İlsk Neft Emalı Zavodunda baş vermiş yanğıdan görüntü (foto: “Exilenova+”)

 

 

Rusiya qüvvələri sentyabrın 26-dan 28-dək Ukraynaya üç böyük hava hücumu həyata keçirib. Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatlarına əsasən, bu müddətdə ölkə ərazisinə “Shahed”, “Gerbera” və aldadıcı tipli 508 dron buraxılıb. Onlardan 393-nün vurulduğu və ya radioelektron mübarizə vasitələri ilə zərərsizləşdirildiyi açıqlanıb.

Ukrayna isə Rusiyanın Krasnodar diyarındakı İlsk neft emalı zavodunu, Rostov vilayətində raket komponentləri istehsal edən Azov Optik-Mexanika Zavodunu və işğal olunmuş ərazilərdəki bir sıra hərbi obyektləri vurub.

Sentyabrın 26-na keçən gecə Rusiya Ukraynaya 173 dron, o cümlədən 50-dən çox reaktiv “Shahed” buraxıb. HHQ 134 hava hədəfinin zərərsizləşdirildiyini, 19 ərazidə birbaşa zərbələrin qeydə alındığını bildirib. Hücumlar zamanı Zaporojyedə iki nəfər həlak olub, ölkə üzrə azı 14 nəfər yaralanıb. Kiyevdə uşaq bağçasına, Kiyev vilayətində məktəbə, Xarkovda universitetə, Poltava, Nikolayev və Vinnitsa vilayətlərində enerji obyektlərinə ziyan dəyib (“Ukrainska Pravda”).

Həmin gün Rusiya təyyarələrinin Sumıya endirdiyi idarəolunan bomba zərbələri nəticəsində iki nəfər ölüb, dördü uşaq olmaqla, 23 nəfər yaralanıb. Yaşayış binaları, iki uşaq bağçası, mədəniyyət və ofis binaları, eləcə də 20-dən çox avtomobil zədələnib.
Sentyabrın 27-nə keçən gecə daha 170 dron, o cümlədən 76 reaktiv aparat buraxılıb.

Ukrayna tərəfi 147 dronun zərərsizləşdirildiyini, 18 ərazidə zərbələrin qeydə alındığını açıqlayıb. Kiyevdə avtomobil təmiri sexi, anbarlar, yaşayış və inzibati binalar, məlumat mərkəzi və “Kyivstar” mobil operatorunun baş ofisi vurulub. Paytaxtda bir nəfər həlak olub.

Odessa vilayətinin Kiliya şəhərində liman və mülki infrastruktur, Poltava vilayətində sənaye obyektləri və elektrik xətləri zədələnib. Zaporojye vilayətinin Komışuvaxa və Novotavriyske yaşayış məntəqələrinə hücumlarda üç nəfər ölüb, dörd nəfər yaralanıb.
Yerli hakimiyyət orqanlarının məlumatlarına əsasən, 26–27 sentyabrda Rusiya hücumları nəticəsində Ukraynada ən azı 14 nəfər həlak olub, 57 nəfər yaralanıb. İtkilər Zaporojye, Donetsk, Sumı, Dnepropetrovsk, Xarkov, Kiyev və digər vilayətlərdə qeydə alınıb (“The Kyiv Independent”).

Bazar axşamından sentyabrın 28-i səhərədək davam edən növbəti hücumda Rusiya Ukrayna ərazisinə daha 165 dron buraxıb. Onların 79-u reaktiv olub. HHQ 112 dronun zərərsizləşdirildiyini, 14 ərazidə zərbələrin qeydə alındığını bildirib. Kiyev yaxınlığındakı “Stoliçnı” topdansatış bazarına zərbə nəticəsində iki nəfər ölüb, dörd nəfər yaralanıb. Kiyevin müxtəlif rayonlarında isə azı səkkiz nəfərin xəsarət aldığı, yanacaqdoldurma məntəqəsinin, yaşayış və ofis binalarının yandığı bildirilib (“Ukrainska Pravda”, “The Kyiv Independent”).

