Foto: “president.gov.ua”
Ukrayna Prezidenti Volodimir Zelenski “Karpat səkkizliyi” adlanan yeni beynəlxalq əməkdaşlıq formatının yaradıldığını elan edib.
“Biz C8 – ‘Karpat səkkizliyi’ adlı yeni formata start veririk. Bu format bizi və Avropadakı qonşularımızı – Rumıniya, Serbiya, Polşa, Slovakiya, Çexiya, Avstriya, Macarıstan və əlbəttə ki, bütövlükdə Avropa İttifaqını bir araya gətirir” – Zelenski belə deyib.
Beləliklə, C8-in səkkiz üzvü Ukrayna, Rumıniya, Serbiya, Polşa, Slovakiya, Çexiya, Avstriya və Macarıstandır. Avropa İttifaqı isə formatın fəaliyyətinə ayrıca tərəf kimi cəlb olunur.
C8 ölkələrinin təhlükəsizlik, energetika, logistika, investisiya və sərhədyanı iqtisadiyyat sahələrində əməkdaşlıq etməsi nəzərdə tutulur. Təşəbbüsün məqsədi Karpat regionunu siyasi dialoqdan konkret birgə layihələrə qədər uzanan vahid təhlükəsizlik və iqtisadi inkişaf məkanına çevirməkdir.
“Karpat səkkizliyi”nin təsis sammiti sentyabrın 18-də Ukraynanın İvano-Frankovsk vilayətində başlayıb. Bukoveldə keçirilən tədbir sentyabrın 20-dək davam edəcək.
Sammitə Polşanın Baş naziri Donald Tusk, Serbiya Prezidenti Aleksandar Vuçiç və Rumıniya Prezidenti Nikuşor Dan qatılıblar. Digər üzv ölkələr müxtəlif səviyyəli nümayəndə heyətləri ilə təmsil olunurlar.
Slovakiyanın Baş naziri Robert Fitso əvvəlcə Ukraynaya gedəcəyini açıqlasa da, sammitə qatılmayıb. Slovakiya mediası səfərin onun səhhətində yaranmış problemlərə görə ləğv edildiyini yazıb. Bu ölkə də sammitdə daha aşağı diplomatik səviyyədə təmsil olunur (“Ukrainska Pravda”).
C8-in özünəməxsus cəhətlərindən biri Ukraynaya hərbi yardım məsələsində fərqli mövqelər tutan ölkələri eyni formatda birləşdirməsidir. Polşa, Rumıniya və Çexiya Kiyevin əsas tərəfdarları sırasındadırlar. Macarıstan və Slovakiya isə Ukraynaya silah verilməsinə qarşı çıxırlar. Avstriya və Serbiya hərbi neytrallıq siyasəti yürüdürlər. Ona görə də yeni formatın əsas fəaliyyət sahəsinin hərbi yardım deyil, regional təhlükəsizlik, iqtisadiyyat, nəqliyyat və enerji əlaqələri olacağı gözlənilir.
Ukrayna müharibəsindən sonra yaradılmış digər əməkdaşlıq formatları
“Karpat səkkizliyi” Rusiyanın genişmiqyaslı hücumundan sonra Avropada yaradılmış ilk əməkdaşlıq platforması deyil. 2022-ci ilin fevralından etibarən siyasi dialoq, Ukraynaya yardım və Avropanın müdafiəsi üçün bir sıra yeni formatlar meydana çıxıb.
Avropa Siyasi Birliyi — 2022
Avropa Siyasi Birliyinin ilk sammiti 6 oktyabr 2022-ci ildə Praqada keçirilib. Format Avropa İttifaqına daxil olan və olmayan Avropa ölkələrinin liderlərini eyni masa ətrafında toplamaq üçün yaradılıb. İlk toplantıda 44 ölkə təmsil olunub.
Təşəbbüsün əsas məqsədi bütün Avropa qitəsində siyasi dialoqu gücləndirmək; təhlükəsizlik, enerji, iqtisadiyyat, miqrasiya və nəqliyyat məsələləri üzrə əməkdaşlığı genişləndirməkdir. Onun yaradılmasına Rusiyanın Ukraynaya hücumunun Avropa üçün doğurduğu təhlükəsizlik və enerji böhranı bilavasitə təsir göstərib.
