Peter Madyar (foto: Europian Comission)

 

 

Macarıstan parlamenti baş nazir Peter Madyarın və keçmiş baş nazir Viktor Orbanın hökumətində çalışmış iki deputatın toxunulmazlığını qaldırıb. Bu barədə ölkə prokurorluğu vəsatət vermişdi.

Bu barədə Macarıstanın “Index” və “Telex” nəşrləri məlumat yayıb.
Madyarla bağlı cinayət işi 2024-cü il iyunun 21-də — onun Avropa Parlamentinə seçilməsindən iki həftə sonra baş vermiş insidentlə əlaqəlidir. İstintaqın versiyasına görə, Madyar gecə klubunda onu videoya çəkən bir kişinin telefonunu əlindən alaraq Dunay çayına atıb.

Həmin ilin sentyabrında Macarıstan prokurorluğu Madyarın toxunulmazlığının qaldırılması üçün Avropa Parlamentinə müraciət etsə də, rədd cavabı alıb. Amma 2026-cı ilin aprel ayında Madyarın partiyası parlament seçkilərində qalib gəlib. O, mayın 9-da baş nazir vəzifəsinin icrasına başlayıb. Madyar deputat mandatı qazandıqdan sonra istintaq bərpa olunub. Sentyabrın 22-də baş prokuror vəzifəsini icra edən İştvan Laytar onun toxunulmazlığının ləğvi barədə parlamentə vəsatət təqdim edib.

Medianın məlumatına görə, Madyar parlamentdə konstitusiya çoxluğuna malik “Tisa” fraksiyasının üzvlərindən onun toxunulmazlığının ləğvinə səs vermələrini istəyib. “Bizim Vətənimiz” fraksiyasının deputatları da bu qərarın lehinə səs veriblər.

Orbanın “Fides” partiyasının və Xristian-Demokrat Xalq Partiyasının deputatları isə öz fraksiyalarından olan Mikloş Şestak və Balaş Hankona qarşı vəsatətə etiraz olaraq parlament iclasına qatılmayıblar. Şestak 2014-2018-ci illərdə Orban hökumətində milli inkişaf naziri, Hanko isə 2024-2026-cı illərdə mədəniyyət və innovasiya naziri vəzifəsində çalışıb.

Şestak rüşvət almaqda və digər cinayətlərdə, Hanko isə qrant vəsaitlərini təyinatından kənar istifadə etməkdə şübhəli bilinir. Sentyabrın 28-də hüquq-mühafizə orqanları parlamentin qərarını gözləmədən Şestakı saxlayıblar.

“Qanun qarşısında hamı bərabərdir — istər zavod fəhləsi olsun, istər deputat, istərsə də baş nazir. Bu gün Viktor Orbanın ətrafındakı korrupsiyaya bulaşmış nazirlər də bu dərsi aldılar. Gizlədəcək bir şeyi olmayan şəxsin ədalət mühakiməsindən qorxmasına ehtiyac yoxdur” – Madyar parlamentin qərarını belə şərh edib.

Orbanın 16 illik hakimiyyətinə son qoyan seçki

Viktor Orbanın rəhbərlik etdiyi “Fides”–Xristian-Demokrat Xalq Partiyası ittifaqı 2022-ci il parlament seçkisində ardıcıl dördüncü dəfə qalib gəlmiş və konstitusiya çoxluğunu qorumuşdu. Müxtəlif siyasi baxışlara malik altı müxalifət partiyasının yaratdığı ittifaq isə Orbanın hakimiyyətinə son qoya bilməmişdi.

Macarıstan siyasətində əsas dönüş 2024-cü ilin əvvəlində baş verdi. Prezident Katalin Novak uşaq evində baş vermiş cinsi zorakılıq faktlarını ört-basdır etməkdə təqsirli bilinən şəxslərdən birini əfv etdiyi üçün istefa verməli oldu. Orban hökumətinin keçmiş ədliyyə naziri Yudit Varqa da siyasi fəaliyyətdən çəkildi.

Varqanın keçmiş həyat yoldaşı Peter Madyar da uzun illər “Fides”in üzvü olmuş, dövlət qurumlarında və hakimiyyətə yaxın şirkətlərdə müxtəlif vəzifələr tutmuşdu. 2024-cü ildəki əfv qalmaqalından sonra istefa verdi, Orban hakimiyyətini korrupsiyada və dövlət institutlarını öz maraqlarına tabe etdirməkdə günahlandırdı. Daha sonra “Tisa” partiyasına rəhbərlik etməyə başladı.