Rusiya Müdafiə Nazirliyi zərbələrin məlumat və logistika mərkəzlərinə, liman və nəqliyyat infrastrukturuna, rabitə obyektlərinə, hərbi anbarlara və Odessaya gedən gəmilərə endirildiyini iddia edib. “Reuters” bu açıqlamaları müstəqil şəkildə təsdiqləyə bilmədiyini qeyd edib.

Ukraynanın hava hücumları

Ukrayna qüvvələri sentyabrın 26-na keçən gecə Krasnodar diyarındakı İlsk neft emalı zavodunu vurub. Müəssisədə yanğın başlayıb. Ukraynanın “Fire Point” şirkətinin məlumatına görə, üç ilkin neft emalı qurğusu və çənlər parkı zədələnib, zavodun fəaliyyəti dayandırılıb. İlsk zavodunun illik emal gücü təxminən 6,6 milyon tondur (“The Kyiv Independent”).

Rostov vilayətinin Azov şəhərindəki Optik-Mexanika Zavoduna hücumda “Neptun” qanadlı raketlərindən, “Ruta”, “Palyanitsa” və “Bars” reaktiv dron-raketlərindən istifadə olunub. Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatına görə, optika və tökmə istehsalı, montaj sahəsi, qalvanika və çap plataları sexləri zədələnib. Sonradan yayılan peyk görüntülərində azı beş istehsal sexində dağıntıların olduğu bildirilib. Zavod Rusiya raketləri, artilleriya və tank əleyhinə silahlar üçün elektron və optik sistemlər istehsal edir (“Ukrainska Pravda”).

Rostov vilayətinin qubernatoru Yuri Slyusar Azovda dörd, Taqanroqda isə bir nəfərin yaralandığını açıqlayıb. Yaralananlardan biri uşaqdır. Krasnodar rəsmiləri isə iki müəssisədə baş verən yanğınlar nəticəsində üç nəfərin öldüyünü, iki nəfərin yaralandığını bildiriblər.

Ukrayna Baş Qərargahı Donetskdə Rusiya dronlarının saxlanıldığı, döyüşə hazırlandığı və buraxıldığı məntəqənin, işğal altındakı Luqansk vilayətində iki sursat anbarının, Donetsk vilayətinin Novoamvrosiyvsk yaşayış məntəqəsində isə yanacaq-sürtkü materialları bazasının vurulduğunu açıqlayıb.

Sentyabrın 28-nə keçən gecə Krasnodar diyarındakı Pavlovskaya neft bazasında da böyük yanğın qeydə alınıb. Obyekti “Exilenova+” müəyyənləşdirib, lakin Ukrayna rəsmiləri hücumla bağlı hələ açıqlama verməyiblər.

Zelenski Rusiyanın son bir həftədə Ukraynaya 2.200-dən çox zərbə dronu, təxminən 1.650 idarəolunan aviasiya bombası və 38 müxtəlif tipli raket buraxdığını bildirib. O qeyd edib ki, yaşayış binalarının, məktəblərin, uşaq bağçalarının və rabitə obyektlərinin vurulması Moskvanın gərginliyi azaltmaq fikrində olmadığını göstərir.

Ukrayna Silahlı Qüvvələrinin Üçüncü Ordu Korpusu Liman istiqamətində keçirilən “Vivaldi” əməliyyatının üçüncü mərhələsində 250-dən çox Rusiya hərbçisinin əsir götürüldüyünü bildirib. Korpusun məlumatına görə, bəzi Rusiya bölmələri zabitlər, dron operatorları və artilleriyaçılarla birlikdə tam heyətlə təslim olub. Döyüşlərin gedişində Nove, Ridkodub və Katerinivka azad edilib, Karpivka və Novomıxaylivka üzərində nəzarət bərpa olunub. Rusiya tərəfi bu məlumatlara münasibət bildirməyib.

“Politfm”