Kosmik aparatlarla rabitə və kosmosun monitorinqi üçün istifadə edilən peyk antenası/radioteleskop; ABŞ-nin “Thule” aviabazası, Qrenlandiya (foto: AFP)
ABŞ Yerətrafı orbitdə hücum silahları yerləşdirdiyini etiraf edib.
Hərbi Hava Qüvvələri naziri Troy Meynk bazar ertəsi Hava, Kosmos və Kibermüharibə Konfransındakı çıxışında bildirib ki, bu silahlar Amerika qüvvələrini dəyişən təhlükələrdən qorumaq üçün lazımdır. O, silahların hansı imkanlara malik olduğunu və nə vaxt orbitə çıxarıldığını açıqlamayıb.
İndiyədək ABŞ rəsmiləri yalnız ölkənin kosmosdakı hərbi imkanlarını gücləndirmək niyyətindən danışırdılar. Onlar mümkün müharibə zamanı ABŞ peyklərinə hücum etməyə və onların işini pozmağa hesablanan Rusiya və Çin proqramlarını əsas gətirirdilər.
Tramp administrasiyası daha əvvəl bildirmişdi ki, ABŞ ərazisini təhdid edən raketləri və digər hədəfləri zərərsizləşdirmək üçün nəzərdə tutulan “Qızıl günbəz” sisteminin kosmik hissəsi də olacaq və ora tutucu raketlərin də daxil edilməsi planlaşdırılır.
SSRİ ilə ABŞ 1967-ci ildə Ay və digər səma cisimləri də daxil olmaqla, kosmik fəzanın tədqiqi və istifadəsinə dair müqavilə imzalayıb. Digər ölkələrin də qoşula bildiyi bu müqavilə kosmosda kütləvi qırğın silahlarının yerləşdirilməsini qadağan edir.
Amma qadağa adi silahlara şamil olunmur. Son illərdə Rusiya, Çin və ABŞ rabitə, kəşfiyyat və naviqasiya üçün mühüm olan, düşmən peyklərinə hücum etməyə imkan verən müxtəlif vasitələr hazırlayıblar.
2019-cu ildə ABŞ-də 70 ildən sonra ilk dəfə silahlı qüvvələrin yeni növü – Kosmik Qüvvələr yaradılıb. Ötən il prezident Donald Tramp Kosmik Qüvvələrin təkcə müdafiə yox, hücum vəzifələrinin də olduğunu nəzərdə tutan sərəncam imzalayıb.
Kosmik Qüvvələrin sözçüsü bildirib ki, bu vəzifələri yerinə yetirmək üçün qurumun həm kinetik, həm də qeyri-kinetik vasitələri var.
“Politfm”



