Foto: internet
Azərbaycanda xüsusi karantin rejiminin müddəti gələn ilin əvvəlinə kimi uzadılıb. Baş nazir Əli Əsədov sentyabrın 17-də bununla bağlı qərar imzalayıb.
Sənədə əsasən, “koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının və onun mümkün fəsadlarının qarşısının alınması məqsədilə” rejim 2027-cı il yanvarın 2-si saat 06:00-dək qüvvədə qalacaq. Ötən qərara görə, bu müddət oktyabrın 1-də başa çatmalı idi.
Azərbaycanda karantin rejimi 2020-ci ilin martından etibarən tətbiq edilir. Yoluxma dinamikasından asılı olaraq qaydalar zaman-zaman sərtləşdirilsə və ya yumşaldılsa da, rejimin müddəti dəfələrlə uzadılıb.
Bu məhdudiyyətlər çərçivəsində Azərbaycanın quru sərhədləri hələ də bağlıdır. İstisna hal kimi bu il mayın 26-da Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa edilib.
İlk dəfə 2019-cu ilin sonunda aşkarlanan koronavirusu ÜST 2020-ci il martın 11-də pandemiya elan edib. Dünyada təxminən 7 milyon insanın bu xətəlikdən öldüyü bildirilir.
Rəsmi statistikaya görə, Azərbaycanda indiyədək 834 mindən çox yoluxma faktı qeydə alınıb, vəfat edənlərin sayı isə 10 min 400 nəfərə çatıb.
Son iki ildə Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə yeni yoluxma halları ilə bağlı məlumat yaymayıb.



