Belqrad, Serbiya, 27 sentyabr 2026 (foto: Corce Koyadinoviç / “Reuters”)

 

 

Serbiya Prezidenti Aleksandar Vuçiç vəzifəsindən istefa verib. O, oktyabrın 25-də keçiriləcək növbədənkənar parlament seçkisində hakim Serbiya Tərəqqi Partiyasının siyahısına başçılıq edəcək. Partiya seçkidə qalib gələrsə, Vuçiç baş nazir postuna namizəd olacaq.

O, parlament seçkisinə prezident kimi deyil, adi vətəndaş kimi qatılmaq istədiyini bildirib. Serbiya hökumətinin rəsmi məlumatına görə, Vuçiç sentyabrın 28-də səlahiyyətlərini parlament sədri Ana Brnabiçə təhvil verib.
Vuçiçin ikinci prezidentlik müddəti 2027-ci ilin mayında başa çatmalı idi. Konstitusiya ona üçüncü dəfə prezidentliyə namizəd olmağa imkan vermir.

Etirazların başlanğıcı: Novi Sad faciəsi

Vuçiçin istefası və erkən seçki qərarı təxminən iki ildir davam edən etirazlardan sonra verilib.
Etirazlar 2024-cü il noyabrın 1-də Novi Sad şəhərinin dəmir yolu vağzalında beton örtüyün uçması ilə başlayıb. Hadisə nəticəsində 16 nəfər ölüb. Tələbələr və fəallar faciəni tikinti zamanı yol verilmiş səhlənkarlıq, korrupsiya və dövlət qurumlarının məsuliyyətsizliyi ilə əlaqələndiriblər.
Universitet tələbələrinin günahkarların cəzalandırılması və dövlət müqavilələrinin açıqlanması tələbi qısa müddətdə ölkə miqyaslı siyasi hərəkata çevrilib. Etirazçılar artıq yalnız Novi Sad faciəsinin araşdırılmasını yox, hüququn aliliyinin təmin olunmasını, dövlət qurumlarında korrupsiyaya son qoyulmasını və azad seçki keçirilməsini istəyirlər.
Serbiya Tərəqqi Partiyası 2012-ci ildən hakimiyyətdədir. Vuçiç isə 2014–2017-ci illərdə baş nazir, 2017-ci ildən bu günə qədər prezident olub. Beləliklə, o, son 12 ildə ölkənin siyasi həyatına fasiləsiz rəhbərlik edib.

Oktyabr seçkisi tələbə hərəkatı ilə Vuçiç arasında hakimiyyət uğrunda mübarizəyə çevrilib. Müşahidəçilər bildirirlər ki, səsvermə adi parlament seçkisindən daha çox Vuçiç hakimiyyətinə etimad referendumu təsiri bağışlayır (“The Guardian”).

Prezidentlikdən baş nazirliyə 

Serbiyada icra hakimiyyətinə hökumət rəhbərlik edir. Buna görə də baş nazirin səlahiyyətləri prezidentinkindən daha genişdir. Lakin Vuçiç prezident olduğu illərdə bu bölgü çox vaxt formal xarakter daşıyıb. O, hökumətin bəzi iclaslarına sədrlik edib, əsas qərarları özü açıqlayıb və daxili siyasətin başlıca istiqamətlərini müəyyənləşdirib.
Baş nazirliyə namizəd olması Vuçiçə həm hakimiyyətini davam etdirmək, həm də şəxsən qatıldığı kampaniya ilə partiyasının seçki imkanlarını artırmaq imkanı verir.

Vuçiç son həftələrdə ölkənin müxtəlif bölgələrinə səfər edib. Hakimiyyətə yaxın televiziya kanalları bu səfərləri canlı yayımlayıb. O, yeni yolların açılışında iştirak edib, sosial yardım və ucuz dərman vədləri verib, seçicilərlə evlərində görüşüb.

Serbiyanın müstəqil Sosial Tədqiqatlar Bürosu Prezident Administrasiyasının imkanlarından hakim partiyanın təbliğatında istifadə edildiyini bildirərək şikayət verib. Vuçiç ittihamı rədd edib. “The Guardian” yazır ki, hökumətin təsiri altında olduğu bildirilən antikorrupsiya qurumları şikayətə münasibət bildirməyiblər.

Tələbələrin seçki siyahısında kimlər var?

Tələbələrin dəstəklədiyi siyahıya professorlar, müəllimlər, mütəxəssislər, idmançılar və siyasi fəaliyyəti ilə geniş tanınmayan başqa şəxslər daxil edilib.
Tələbə qrupları velosipedlə ölkənin müxtəlif şəhər və kəndlərini gəzir, seçiciləri səsverməyə çağırır və hüququn aliliyini seçkinin əsas mövzusuna çevirməyə çalışırlar.

Seçkidə Vuçiçin partiyası və tələbələrin dəstəklədiyi siyahı ilə yanaşı, Sosialist Partiyası, Avropa İttifaqına yaxın müxalifət birliyi və bir neçə kiçik siyasi qüvvə də iştirak edəcək.
Hakimiyyət etirazçılara qarşı polis gücündən istifadəyə və saxlanmalara görə tənqid olunur. Vuçiç isə hər hansı sübuta istinad etmədən xarici qüvvələrin, müxalifətin və tənqidi medianın dövləti zəiflətməyə çalışdığını deyir. O, RTS televiziyasına müsahibəsində xaricdəki və daxildəki bəzi qüvvələrin seçki gecəsi iğtişaş yaratmaq niyyətində olduğunu iddia edib.

Prezident səlahiyyətlərini Ana Brnabiç icra edəcək

Vuçiç səlahiyyətlərini parlamentin sədri və yaxın siyasi müttəfiqi Ana Brnabiçə təhvil verib. Brnabiç yeni prezident seçilənədək dövlət başçısı vəzifəsini icra edəcək.
Serbiya qanunlarına görə, parlament sədri bu vəzifədə ən çox üç ay qala bilər. Prezident seçkisi də həmin müddətdə — 2026-cı ilin dekabr ayının sonunadək keçirilməlidir.
Parlament seçkisindən sonra prezident səlahiyyətlərini icra edən şəxs siyasi qüvvələrlə məsləhətləşərək baş nazirliyə namizədi parlamentə təqdim edir. Onu və hökumətin digər üzvlərini isə deputatlar səsvermə yolu ilə seçirlər.

Serbiyanın siyasi istiqaməti müəyyənləşəcək

Vuçiç sentyabrın 9-da parlamenti buraxaraq oktyabrın 25-nə növbədənkənar seçkini təyin etmişdi. O, qərarını ölkədə uzun müddətdir davam edən gərginlik və fikir ayrılıqları ilə əsaslandırmışdı.
Seçkinin nəticəsi Serbiyanın xarici siyasətinə də təsir göstərəcək. Son illərdə ölkənin Avropa İttifaqına üzvlük prosesi irəliləmir. Brüssel Serbiyada demokratik institutların zəifləməsini və medianın vəziyyətini tənqid edir. Belqradın Ukrayna müharibəsinə görə Rusiyaya tətbiq edilən sanksiyalara qoşulmaması da münasibətləri mürəkkəbləşdirən məsələlərdəndir.

Vuçiç seçkidə qalib gələrək baş nazir olarsa, hakimiyyətin bir postdan digərinə keçməsi baş verəcək. Tələbə hərəkatı qalib gələrsə, Serbiya Tərəqqi Partiyasının 14 illik hakimiyyəti başa çatacaq.

“Politfm”