Foto: internet

 

 

Böyük Britaniyanın daxili kəşfiyyat xidməti MI5-in rəhbəri Ken MakKallum xəbərdarlıq edib ki, mövcud terror təhlükəsinə güclü dövlətlərdən qaynaqlanan  bəzi strateji təhlükələr də əlavə olunub.

MakKallum 11 sentyabr hücumlarının 25-ci ildönümü münasibətilə “The Independent” üçün qələmə aldığı yazıda bildirib ki, 2026-cı ildə Mİ5 tamamilə fərqli təhlükəsizlik şəraitində işləyir. Terrorçular çox sayda insanın ölümünə səbəb olacaq hücumlar törətmək niyyətindən əl çəkməyiblər, eyni zamanda güclü dövlətlər də Britaniyanın milli təhlükəsizliyinə qarşı fəallaşıblar.

Mİ5 rəhbəri hökuməti, biznesi, akademik dairələri və ictimaiyyəti milli təhlükəsizliyə bir neçə xüsusi xidmətin işi kimi yox, hamının ortaq məsuliyyəti kimi yanaşmağa çağırıb.

“Əjdahalar geri qayıdıb, ilanlar yox olmayıb”

MakKallum mövcud təhlükələri izah etmək üçün ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Ceyms Vulsinin işlətdiyi bənzətməni xatırladıb.

Vulsi demişdi ki, Soyuq müharibə başa çatandan sonra Qərb Sovet İttifaqını – “böyük əjdahanı” məğlub edib, amma çoxsaylı “zəhərli ilanlarla” dolu bir mühitin əhatəsində qalıb. O, “ilanlar” dedikdə terror təşkilatlarını və bəzi ölkələrdəki qeyri-dövlət qüvvələri nəzərdə tutmuşdu.

“İndi hər iki dünyanın ən pis tərəfləri ilə üz-üzəyik: əjdahalar geri qayıdıb, ilanlar da yox olmayıb” – MakKallum məqaləsində belə yazıb.

“The Independent” yazır ki, “əjdahalar” ilk növbədə Rusiya və Çin kimi dövlətləri, “ilanlar” isə radikal islamçı ekstremistləri ifadə edir.

“Əl-Qaidə” əvvəlki qədə güclü deyil

MakKallumun sözlərinə görə, 11 sentyabr hücumlarından sonra ABŞ-nin öncüllüyü ilə aparılan beynəlxalq əməliyyatlar “Əl-Qaidə”nin əsas şəbəkəsini dağıdıb. Əfqanıstandan çıxıb Pakistanın qəbilə bölgələrinə çəkilmiş təşkilata qarşı mübarizə üçün yeni əməliyyat üsulları hazırlanıb.
Bu səylər nəticə verib. “Əl-Qaidə” hələ də təhlükə mənbəyi olsa da, hazırkı gücü 2001-ci ildəkinin yalnız kiçik bir hissəsi qədərdir.

MakKallum vurğulayıb ki, təşkilatın zəifləməsi öz-özünə baş verməyib, genişmiqyaslı beynəlxalq mübarizə nəticəsində mümkün olub. Buna görə də keçmiş uğurlara arxayınlaşıb hazırlığı dayandırmaq olmaz:
“Dünən qurduğumuz müdafiə sistemlərinə heyranlıqla baxmaq əvəzinə, sabah ehtiyac duyacağımız sistemləri yaratmalıyıq”.

Britaniyada terror təhlükəsi hazırda ikinci ən yüksək hədd olan “Severe” səviyyəsindədir. Bu, hücum ehtimalının çox yüksək olduğu deməkdir.

Təxribat, gizli müdaxilə və kiberhücumlar

MakKallum qeyd edib ki, bəzi dövlətlər tərəfindən dəstəklənən təcavüzkar fəaliyyət müxtəlif formalarda həyata keçirilir – cinayətkar qruplar vasitəsilə təxribatlar törədilir, demokratik proseslərə gizli müdaxilələr edilir, elektrik stansiyalarına dağıdıcı kiberhücumlar olunur.

Onun sözlərinə görə, belə fəaliyyətin qarşısını almaq üçün həm yeni qanunlara, həm də yeni əməliyyat üsullarına ehtiyac var:
“Zəif nöqtəyə kimin cavabdeh olduğunu, hərəkət etmək səlahiyyətinin kimdə olduğunu və böhran anında kimə zəng vurulmalı olduğunu növbəti sarsıntı baş verəndən sonra müəyyənləşdirməməliyik”.

Mİ5-in rəhbəri vurğulayıb ki, 2001-ci ildən fərqli olaraq hazırda mühüm obyektlərin, sistemlərin və xidmətlərin çoxu özəl sektorun idarəçiliyindədir.
Bu səbəbdən böhran zamanı bir çox həlledici qərar hökumətin fövqəladə məsələlər üzrə toplantısında – COBR-də deyil, şirkətlərin idarə heyəti iclaslarında veriləcək.

MakKallum hökumətin, iş dünyasının və akademik dairələrin vahid şəbəkə kimi çalışmasını təklif edib. Məqsəd təhlükəsizlikdəki zəif yerləri əvvəlcədən aradan qaldırmaq və böhran baş verdikdə çevik və uzlaşdırılmış hərəkət etməkdir.

Yazının sonunda MakKallum 11 sentyabr hücumlarında həlak olan 2 977 nəfərin xatirəsini anıb:
“11 sentyabr qurbanlarına, tədbir görməsək, sabahkı hücumların qurbanı ola biləcək insanlara olan borcumuzu yalnız onları xatırlamaqla ödəmiş olmuruq. Növbəti sarsıntı baş verməmiş, hazırlaşmalı, dayanıqlılığımızı gücləndirməli və dəyişməyə cəsarət etməliyik”.

“Politfm”