İllüstrasiya: Sİ

 

 

Britaniyanın qul ticarətində iştirakına dair yeni yaradılmış tarixi reyestr göstərir ki, bu sahə yalnız ayrı-ayrı tacirlərin qazanc yeri olmayıb. Təxminən 250 il davam edən və üç milyondan çox afrikalının əsarətə alınıb daşınmasını əhatə edən qul alveri dövlət səviyyəsində təşkil olunub. Ölkənin bir neçə kralı və kraliçası bu işlə məşğul olan şirkətləri himayə edib, onların idarəçiliyində iştirak edib və həmin şirkətlərə sərmayə yatırıblar. “Britaniyalı qul tacirlərinin reyestri”ndə bu ticarətə pul qoymuş minlərlə başqa şəxsin də adı var (“The Guardian”).

Yeni sənədlərin ən sarsıdıcı hissəsi əsarətə alınmış afrikalıların bədəninə qızdırılmış metal damğa ilə kral tacının təsvirinin vurulmasıdır. Tac işarəsi həmin insanların Britaniya monarxiyasının himayə etdiyi şirkətin “malı” olduğunu göstərmək üçün istifadə edilirdi.
Kral III Çarlzın sözçüsü “The Guardian”ın araşdırmasına cavab olaraq bildirib ki, kral köləlik tarixinin daha dərindən öyrənilməsinə tərəfdardır və bu sahədə çalışan alimlərin fəaliyyətini yüksək qiymətləndirir.

Qızdırılmış dəmirdəki krak tacı damğası

Lankaster Universitetinin tarixçisi Nikolas Radbern bu faktı XVIII əsrdə fəaliyyət göstərmiş Cənub Dənizi Şirkətinin arxivlərində üzə çıxarıb. Britaniya taxt-tacının himayəsində olan şirkət minlərlə afrikalını qul kimi Amerika plantasiyalarına daşıyıb.
Radbernin tapdığı məktub şirkətin idarə heyətindən Buenos-Ayresdəki nümayəndələrə göndərilib. Direktorlar əsarətə alınmış insanları qızdırılmış metalla dağlamağı tələb ediblər. Damğanın üzərində Britaniya monarxiyasını təmsil edən tac təsviri olub.

Həkim Dover damğanın həddindən artıq böyük olduğunu və insanların həyatını təhlükəyə ata biləcəyini bildirmişdi. Şirkətin yerli nümayəndələri heç Fransa tacirlərinin də belə üsuldan istifadə etmədiyini əsas gətirərək əmri yerinə yetirmək istəmirdilər.

İdarə heyəti bu etirazları qəbul etməyib. Direktorlar damğalamanı şirkətə məxsus sayılan əsirləri digərlərindən ayırmağın ən optimal yolu hesab edirdilər. Məktubla birlikdə Buenos-Ayresə gümüşdən hazırlanmış kiçik tac damğası da göndərilmişdi. Təlimatda həmin damğanın qıpqırmızı olanadək qızdırılması və insanların sol çiyninə basılması tələb olunurdu. Məktub “Sizin mehriban dostlarınız – direktorlar heyəti” sözləri ilə bitirdi.

Radbernin sözlərinə görə, bu sənəd zorakılığın nə qədər soyuqqanlı və incəliklə planlaşdırıldığını göstərir. Londonun nüfuzlu şəxsləri rahat iclas otaqlarında oturaraq okeanın o tayındakı insanların bədəninə veriləcək əzabın üsulunu xırdalığınadək müzakirə edirdilər. Təlimat kağız üzərində qalmayıb: afrikalıların bədəni göndərilən tac damğası ilə dağlanıb.

Qul ticarəti ilə Britaniya dövlətli özü də məşğul olurdu

Radbernin aparıcı tədqiqatçılarından olduğu yeni reyestr Britaniyanın üç milyondan çox afrikalını əhatə edən qul ticarətini rəsmi dövlət işi kimi qurduğunu göstərir. Bu sistemin genişlənməsində monarxiya əsas rol oynayıb.
Ticarətin ən sürətlə böyüdüyü dövr 1660-cı ildə Britaniyada monarxiyanın bərpasından sonrakı illərə təsadüf edir.

