İllüstrasiya: Sİ

 

 

Ukrayna müharibəsi uzandıqca Vladimir Putin öz təhlükəsizliyinə daha çox qüvvə ayırır, daha az adamla görüşür və getdikcə daha dar çevrədən məlumat alır. Rusiyanın təhlükəsizlik orqanlarında gözlənilən kadr dəyişiklikləri isə Putinin yaxınları arasında nüfuz savaşının qızışdığı barədə ehtimalları artırıb.

Rusiya prezidenti təxminən altı ay idi ki, bölgələrə getmirdi. Sentyabrın 18–20-də keçiriləcək parlament seçkiləri onu yenidən “bunkerdən” çıxmağa məcbur edib. Ancaq indi prezidentin hər səfərindən əvvəl bütöv bir müdafiə xətti qurulur.

Putin zirehli limuzinlə hərəkət edir, onu silahlı adamlarla dolu maşınlar müşayət edir. Səfər etdiyi ərazilərdə hava hücumundan müdafiə vasitələri yerləşdirilir, hər tərəfdə silahlı mühafizəçilər və hərbçilər görünür. Onun müxtəlif ünvanlardakı iqamətgahlarında bir-birinin eyni olan kabinetlər hazırlanıb. Beləliklə, televiziyada göstərilən kadrlardan prezidentin harada olduğunu müəyyənləşdirmək çətinləşir.

Bu hazırlıq ilk növbədə Ukrayna dronlarından qorunmaq üçündür. Lakin məsələ fiziki təhlükəsizliklə bitmir. Müharibə uzandıqca, Putin xarici aləmdən uzaqlaşır, görüşdüyü adamların sayını azaldır və ətrafındakı mühafizə səddini qalınlaşdırır.

Rusiya Ukraynaya dörd il yarım əvvəl hücum edib, amma Kreml qısa müddətdə başa çatdırmaq istədiyi müharibədə hələ də həlledici nəticə əldə etməyib. Döyüşlərin beşinci ilə keçməsi Putinin verdiyi qərarın uğursuzluqla nəticələnə biləcəyi ehtimalını da artırır.
“The Economist”-in sentyabrın 1-də istinad etdiyi mənbənin sözlərinə görə, Putin yaxın adamlarından birinə “Məni asacaqlar” deyib. Onun kimləri nəzərdə tutduğu bilinmir. Söhbət xarici düşməndən də gedə bilər, hakimiyyət dəyişikliyi variantında ölkədə üzləşəcəyi aqibətdən də.

“Le Monde”-a danışan rusiyalı politoloq hesab edir ki, Putin öz taleyini müharibənin nəticəsindən asılı vəziyyətə salıb, ona görə də hərbi məğlubiyyəti yalnız dövlətin nüfuzuna zərbə kimi görmür; məğlubiyyət şəxsən onun hakimiyyətini və təhlükəsizliyini də sual altına sala bilər.

Təhlükəsizlik orqanları hakimiyyətin şərikinə çevrilib

Putinin 25 illik hakimiyyəti dövründə təhlükəsizlik və hüquq-mühafizə orqanlarının dövlət idarəçiliyində çəkisi durmadan artıb. Bu gün həmin qurumların ən güclüsü sovet DTK-sının varisi olan Federal Təhlükəsizlik Xidmətidir.
Prezidentin mühafizəsinə cavabdeh Federal Mühafizə Xidməti də Ukrayna müharibəsi başlanandan sonra ciddi ölçüdə genişləndirilib. 2022-ci ildən sonra verilən dörd fərman nəticəsində Putinin təhlükəsizliyini təmin edən əsas bölmənin əməkdaşlarının sayı 800 nəfəri keçib. Onların arasında dronları zərərsizləşdirmək üzrə mütəxəssislər və prezidentə verilən yeməkləri yoxlayan şəxslər də var.

