Foto: EPA

 

 

İrandakı “Can fəda” kampaniyasının təşkilatçıları hərbi və xilasetmə hazırlığı keçəcək 1000 könüllü tabor yaradılacağını bildiriblər.

Kampaniyanın sözçüsü Sasan Zare Tehranda keçirilən mətbuat konfransında deyib ki, ilk 1000 tabor üçün elektron qeydiyyat sentyabrın 15-də açılıb və ayrılmış yerlər 100 dəqiqədən az müddətdə dolub (“Tehran Times”).

Kampaniyaya ABŞ və İsrailin İrana ilk hücumlarından bir ay sonra – martın 29-da start verilib. Təşkilatçılar bildiriblər ki, məqsəd ölkənin müdafiəsinə, xilasetmə işlərinə və digər ictimai fəaliyyətlərə əhalinin könüllü cəlb edilməsidir.

Taborların təşkilinə gələn həftə başlanacaq

Zarenin sözlərinə görə, taborların yaradılması İranın silahlı qüvvələri ilə razılaşdırılıb. Qeydiyyatdan keçən könüllülərə hərbi və ilkin yardım təlimlərinin keçirilməsi nəzərdə tutulur.
Taborların təşkilinə gələn həftə başlanacağı, kampaniya iştirakçılarının müdafiə ilə bağlı başqa sahələrdəki fəaliyyətinin isə sonradan açıqlanacağı bildirilir.

Təşkilatçıların açıqladığı rəqəmlər

Sasan Zare kampaniya çərçivəsində 31 milyondan çox insanın qeydiyyatdan keçdiyini deyib. Onun sözlərinə görə, qeydiyyatdan keçənlərin:

• 68 faizi kişi, 32 faizi qadındır;
• 60 faizdən çoxunun yaşı 46-dan aşağıdır;
• 26 faizi hərbi və təhlükəsizlik fəaliyyətlərinə;
• 20 faizi xilasetmə və yardım işlərinə;
• 20 faizi sosial xidmətlərə;
• 17 faizi mədəniyyət və media fəaliyyətlərinə;
• 13 faizi mütəmadi maliyyə yardımına;
• 5 faizi isə digər xidmət sahələrinə qoşulmaq istədiyini bildirib.

31 milyonluq qeydiyyat iddiası təsdiqlənmir

“Tehran Times” 31 milyondan çox insanın kampaniyada qeydiyyatdan keçməsi barədə məlumatı Sasan Zarenin açıqlaması əsasında yayıb.
İranda fəaliyyət göstərən “FactNameh” faktyoxlama platforması may ayında bu iddianı araşdıraraq “yanlış” qiymətləndirib. Platforma qeydiyyatın aparılması və iştirakçıların sayılması barədə yoxlanıla bilən məlumatların açıqlanmadığını bildirib.

Kampaniyanın ictimaiyyətə açıq qeydiyyat formasında ad və yaşayış yerini göstərmək məcburi deyil, yaş və cins barədə isə ümumiyyətlə məlumat tələb olunmur. Ona görə də 31 milyonluq say göstəricisinin, eləcə də iştirakçıların yaş və cins üzrə bölgüsünün hansı metodla hesablandığı aydın deyil.

“Politfm”