II Ceyms adı ilə taxta çıxan York hersoqu Ceyms 1672-ci ildə yaradılmış Kral Afrika Şirkətinin əsas səhmdarlarından və rəhbərlərindən biri idi. Yeni araşdırmaya görə, bu şirkət qul ticarəti tarixində ayrı-ayrılıqda götürülmüş bütün digər təşkilatlardan daha çox afrikalı kişi, qadın və uşağın alverini həyata keçirib.

Kral Afrika Şirkətini və ondan əvvəl fəaliyyət göstərmiş “Kral macəraçıları şirkəti”ni Ceymsin qardaşı II Çarlz yaratmışdı. Şirkətləri saray adamları, siyasətçilər və maliyyəçilər dəstəkləyirdilər.

Kral Afrika Şirkətinin iclasları Uaytholl sarayında, Ceymsin şəxsi mənzilində keçirilirdi. Bukinqem sarayı tikilənədək Uaytholl kral ailəsinin Londondakı əsas iqamətgahı olmuşdu. Əsarətə alınmış insanların daşınması və satılması ilə bağlı qərarlar da burada verilirdi.
Reyestrin baş tarixçisi professor Uilyam Pettiqrunun fikrincə, II Ceyms XVII əsrin ən mühüm ingilis qul tacirlərindən biri idi. Qul ticarəti şirkətlərindən əldə edilən gəlir Stüartlar sülaləsinə respublika dövründən sonra bərpa olunmuş monarxiyanın siyasi və maliyyə dayaqlarını gücləndirməyə kömək edirdi.

II Ceyms transatlantik qul ticarətini bibisi oğlu, Reyn şahzadəsi Rupertlə birlikdə idarə edirdi. Reyestrdə Rupert İngiltərənin dövlət himayəsində olan genişmiqyaslı qul ticarəti sisteminin qurulmasında əsas şəxslərdən biri kimi göstərilir.
II Çarlzın həyat yoldaşı, Braqanzalı Ketrin də bu şirkətlərə sərmayə yatırmışdı.

Kral ailəsinin qul ticarətində əsrlər boyu davam edən iştirakı

Tarixçi Bruk Nyuman “Tacın sükutu” kitabında I Elizabetdən IV Uilyama qədər Britaniya monarxiyasının qul ticarətindəki rolunu araşdırıb.
I Elizabet 1560-cı illərdə afrikalıların qul kimi daşındığı ilk səfərləri himayə etmişdi. IV Uilyam isə Karib plantasiyalarındakı içki və eyş-işrət məclislərindən zövq alır, uzun illər köləliyin ləğvinə qarşı çıxırdı.

Nyumanın araşdırmasına görə, Kral Afrika Şirkəti sahil qalalarında və ticarət məntəqələrində saxladığı afrikalıların bədəninə “DY” və “RACE” hərfləri vururdu. “DY” York hersoqunun ingiliscə titulunun, “RACE” isə İngiltərənin Kral Afrika Şirkətinin adının baş hərfləri idi.

Syerra-Leone yaxınlığındakı Şerbro adasında çalışan şirkət nümayəndəsinə göndərilmiş göstərişdə əsirlərin sağ döş nahiyəsinə “RACE” damğasının vurulması tələb edilirdi. Həmin göstərişdə həmçinin əmr edilirdi ki, əsarətdə doğulan uşaqlar üç yaşına çatan kimi damğalanmalıdırlar.

Sənədlər göstərir ki, bu davranış ayrı-ayrı işçilərin özbaşınalığı deyildi. İnsanların damğalanması şirkət rəhbərliyinin yazılı göstərişi ilə həyata keçirilirdi.

“Asiento”: insan alveri üzərində qurulan sülh müqaviləsi

1713-cü ildə imzalanmış sülh müqaviləsi çərçivəsində Kraliça Anna İspaniya kralı V Filipdən Britaniya üçün “asiento” adlı xüsusi imtiyaz aldı. Razılaşma Britaniyaya 30 il ərzində İspaniyanın Amerika müstəmləkələrinə hər il 4 800 əsir afrikalı aparmaq hüququ verirdi.

Kraliça Anna bu nəticəni Lordlar Palatasında siyasi və iqtisadi uğur kimi təqdim etmişdi.
Anna 1711-ci ildə yaradılmış Cənub Dənizi Şirkətinin böyük sərmayədarlarından biri idi və şirkətin ümumi gəlirinin təxminən dörddə birində pay hüququna malik idi. Kraliça “asiento” müqaviləsini həmin şirkətə vermiş və bu qurum öhdəliyin icrası üçün Kral Afrika Şirkəti ilə müqavilə bağlamışdı.