Federal Mühafizə Xidmətində neçə nəfərin işlədiyi rəsmən açıqlanmır. Ehtimallara görə, qurumun 50 mindən çox əməkdaşı var.
Kremlin sərəncamında bundan qat-qat böyük silahlı qüvvə də mövcuddur. Təxminən 370 min əməkdaşı olan Milli Qvardiyaya Putinin keçmiş mühafizəçisi Viktor Zolotov rəhbərlik edir. Qvardiya ölkə daxilində etirazları yatırır, əhaliyə nəzarət edir və Ukrayna cəbhəsinə döyüşçü toplamaq prosesində iştirak edir. Qvardiyanın bölmələri işğal edilmiş Ukrayna şəhərlərində də yerləşdirilib.

Bu qurumları birləşdirən əsas cəhət Putinə sədaqətdir. Ancaq onların rəhbərləri arasında həm yüksək vəzifələr, həm dövlətin pulları, həm də iri şirkətlərə təsir imkanı uğrunda mübarizə gedir. Prezidentə yaxın olan məmur öz rəqibi barədə ona məlumat çatdıra, cinayət işinin açılmasına və ya bağlanmasına təsir göstərə bilir.

“Le Monde”-a danışan şəxs bu çevrədə nəsil fərqinin də yarandığını deyir. Yaşlı rəhbərlər karyeralarını və var-dövlətlərini birbaşa Putinə borcludurlar. Onlardan sonra gələnlər isə öz gələcəklərini daha çox mövcud idarəetmə sisteminin davam etməsində görürlər. Ağır böhran şəraitində onlar Putinin şəxsi hakimiyyətini yox, öz mövqelərini qorumağa çalışa bilərlər.

Susmaq təhlükəsizliyin əsas şərtinə çevrilib

Təhlükəsizlik orqanlarının artan təsiri gündəlik həyatda da hiss olunur. Müharibə əleyhinə açıq danışanların sayı azalıb. İş yerində, məktəbdə, universitetdə və hətta ailə daxilində deyilən söz sonradan şikayət mövzusuna çevrilə bilir.
Müəllimlər şagirdlərdən, şagirdlər müəllimlərdən, işçilər həmkarlarından şikayət edirlər. Bəzi şəhərlərdə sakinləri “xainlərə qarşı ayıq olmağa” çağıran plakatlar asılıb.
Aktyorlarının hakimiyyəti tənqid etməməsinə nəzarət olunur. Kitab mağazaları və kitabxanalar yoxlanılır. Nəşriyyatlar hakimiyyətin etirazına səbəb ola biləcək fikirləri mətnlərdən çıxarırlar. FSB sosial şəbəkələrdə yazılan şərhləri araşdırır. Bəzən bir paylaşım çoxillik həbs cəzasına səbəb olur.

Hüquq müdafiəçiləri Rusiyada 3 mindən 4 600-dək siyasi məhbus olduğunu bildirirlər. Müharibədən əvvəl dövlətə xəyanət və casusluq ittihamı ilə ildə 10–15 cinayət işi açılırdısa, 2022-ci ildən sonra azı 1.635 nəfər belə ittihamlarla üzləşib.
Putin bu təqiblərin siyasi əsasını hələ 2022-ci ilin martında yaratmışdı. Ukraynaya hücumdan üç həftə sonra o, Rusiya cəmiyyətinin “xainlərdən təmizlənəcəyini” demişdi. FSB, Milli Qvardiya və digər qurumlar bu sözləri sərbəst hərəkət etmək üçün göstəriş kimi qəbul etmişdilər.

Koronavirus pandemiyası zamanı Putin ancaq yaxın çevrəsi ilə görüşürdü. Bu təcrid pandemiyadan sonra da aradan qalxmadı, müharibə onu daha da dərinləşdirdi.
Kremlə yaxın olmuş keçmiş məmurlardan biri “Le Monde”-a deyib ki, Putin artıq etiraz eşitmək istəmir. Kimsə şübhəsini dilə gətirəndə həmin şəxsin kənardan yönləndirildiyini düşünür. Buna görə də artıq ona ancaq eşitmək istədiyi sözləri deyirlər.

“Putinə qarşı çevriliş hazırlanır” xəbəri doğrudurmu?

Rusiyalı müxalif şərhçilərin son günlər “YouTube” kanallarında səsləndirdikləri “çevriliş planı” iddiası ilk dəfə VÇK-OGPU “Telegram” kanalında və “Rucriminal.info” saytında, təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən yayımlanıb.