Avropa Siyasi Birliyi müqaviləyə əsaslanan ayrıca beynəlxalq təşkilat deyil.
“Ramştayn” qrupu — 2022
Rəsmi adı Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupu olan “Ramştayn” formatı 26 aprel 2022-ci ildə ABŞ-nin təşəbbüsü ilə yaradılıb. Almaniyadakı Ramştayn aviabazasında keçirilən ilk görüşə 40-dan çox ölkə qatılıb, daha sonra iştirakçıların sayı 50-ni keçib.
Format Ukraynanın silah, sursat, hava hücumundan müdafiə sistemləri və hərbi təlim ehtiyaclarının əlaqələndirilməsi ilə məşğuldur. Bu, sırf Avropa təşkilatı deyil, lakin toplantıları əsasən Avropada keçirilən və Ukraynaya hərbi yardımın böyük hissəsini koordinasiya edən siyasi-hərbi platformadır.
Avropa Səma Qalxanı Təşəbbüsü — 2022
Almaniyanın təşəbbüsü ilə 13 oktyabr 2022-ci ildə yaradılan bu format Avropada vahid və çoxpilləli hava-raket müdafiəsinin gücləndirilməsini nəzərdə tutur. İlkin sənədi 14 NATO ölkəsi və o zaman alyansa üzv olmayan Finlandiya imzalayıb.
Layihə iştirakçı ölkələrin hava hücumundan müdafiə sistemlərini və raketlərini birlikdə almasına, sistemləri NATO-nun ümumi müdafiə şəbəkəsinə inteqrasiya etməsinə yönəlib. Təşəbbüs Rusiyanın Ukrayna şəhərlərinə raket zərbələrinin Avropanın hava müdafiəsindəki boşluqları üzə çıxarmasından sonra meydana gəlib. NATO
“Veymar+” formatı — 2025
“Veymar+” Fransa, Almaniya və Polşanın daxil olduğu əvvəlki “Veymar üçbucağı”nın genişləndirilmiş formasıdır. 2025-ci ilin fevralından bu ad altında keçirilən görüşlərdə İtaliya, İspaniya, Böyük Britaniya, Ukrayna və Avropa İttifaqı nümayəndələri də iştirak ediblər.
Formatın əsas məqsədi Ukraynaya dəstəyin, Avropanın müdafiə imkanlarının və mümkün sülh danışıqlarına dair ümumi mövqenin əlaqələndirilməsidir. İştirakçılar Ukrayna və Avropanın iştirakı olmadan Ukrayna müharibəsi ilə bağlı danışıqlar aparılmamalı olduğunu bildiriblər.
“Könüllülər koalisiyası” — 2025
Böyük Britaniya və Fransanın rəhbərlik etdiyi “Könüllülər koalisiyası” 2025-ci ilin martında Londonda keçirilən Ukrayna sammitindən sonra formalaşıb. Hazırda bu platformada 30-dan çox ölkə iştirak edir.
Koalisiya Ukraynaya cari hərbi dəstəyin davam etdirilməsi ilə yanaşı, mümkün atəşkəsdən sonra ölkəyə təhlükəsizlik təminatlarının verilməsini və Rusiyanın mümkün yeni hücumunun qarşısını alacaq çoxmillətli qüvvənin yaradılmasını planlaşdırır. Koalisiyanın daimi qərargahı Parisdə yerləşir, gələcəkdə Kiyevdə koordinasiya mərkəzinin yaradılması nəzərdə tutulur.
Bu platformaların əksəriyyəti klassik beynəlxalq təşkilat deyil. Onların təsis müqaviləsi, daimi katibliyi və ya bütün üzvlər üçün hüquqi öhdəlik yaradan qərar mexanizmi yoxdur. Bunlar əsasən müəyyən problemin həlli üçün yaradılmış siyasi, hərbi və regional koordinasiya formatlarıdır. “Karpat səkkizliyi”nin onlardan fərqi regional iqtisadiyyat və sərhədyanı əməkdaşlığı ön plana çəkməsidir.
“Politfm”



