ABŞ Konqresinin Nümayəndələr palatası (foto: internet)
ABŞ Konqresinin Nümayəndələr Palatası mərhum senator Lindsi Qrehemin təşəbbüsü ilə Rusiya və İrana qarşı hazırlanmış yeni sanksiyalar paketini qəbul edib. 262 konqresmen sənədin lehinə, 159-u əleyhinə səs verib.
Qanun layihəsi imzalanmaq üçün prezident Donald Trampa göndəriləcək.
“The Atlantic” nəşrində iki gün əvvəl dərc olunmuş məqalədə qeyd edilirdi ki, Ukraynaya dəstək tədbiri kimi təqdim olunan bu qanunun əsas nəticəsi Rusiyaya təzyiqin artması yox, prezidentin tarif səlahiyyətlərinin genişlənməsi ola bilər.
Məqalənin müəllifi Tomas Rayt Trampın bu səlahiyyətlərdən Rusiyaya qarşı istifadə edəcəyinə şübhə ilə yanaşır. İran müharibəsi başlayandan sonra neftin bahalaşmasının qarşısını almaq üçün Tramp Rusiya neftinə tətbiq edilən bəzi sanksiyaları yumşaltmışdı.
Neft qiymətlərinin yüksək qaldığı və Konqresə aralıq seçkilərinə təxminən bir ay qaldığı bir vaxtda Ağ Evin Rusiyanın enerji ixracını daha da məhdudlaşdıracağı inandırıcı görünmür. Administrasiya Konqresdə hər iki partiyanın dəstəklədiyi mövcud sanksiyaların bir qismini də tam icra etməyib.
Bundan başqa, Tramp bu yaxınlarda Cared Kuşner və Stiv Uitkoffu Moskvaya göndərərək bildirmişdi ki, Ukrayna müharibəsində gərginliyin müəyyən qədər azaldılması müqabilində sanksiyalar yumşaldıla bilər.
Nümayəndələr Palatasının Qaydalar Komitəsindəki demokratlar layihənin riskli müddəalarını məhdudlaşdırmağa çalışıblar. Onlar:
– Avropa İttifaqının vahid ölkə kimi qiymətləndirilməsini qadağan etməyi;
– prezidentin sanksiyaları dayandırmaq səlahiyyətini məhdudlaşdırmağı;
– Rusiyadan başqa, digər ölkələrə qarşı geniş tarif tətbiqinə imkan verən bölməni çıxarmağı təklif ediblər.
Bu təkliflərin hamısı komitədə 3 səsə qarşı 7 səslə rədd edilib. Konqresin rəsmi sənədləri də bunu təsdiqləyir.
Raytın qənaətinə görə, həmin məhdudiyyətlər olmadan layihə Ukraynaya real yardım göstərən vasitədən daha çox, Trampa ABŞ-nin müttəfiqləri və tərəfdaşları ilə tarif müharibəsini yenidən genişləndirmək üçün hüquqi əsas verir. Müəllif hesab edir ki, Ukraynaya simvolik siyasi dəstək nümayiş etdirmək naminə belə bir riskə getməyə dəyməz.
“Politfm”



