Foto: “Reuters”

 

 

Türkiyə ilə İraq təhlükəsizlik sahəsində yeni razılaşma əldə ediblər. Türkiyə qüvvələri Mosul yaxınlığındakı Başika-Zilkan hərbi bazasını tədricən İraq hökumətinə verəcək. Bağdad isə Sincarı tam nəzarətə götürəcək və qadağan edilmiş xarici silahlı dəstələrin bölgədə qalmasına son qoyacaq (“yenişafak.com”).

Razılaşma sentyabrın 23-də Nyu-Yorkda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İraqın Baş naziri Əli Zeydi arasında keçirilən görüşdən sonra açıqlanıb. Liderlər BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorkda idilər.

Görüşdən sonra yayılan birgə bəyanata əsasən, bazanın təhvil verilməsi Sincarda görüləcək işlərlə əlaqələndirilir. İraq hökuməti bölgədə təhlükəsizliyi və idarəetməni öz əlinə aldıqca, Türkiyə hərbçiləri bazanı tərəflərin razılaşdığı plan üzrə təhvil verəcək.
Sənəddə prosesin başa çatacağı tarix göstərilmir.

PKK-nın adı rəsmi sənəddə yoxdur

Birgə bəyanatda konkret təşkilatın adı çəkilmir. Sənəddə yalnız Sincardakı “qadağan edilmiş xarici silahlı dəstələr”dən danışılır.

Ankara uzun müddətdir bildirir ki, Sincarda PKK və onunla əlaqəli yerli silahlı dəstələr fəaliyyət göstərir. Türkiyə həmin qrupları öz təhlükəsizliyi üçün təhdid sayır.

Sincar İraqın Nineva əyalətində, yezidilərin yığcam yaşadığı bölgədir. İŞİD 2014-cü ildə ora hücum edəndən sonra əraziyə bir neçə silahlı birlik yerləşdi. İraq ordusunun, peşmərgənin, Həşdi-Şəabiyə bağlı dəstələrin və PKK ilə əlaqəli yerli qüvvələrin eyni bölgədə olması vahid idarəetmənin qurulmasını çətinləşdirdi.
Yeni razılaşmaya əsasən, Sincarda təhlükəsizliyə və idarəetməyə yalnız İraq dövlətinin rəsmi qurumları cavabdeh olmalıdır.

Başika niyə mübahisə doğururdu?

Türkiyə Başika-Zilkan bazasını 2015-ci ildə yerli qüvvələrə İŞİD-lə mübarizə təlimi vermək üçün yaratmışdı. İraq hökuməti Türkiyə hərbçilərinin Bağdadın razılığı olmadan ölkəyə gətirildiyini bildir və onların geri çəkilməsini tələb edirdi. Ankara isə düşərgənin İraq tərəfinin əvvəlki razılığı ilə yaradıldığını deyirdi. Sonrakı illərdə bu məsələ iki ölkə arasında əsas mübahisə mövzularından birinə çevrildi.

Türkiyə ilə İraq 2024-cü ildə Başikanı İraq ordusunun idarə etdiyi birgə təlim mərkəzinə çevirmək barədə razılığa gəldi. Amma Ankara həmin vaxt açıqlama verib bildirdi ki, saziş Türkiyə hərbçilərinin İraqdan çıxarılmasını nəzərdə tutmur.

Yeni sənəddə isə Türkiyə qüvvələrinin Başika-Zilkan bazasını İraqın federal hökumətinə təhvil verəcəyi yazılıb. Buna görə indiki razılaşma 2024-cü ildə qəbul edilən qərardan daha genişdir.
Bununla belə, sənəddə Türkiyənin İraqdakı bütün hərbi qüvvələrini çıxaracağı qeyd olunmayıb. Razılaşma yalnız Başika-Zilkan bazasına aiddir.

“İnkişaf Yolu”nun tikintisi sürətləndiriləcək

Ərdoğanla əl-Zeydi ticarəti və qarşılıqlı sərmayə qoyuluşlarını artırmaq barədə də razılığa gəliblər. Bundan əvvəl imzalanmış sazişlər yubanmadan icra edilməli, ortaq layihələr sürətləndirilməlidir.

Onların ən əhəmiyyətlisi “İnkişaf Yolu” layihəsidir. Bəsrə körfəzindən başlayıb İraq və Türkiyə ərazisindən keçməklə Avropaya uzanması nəzərdə tutulan marşrut dəmir yolu, avtomobil yolu, liman və logistika mərkəzlərini birləşdirəcək.

Razılaşma Bağdadla Ankaranın ayrı-ayrı tələblərini uzlaşdırır. İraq öz ərazisindəki mübahisəli bazanın idarəsetməsini geri alacaq. Türkiyə isə Sincarda xarici silahlı dəstələrin qalmasına son qoyulması barədə İraqdan açıq öhdəlik alıb.
Ancaq iki əsas sual hələ cavabsızdır: Başika-Zilkan bazası nə vaxt tam təhvil veriləcək və Sincardan hansı silahlı qruplar çıxarılacaq?

“Politfm”