“Tisa” ilk ciddi uğurunu Avropa Parlamentinə 2024-cü ilin iyununda keçirilmiş seçkidə qazandı. Səslərin 29,6 faizini toplayan partiya ikinci yeri tutdu. “Fides”–Xristian-Demokrat Xalq Partiyası ittifaqı 44,8 faiz səslə birinci olsa da, “Tisa”nın qısa müddətdə əldə etdiyi nəticə ölkədə yeni siyasi qüvvənin meydana çıxdığını göstərirdi.

2026-cı il parlament seçkisi ərəfəsində iqtisadi durğunluq, yüksək inflyasiya, korrupsiya ittihamları və Avropa İttifaqının dondurduğu vəsaitlər kampaniyanın əsas mövzularına çevrildi. Macarıstanın Rusiya ilə yaxın münasibətləri və Orban hökumətinin Ukraynaya yardımları dəfələrlə əngəlləməsi də seçicilərin qarşısındakı əsas məsələlərdən idi.

2022-ci ildən fərqli olaraq bu dəfə Orbanın əsas rəqibi müxtəlif partiyalardan ibarət kövrək ittifaq yox, müxalif səslərin böyük hissəsini öz ətrafında birləşdirən “Tisa” idi. Madyar dövlət televiziyalarında və hakimiyyətə yaxın mediada az görünürdü. Əvəzində sosial şəbəkələr və ölkə boyu keçirdiyi görüşlər vasitəsilə seçicilərə çıxış əldə etmişdi.

Aprelin 12-də keçirilən seçkidəseçicilərin 79,56 faizi səs verdi. Bu, kommunist rejiminin süqutundan sonra Macarıstanda qeydə alınmış ən yüksək göstərici idi. “Tisa” partiya siyahısı üzrə səslərin 53,18 faizini, “Fides”–Xristian-Demokrat Xalq Partiyası ittifaqı 38,61 faizini, “Bizim Vətənimiz” partiyası isə 5,63 faizini aldı.

Yekun nəticələrə görə, 199 yerlik parlamentdə mandatlar belə bölüşdürüldü:

  • “Tisa” — 141 mandat;
  • “Fides”–Xristian-Demokrat Xalq Partiyası — 52 mandat;
  • “Bizim Vətənimiz” — 6 mandat.

“Tisa” 106 birmandatlı seçki dairəsinin 96-da qalib gəldi. “Fides” isə cəmi 10 dairədə üstünlük qazandı. Müqayisə üçün, Orbanın partiyası 2022-ci ildə həmin dairələrin 87-ni qazanmışdı.

Konstitusiyaya dəyişiklik etmək üçün parlamentdə ən azı 133 deputatın səsi tələb olunur. “Tisa” 141 mandatla bu həddi keçdi və təkbaşına konstitusiya çoxluğu əldə etdi. Bu, 1989-cu ildə kommunist rejiminin süqutundan sonra Macarıstanda bir partiyanın qazandığı ən böyük parlament çoxluğu idi.

Seçkini müşahidə edən beynəlxalq qurumlar səsvermənin rəqabət şəraitində keçirildiyini bildirsələr də, tərəflərin bərabər imkanlara malik olmadığını qeyd etdilər. Onların rəyinə görə, hakim partiya dövlət imkanlarından və büdcə vəsaitlərindən kampaniya məqsədilə istifadə etmiş, mediada açıq üstünlüyə malik olmuşdu. Buna baxmayaraq namizədlərin sərbəst təşviqat aparmasına maneə yaradılmamışdı.

Orban məğlubiyyətini qəbul etdi və bununla da 2010-cu ildən davam edən 16 illik hakimiyyəti başa çatdı. Peter Madyar mayın 9-da baş nazir kimi and içdi. Onun əsas seçki vədlərindən biri Orban hökuməti dövründəki korrupsiya şübhələrini və dövlət vəsaitlərindən mümkün sui-istifadə hallarını araşdırmaq idi.

Keçmiş nazirlər Mikloş Şestak və Balaş Hankonun toxunulmazlığının ləğvi həmin vədin ilk ciddi nəticələrindən biri sayıla bilər. Madyarın öz toxunulmazlığının qaldırılmasına razılıq verməsi isə hökumətin istintaqdan yalnız siyasi rəqiblərə qarşı istifadə etməsi barədə ittihamların qarşısını almağa hesablanmış addım kimi qiymətləndirmək olar.

“Politfm”