Gələnilki prezident seçkisinin yeddi əsas namizədi Parisdə keçirilən ilk debatda. Soldan sağa: Brüno Retayo, Rafael Qlüksmann, Marin Le Pen, Eduard Filip, Jan-Lük Melanşon, Marin Tondelye və Qabriel Attal; 27 avqust 2026 (foto: “Reuters”)

 

 

Emmanuel Makronun prezidentliyinin sonuna yaxın Fransa siyasətində qütbləşmə daha qabarıq görünməyə başlayıb. Yeni sorğunun nəticələri göstərir ki, 2027-ci il prezident seçkisinin birinci turunda ifrat sağçı Marin Le Pen bütün rəqiblərini qabaqlaya bilər. Radikal solçu Jan-Lük Melanşon isə əksər ssenarilərdə ikinci tura çıxmağa ən yaxın namizəddir (“Reuters”).

“Toluna Harris Interactive” şirkəti sorğunu 8-10 sentyabr tarixlərində keçirib. Birinci tur üçün beş mümkün namizəd siyahısı sınaqdan keçirilib. Nəticələrə görə, Milli Birlik Partiyasının namizədi Marin Le Pen bütün variantlarda səslərin 33–36 faizini toplayaraq birinci yeri tutur.

Əyilməz Fransa Partiyasının namizədi Jan-Lük Melanşon beş ssenaridən ən azı üçündə ikinci yeri tutaraq növbəti tura keçir. Daha bir variantda isə ikinci yeri başqa namizədlə bölüşür. Bununla belə, sorğu göstərir ki, Le Penlə Melanşonun qarşılaşacağı ehtimal olunan ikinci turda Le Pen böyük fərqlə qalib gələcək.

Makronun keçmiş baş naziri və Üfüqlər Partiyasının rəhbəri Eduard Filip mərkəz sağdan Melanşonla ciddi rəqabət apara bilən yeganə namizəddir. Mümkün ssenarilərdən birində o, Melanşonu qabaqlayır, digərində isə onunla eyni nəticəni göstərir. Mərkəz sağın sorğuda nəzərdən keçirilən digər namizədləri bütün variantlarda Melanşondan geri qalırlar.

Makronun ikinci prezidentlik müddəti ölkə iqtisadiyyatının zəifləməsi fonunda başa çatır, siyasi mərkəz də əvvəlki gücünü itirib. Prezidentə ictimai dəstəyinin azalması da bu düşərgənin vəziyyətini ağırlaşdırır. Yaranmış boşluq “Milli Birlik” və “Əyilməz Fransa” kimi daha sərt siyasi xətt yürüdən partiyaların önə çıxmasına imkan verir.

Le Pen və Melanşon Fransa siyasətində yeni simalar deyillər. Hər ikisi 2012, 2017 və 2022-ci illərdə prezidnetliyə namizəd olub. Le Pen 2017 və 2022-ci illərdə ikinci tura çıxsa da, hər ikisində Makrona məğlub olub. Melanşon isə əvvəlki üç cəhdində ikinci tura keçə bilməyib.

“Politfm”