Həmin mənbənin dediyinə görə, Putinin keçmiş mühafizəçilərindən ibarət olan bir qrup nüfuzlu şəxs prezidentə ona qarşı plan hazırlandığını deyib. Onlar bildiriblər ki, milyarder Arkadi Rotenberqin ətrafındakı şəxslərin həbsi sadə cinayət araşdırması deyil, guya bu cinayət işləri Rotenberqə zərbə vurmaqla Putinin özünü zəiflətmək üçün açılıb.
Rotenberq Putinin köhnə dostu və keçmiş cüdo tərəfdaşıdır. Onun şirkətləri uzun illər dövlətin ən iri və bahalı layihələrini həyata keçirib. Son vaxtlar isə Rotenberqə yaxın şəxslərin ard-arda həbs edilməsi biznesmenin əvvəlki nüfuzunu itirdiyi barədə xəbərlərə səbəb olmuşdu.

Həbslərdə FSB-nin İqtisadi Təhlükəsizlik Xidmətinin əsas rol oynadığı deyilirdi. Bu xidmətə Sergey Alpatov rəhbərlik edirdi.
VÇK-OGPU-nun yazdığına görə, Putinin keçmiş mühafizəçiləri ona Rotenberq barədə məlumatların qəsdən şişirdildiyini söyləyiblər. Bundan sonra həbsdə olan İlya Traber, Konstantin Maxov və başqa şəxslər azadlığa buraxılıb, Alpatov isə işdən çıxarılıb.
Mənbə bu hadisəni “kiçik saray çevrilişi” adlandırıb.

Sözügedən qrupda Dövlət Şurasının katibi Aleksey Dyuminin, prezidentin müşaviri Dmitri Mironovun, Federal Mühafizə Xidmətinin rəhbəri Dmitri Koçnevin və Dövlət Əmlakının İdarə Edilməsi Agentliyi rəhbərinin müavini Dmitri Stepanenkonun adları çəkilir. Onların hamısı vaxtilə prezidentin mühafizə xidmətində çalışıb.

FSB-də ciddi dəyişikliklər ola bilər

FSB-də ciddi kadr dəyişikliklərinin hazırlandığı barədə daha əsaslı məlumat da var. “Vajnıye istorii” nəşri iki keçmiş FSB əməkdaşına istinadla yazıb ki, dəyişikliklər xidmətin bir neçə mühüm idarəsini və rəhbər şəxsləri əhatə edə bilər.

Nəşrin mənbələri Sergey Alpatovun səhhətini səbəb göstərərək işdən getdiyini bildiriblər. Hələ ki onun yerinə heç kimi təyin etməyiblər. Mənbələr bunu FSB-nin quruluşunda gözlənilən dəyişikliklə əlaqələndirirlər.

FSB-nin rəhbəri Aleksandr Bortnikovun təqaüdə çıxacağı ehtimalı da var. Mənbələr Bortnikovun bir müddətdir getmək istədiyini, işlərin bir hissəsini birinci müavini Sergey Korolyova həvalə etdiyini deyirlər.
Bortnikovu əvəz edə biləcək şəxslər arasında Korolyovla yanaşı, Hərbi Əks-kəşfiyyat Departamentinin rəhbəri İvan Tkaçovun və Əks-kəşfiyyat Xidmətinin rəhbəri Vladislav Menşikovun adları çəkilir. Dəyişikliklərin oktyabrda başlaya biləcəyi ehtimal olunur (“Vajnıye istorii”).

Diqqəti çəkən əsas məqamlardan biri həm də budur: Putinə təhlükə barədə xəbər vermək rəqib tərəflə mübarizənin ən təsirli üsuluna çevrilib. Amma Rusiya prezidentinin mühafizəsi gücləndikcə – “bunkerin” divarları qalınlaşdıqca, onunla görüşə bilən adamların sayı azalır. Bu isə onu doğruluğunu yoxlaya bilmədiyi məlumatlardan getdikcə daha çox asılı vəziyyətə salır.

“Politfm”