirilən zərbələr nəticəsində iki nəfərin öldüyü bildirilir.

Ukraynanın hava hücumları

Rusiya Müdafiə Nazirliyinin açıqlamasına əsasən, Ukrayna dronlarının hücumu sentyabrın 29-u saat 20:00-dan sentyabrın 30-u saat 08:00-dək davam edib.
Nazirlik dronların Belqorod, Bryansk, Volqoqrad, Voronej, Kostroma, Kursk, Oryol, Penza, Rostov, Ryazan, Samara, Saratov və Ulyanovsk vilayətləri, Moskva bölgəsi, Başqırdıstan, Tatarıstan, Perm diyarı, Moskvanın ilhaq etdiyi Krım və Qara dəniz üzərində vurulduğunu iddia edir.

Samara vilayətinin qubernatoru Vyaçeslav Fedorişşev hücum nəticəsində bir neçə fərdi yaşayış evinin zədələndiyini, ölən və yaralanan olmadığını bildirib. Gecəki hücumun mümkün sənaye və hərbi hədəfləri barədə etibarlı məlumat, eləcə də Ukrayna tərəfindən rəsmi açıqlama hələ yoxdur. Rusiya Müdafiə Nazirliyinin 384 dron barədə iddiası da müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Mənbələr: “Suspilne”, “Ukrainska Pravda”, “RBK-Ukrayna”

“Politfm”