Annanın varisləri I Corc və II Corc da Cənub Dənizi Şirkətinə şəxsi vəsait yatırmış və onun fəaliyyətini dəstəkləmişdilər.
“Slave Voyages” məlumat bazasına görə, şirkət 1714–1740-cı illərdə Qərbi Afrika və Madaqaskardan Karib hövzəsinə və İspaniyanın Amerika müstəmləkələrinə 43.220 əsir daşıyıb. Bundan başqa, 50 mindən çox kölə edilmiş insan Amerika qitəsi daxilində bir ərazidən digərinə aparılıb.

Afrikadan gətirilənlərin bir hissəsi Amerika limanlarında yenidən satılır, başqa gəmilərə mindirilir və ya Cənubi Amerikanın Sakit okean sahillərinə çatmaq üçün yüzlərlə kilometr piyada getməyə məcbur edilirdi.

Bu daşımaları həyata keçirən donanmaya “Crown”, “King William” və “William and Mary” kimi kral adları verilmiş gəmilər də daxil idi. Onların hamısı London limanından yola çıxırdı. Şirkətin gəmilərindəki dəhşətli şərait ümumilikdə 7 minə yaxın insanın səfər zamanı ölümünə səbəb olmuşdu.

Üzr və təzminat tələbləri

Millətlər Birliyi ölkələrinin hökumət başçılarının noyabrda Antiqua və Barbudada keçiriləcək toplantısı yaxınlaşdıqca, Afrika və Karib ölkələrinin Kral III Çarlza təzyiqinin artacağı gözlənilir. Bu ölkələr Britaniya monarxiyasının qul ticarətindəki rolunun etiraf olunmasını istəyirlər.
Britaniya hökumətləri köləlik sistemində iştiraka görə indiyədək rəsmən üzr istəməyiblər və təzminat məsələsini müzakirə etməkdən imtina ediblər. Kral özü istəsə belə, konstitusiyaya əsasən hökumətin müəyyənləşdirdiyi mövqedən kənara çıxa bilməz. Buna baxmayaraq Yamaykanın rəsmi nümayəndə heyəti ötən günlərdə III Çarlza bu məsələylə bağlı müraciət təqdim edib.

Yamayka Gizli Şuraya da müraciət edib. Bu qurum Britaniyaya bağlı ərazilər və bəzi Millətlər Birliyi ölkələri üzrə ən yüksək apellyasiya məhkəməsidir. Müraciətdə afrikalıların zorla Yamaykaya daşınmasının qanuni olub-olmadığı, bunun insanlıq əleyhinə cinayət sayılıb-sayılmadığı və Britaniyanın köləliyə, eləcə də onun bu günədək davam edən nəticələrinə görə Yamaykaya təzminat ödəməli olub-olmadığı soruşulur.

III Çarlz köləliyi “dəhşətli vəhşilik” adlandırıb və Britaniya tarixinin bu dövrünə görə təəssüfünü bildirib. O, 2023-cü ildə monarxiyanın transatlantik qul ticarəti ilə əlaqələrinin araşdırılmasına dəstək verdiyini də açıqlayıb. Bununla belə, nə Britaniyanın, nə də kral ailəsinin bu sistemin qurulmasındakı rolunu rəsmən etiraf edib. Və təbii ki, üzr də istəməyib.

Kralın sözçüsü bildirib ki, III Çarlz köləlik tarixinin daha yaxşı anlaşılmasına və keçmişin haqsızlıqlarının doğurduğu problemlərin aradan qaldırılması yollarının tapılmasına tərəfdardır. Ona görə də bu sahədə çalışan və müzakirəyə töhfə verən alimlərə minnətdarlığını bildirir.

Barbadosun Karib Birliyindəki səfiri Devid Komissionq deyib ki, kralın səlahiyyətlərinin konstitusiyayla məhdudlaşdırılması faktını qəbul edir, amma Britaniyanın başqa nüfuzlu ailələri kimi, kral ailəsi də qul ticarətindəki iştiraklarını etiraf edib təzminat ödəməyə hazır olduqlarını açıqlamalıdır.

“Politfm”