“Ozon” şirkətinin logistika mərkəzindəki yanğının videosundan skrinşot, Saratov, 11 sentyabr 2026 (video:”Exilenova+”)

 

 

Sentyabrın 10-u axşamdan 11-i səhərədək Ukrayna və Rusiyanın qarşılıqlı hava hücumları davam edib. 

Rusiyanın Ukraynaya hava hücumları

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya sentyabrın 10-u saat 18:00-dan etibarən sayı açıqlanmayan S8000 “Banderol” zərbə vasitələri və 161 PUA buraxıb. Hücumda “Shahed” dronlarının reaktiv versiyaları, “Gerbera” dronları və “Parodiya” imitatorlarından istifadə olunduğu bildirilib.

Rusiya Müdafiə Nazirliyi Ukraynada B-mobile məlumat mərkəzinin, Hostomel logistika kompleksinin, Xmelnitskidə “Nova Poşta” terminalının, Dnepo logistika mərkəzinin, Odesadakı avtomobil aqreqatları zavodunun, Vizirkadakı PUA komponentləri anbarının, Çornomorsk limanında gəmilərin və yanacaq anbarlarının vurulduğunu iddia edir. Bu obyektlərin hərbi məqsədlə istifadə edilməsi və zərbələrin nəticələri müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Ukrayna mənbələri isə yaşayış binaları, kommersiya obyektləri və humanitar yardım anbarının zədələndiyini sənədləşdirib. Ukrayna Baş Qərargahı Rusiyaya gecə hücumlarının konkret hədəfləri barədə hələ ki açıqlama verməyib.

Səhər saatlarına olan məlumata əsasən, 138 PUA vurulub və ya radioelektron vasitələrlə zərərsizləşdirilib. Dronların 19, onların qalıqlarının isə üç məkana düşdüyü açıqlanıb (“Ukrainska Pravda”).

– Kiyev: Dneprovsk rayonunda PUA doqquzmərtəbəli yaşayış binasına dəyib. Binanın birinci–beşinci mərtəbələrinin fasadı zədələnib, mənzildə yanğın baş verib. Səkkiz nəfər zərər çəkib: 64 yaşlı kişi və 57 yaşlı həyat yoldaşı xəstəxanaya yerləşdirilib, 23 yaşlı qadın qəlpə yarası alıb, daha beş nəfərdə kəskin stress reaksiyası qeydə alınıb. Solomyan və Obolon rayonlarında biznes mərkəzi, ofis və anbarlara da ziyan dəyib (“Suspilne”).

– Kiyev vilayəti: Buça rayonunda anbarlar yanıb. Ukrayna rəsmiləri yanğınsöndürmə zamanı əraziyə təkrar zərbə endirildiyini bildirib.

– Odesa: Könüllülərin təşkilatına məxsus, humanitar yardım saxlanılan anbar dağılıb və yanıb. İki nəfərə tibbi yardım göstərilib; ağır xəsarət qeydə alınmayıb (Odesa vilayət administrasiyası).

– Dnepr şəhəri və Dnepropetrovsk vilayəti: Şəhərdə özəl müəssisənin ərazisi vurulub, yük avtomobilləri yanıb. 56 yaşlı kişi ağır, 61 yaşlı kişi orta vəziyyətdə xəstəxanaya yerləşdirilib. Nikopol rayonunda PUA və artilleriya hücumları nəticəsində daha bir kişi yaralanıb, evlər və bir avtomobil zədələnib. Kamianske rayonunda infrastruktur obyektinə ziyan dəyib (“Suspilne”). Vilayətin Pavloqrad şəhərində 7 nəfər həlak olub, səkkizi uşaq olmaqla, 70-dən çox insan xəsarət alıb. Bu haqda Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja məlumat verib.
– Zaporojye: 32 yaşlı qadın və onun 10 yaşlı oğlu yaralanıb. Doqquzmərtəbəli yaşayış binasının damı zədələnib, həmçinin ticarət mərkəzində və bir ofisdə yanğın baş verib (“Ukrainska Pravda”).
Ovruçda özəl müəssisə, Sumıda isə ticarət-əyləncə mərkəzi və sənaye zonasındakı obyektlər zədələnib (Ukrayna FHN).

