Polşa–Ukrayna sərhədinə HESCO istehkamları aparılır; 15 sentyabr 2026 (foto: Polşa Müdafiə Nazirliyi)

 

 

Polşa sərhədinə yaxın Ukrayna ərazilərinin Rusiya dronları ilə vurulmasından sonra Varşava keçid məntəqələrində təhlükəsizlik tədbirlərini gücləndirib. Sərhədçilərə kömək üçün bölgəyə hərbi mühəndislər göndərilib. Hökumətin qərarı ilə sərhəd xidmətinin istifadə etdiyi məntəqələr və digər obyektlər möhkəmləndirilir.

Baş nazirin müavini və müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib ki, Rusiyanın hərəkətləri bütün Avropanın təhlükəsizliyi üçün təhdid yaradır.

18-ci və 4-cü mühəndis alaylarının hərbçiləri Dorohusk, Medıka və Korçova keçidlərinin yaxınlığında müşahidə və mühafizə postları qururlar. Burada HESCO tipli müvəqqəti sədlərdən də istifadə edilir. Onlar möhkəm parça ilə örtülmüş metal torlardan hazırlanır, içərisinə qum və torpaq tökülür. Belə sədlər insanları və obyektləri partlayış dalğasından və qəlpələrdən qorumağa kömək edir.
İşlər Polşanın “Şərq qalxanı” müdafiə proqramı çərçivəsində aparılır.

Baş nazir Donald Tusk deyib ki, yaxın aylarda Ukrayna ilə sərhəddəki keçidlərdə gücləndirilmiş təhlükəsizlik tədbirləri tətbiq ediləcək. Hərbçilər, sərhədçilər, polis və gömrük əməkdaşları arasında əlaqə sıxlaşdırılacaq. Keçidlərdə avtomobillərin, xüsusilə yanacaq daşıyan maşınların uzun növbələr yaratmasının qarşısını almaq da nəzərdə tutulur.

Podkarpatye bölgəsinin rəhbəri Tereza Kubas-Hul keçidlərin təhlükəsizliyi ilə bağlı böhran qərargahının toplanacağını açıqlayıb. Məntəqələrin fövqəladə vəziyyətdə insanları sürətlə təxliyə etmək imkanları yoxlanılacaq. Sərhədçilərə dəbilqə və zirehli jiletlər veriləcək, onlar üçün sığınacaq yerləri hazırlanacaq.

Sentyabrın 13-də Rusiyanın Ukraynaya zərbələri Polşa sərhədinə təhlükəli dərəcədə yaxınlaşıb. Kosinyak-Kamışın sözlərinə görə, dronlardan biri sərhəddən təxminən bir kilometr, digəri isə beş kilometr aralıda hədəfə dəyib.
Ukrayna dəmir yolu şirkətinin məlumatına əsasən, həmin gecə Yaqodın stansiyasında Kiyev–Varşava qatarının lokomotivi də vurulub. Sərnişinlər hücumdan təxminən 15 dəqiqə əvvəl təxliyə edildiyindən ölən və yaralanan olmayıb (AP). Yaqodın stansiyası Polşadakı Dorohusk keçidindən cəmi bir neçə kilometr aralıda yerləşir.

Tusk xəbərdarlıq edib ki, Rusiya yaxın həftələrdə və aylarda Ukraynanın Avropa ölkələri ilə sərhədində hücumları və təxribatları artıra bilər. Onun sözlərinə görə, məqsəd keçidlərin işini pozmaq, onları iflic vəziyyətinə salmaq və ya sıradan çıxarmaq ola bilər. Bu isə Ukrayna ilə yanaşı, sərhədin o biri tərəfindəki ölkələrə də təsir göstərəcək.

Rusiyanın digər qonşuları da sərhədləri möhkəmləndirir

Avropanın Rusiya ilə sərhədi olan digər ölkələri də təhlükəsizlik tədbirlərini genişləndiriblər. Finlandiya, Estoniya, Latviya və Litva da Rusiya ilə sərhəddə hasarlar, bunkerlər, tank əleyhinə xəndəklər və bir sıra başqa maneələr yaradırlar.

Finlandiya sentyabrın əvvəlində Rusiya ilə sərhəd boyunca ümumi uzunluğu 200 kilometr olan təhlükəsizlik hasarının tikintisini başa çatdırıb. Bu, ölkənin Rusiya ilə 1340 kilometrlik sərhədinin təxminən 15 faizini əhatə edir. Hasarın əsas hissəsi keçid ehtimalının daha yüksək olduğu cənub-şərq bölgəsində qurulub. Sərhəd yolları, kameralar, işıqlandırma və digər müşahidə vasitələri də yenilənib.

Layihə Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu başlayandan dərhal sonra hazırlanıb. 2023-cü ildə Rusiyadan Finlandiyaya vizasız gələn 1300-dən çox miqrantın sərhədə yönəldilməsi Helsinkidə bunun təzyiq vasitəsi kimi istifadə edildiyi qənaətini gücləndirmişdi. Həmin vaxtdan etibarən Finlandiya Rusiya ilə quru sərhədini bağlayıb.

Estoniya, Latviya və Litva isə “Baltik müdafiə xətti” adlı ortaq layihəni həyata keçirirlər. Məqsəd Rusiya və Belarus istiqamətindən mümkün hücumu sərhəddə ləngitmək və öz ordularına müdafiə mövqelərini tutmaq üçün vaxt qazandırmaqdır.

Estoniya indiyədək cənub-şərq sərhədində 28 bunker quraşdırıb və 10 kilometrdən çox tank əleyhinə xəndək qazıb. Sərhədə yaxın anbarlara 20 mindən çox beton maneə – “əjdaha dişi” daşınıb. Ümumi plana gör, toplam 600 bunker hazırlanmalıdır.

Latviya Rusiya və Belarusla sərhəd boyunca 400 kilometrdən çox müdafiə xətti yaradır. Tank əleyhinə xəndəklər qazılır, yolların bağlanması üçün beton və metal maneələr yaradılır, partlayıcı maddələr və minalar üçün qorunan anbarlar hazırlanır. Artıq sərhəd boyunca bu avadanlığın saxlanıldığı 20-dən çox məntəqə yaradılıb. Plana körpü, dəmir yolu və əsas avtomobil yollarının mümkün hücum zamanı düşmənin irəliləyişini ləngidəcək şəkildə hazırlanması da daxildir.

Litva hökuməti isə avqust ayında Rusiya ilə Kalininqrad və Belarus istiqamətində yeni müdafiə zolaqlarının yaradılmasına razılıq verib. Sərhəd boyunca 20 metr enində xüsusi zolaq ayrılacaq, hərbi baxımdan mühüm sayılan ərazilərdə onun eni 150 metrə çatacaq. Beton sədlər və digər maneələr üçün 50 saxlama məntəqəsi yaradılacaq. Bəzi bataqlıq ərazilərin bərpası da nəzərdə tutulur: məqsəd ağır hərbi texnikanın hərəkətini çətinləşdirən təbii maneələr yaratmaqdır.

“Politfm”