Rusiyaya hava hücumları

Rusiya Müdafiə Nazirliyi dünən axşam saatlarında etibarən işğal olunmuş Krım daxil olmaqla, 17 inzibati ərazi, eləcə də Qara və Xəzər dənizləri üzərində 777 Ukrayna PUA-sının vurulduğunu iddia edib. Nazirlik regionlar üzrə bölgü və bunu təsdiqləyən sübut təqdim etməyib.

– Tula: Qubernator Dmitri Milyayev 26 PUA-nın vurulduğunu, iki nəfərin öldüyünü və üç nəfərin yaralandığını bildirib. Zərbə alan obyekt və hadisənin dəqiq yeri açıqlanmayıb (“Interfax”).
– Belqorod: Şebekinoda dron avtomobilə dəyib. Bir kişi hadisə yerində ölüb, qadın göz və ayaqlarından qəlpə yaraları alıb.
– Kursk: Jeleznoqorskda yaşayış binası üç dəfə dron hücumuna məruz qalıb. İki nəfər yaralanıb. İki binadan təxminən 500 nəfər təxliyə edilib.
– Volqoqrad: Qubernatorun məlumatına görə, hücum nəticəsində çoxmənzilli yaşayış binası zədələnib, 55 və 42 yaşlı iki kişi xəstəxanaya yerləşdirilib. Qalıqların şəhərin cənubundakı sənaye müəssisəsinin ərazisinə düşdüyü bildirilib.
– Saratov: “Ozon”un logistika mərkəzi və çatdırılma qovşağı vurulub, ərazidə güclü yanğın başlayıb, şirkət faktı təsdiqləyib. İşçilər təxliyə olunub, ilkin məlumata görə, xəsarət alan yoxdur. Sosial şəbəkələrdə yazılına görə, neft emalı zavodunda da yanğın olub.

– Perm vilayəti: Beryozniki şəhərində yerləşən, Rusiyanın kimya sənayesinin ən böyük müəssisələrindən biri olan, partlayıcı maddə istehsal edən  “Azot” (“Uralxim”) zavodunun vurulduğu bildirilir. Yerli sakinlərin çəkdiyi görüntülərə istinadən bu barədə Ukraynanın monitorinq kanalları (“Exilenova+”, “Supernova”) məlumat veriblər. Şəhərə Ukrayna dronlarının hücum etməsi barədə məlumatı yerli sosial mediada şahidlər də təsdiqləyirlər. “Beryozniki səhərdən bəri zərbələrə məruz qalır. Dronlar düz başımızın üzərindən uçur” — “Perm və diyar xəbərləri” qrupunun izləyicilərindən biri belə yazıb.

Açıq mənbələrdəki məlumata görə, “Azot” zavodunun əsas məhsulları ammonium selitrası, ammonyaklı su, karbamid, azot turşusu və partlayıcı maddələrin istehsalında da istifadə edilən digər komponentlərdir. Bu, Rusiyada natrium selitrası və kristallik natrium nitrit istehsal edən yeganə zavoddur.

Dron hücumu və “PUA təhlükəsi” rejiminin tətbiqi fonunda Permdəki kolleclərdə və ali məktəblərdə dərslər ləğv edilib, tələbələr isə təxliyə olunub. “Perm 36,6” kanalının məlumatına görə, səhər saatlarından etibarən diyarın müxtəlif yerlərində dronların vurulması və onların qalıqlarının yerə düşməsi barədə xəbərlər yayılır. Amma yerli hakimiyyət orqanları hələlik rəsmi açıqlama verməyib.

– Rostov: Regional hakimiyyət 90-dan çox PUA və raketin zərərsizləşdirildiyini iddia edib. Millerovo rayonunda 10 fərdi ev və yardımçı tikili zədələnib, xəsarət alan olmayıb.

“Politfm”