İllüstrasiya: Sİ

 

Azərbaycanda spirtli içkilərin idxalına tətbiq olunan gömrük rüsumları artırılır. Nazirlər Kabinetinin yeni qərarı ilə xaricdən gətirilən şərab, vermut, konyak, viski, rum, cin və vodka kimi spirtli içkilərə tətbiq edilən gömrük rüsumlarına 31 dekabr 2030-cu il tarixinədək müvəqqəti minimum həd məhdudiyyətləri müəyyən olunub. Qərar dərc edildiyi gündən 90 gün sonra qüvvəyə minəcək.

​Qərara əsasən, məhsullar üzrə yeni rüsum qaydaları aşağıdakı kimi tənzimlənəcək:

– Bütün növ şərabların idxal rüsumu gömrük dəyərinin 15%-i həcmində müəyyən edilir. Lakin ödəniləcək məbləğ 1 litr üçün 3,0 ABŞ dollarından az ola bilməz. Əvvəllər rüsumsuz (0%) olan bəzi şərab növlərinə də bundan sonra eyni qayda tətbiq olunacaq.

– Vermut və digər fermentləşdirilmiş içkilər üçün əvvəlki “1 litrə 1 dollar” rüsumu 15%-ə qaldırılır (lakin 1 litr üçün minimum 2,0 dollardan az olmamaqla).

– Tünd spirtli içkilər üçün (Viski, rum, cin, vodka, konyak, likör və s.) əvvəlki “1 litrə 2 dollar” rüsum dərəcəsi 15%-ə qaldırılır (lakin 1 litr üçün minimum 4,0 dollardan az olmamaqla).

Bu qaydalar inkişaf etmiş ölkələrdə spirtli içkilərin vergiyə cəlb olunması ilə zahirən oxşarlıq təşkil etsə də, iqtisadi mahiyyətinə görə həmin modellərdən xeyli fərqlənir.

İnkişaf etmiş ölkələrin əksəriyyətində spirtli içkilərin qiymətinə əsas təsiri gömrük rüsumları deyil, aksiz vergiləri göstərir. Aksiz, bir qayda olaraq, məhsulun yerli və ya xarici olmasından asılı olmayaraq eyni prinsiplə hesablanır. Azərbaycandakı dəyişiklik isə yalnız idxal olunan məhsullara aiddir. Buna görə də onun əsas iqtisadi nəticəsi spirtli içkilərin ümumi vergiyə cəlb olunmasından daha çox yerli istehsalçıların idxal rəqabətindən qorunması olacaq.

Artım 15 faizdən çox ola bilər

Yeni qaydada müəyyənləşdirilən minimum məbləğ ucuz və orta qiymətli məhsullar üçün faktiki gömrük yükünü kağız üzərində göstərilən 15 faizdən xeyli yuxarı qaldırır.

Məsələn, 750 millilitrlik şərab şüşəsinə düşən minimum gömrük rüsumu 2,25 dollar olacaq:

Şərabın gömrük dəyəri Gömrük rüsumu Gömrük dəyərinə nisbəti
5 dollar 2,25 dollar 45%
10 dollar 2,25 dollar 22,5%
15 dollar 2,25 dollar 15%
30 dollar 4,50 dollar 15%

 

Beləliklə, minimum məbləğ ucuz məhsulun qiymətinə nisbətdə daha ağır yük yaradır. 750 millilitrlik şərabın gömrük dəyəri 15 dollardan aşağıdırsa, faktiki rüsum 15 faizdən yüksək alınacaq.

700 millilitrlik tünd içkiyə isə minimum 2,80 dollar rüsum düşəcək. Gömrük dəyəri 10 dollar olan viski, araq və ya konyak üçün bu, 28 faizlik rüsum deməkdir. Yalnız məhsulun gömrük dəyəri təxminən 18,7 dollara çatdıqdan sonra 15 faizlik hesablamanın nəticəsi minimum məbləği üstələyir.

Deməli, yeni qayda bahalı içkilərdən daha çox kütləvi və nisbətən ucuz idxal məhsullarına təsir göstərəcək. Qərara əsasən, yeni dərəcələr 2030-cu il dekabrın 31-dək qüvvədə olacaq və qərarın dərcindən 90 gün sonra tətbiq edilməyə başlanacaq. Qərarın şərtləri.

Mağaza qiyməti nə qədər arta bilər?

Mərkəzi Bankın 1 dollar üçün 1,70 manat məzənnəsi ilə hesablasaq, rüsumdakı artım son satış qiymətinə tam ötürüldüyü halda təxmini nəticə belə olar:

  • Hazırda 1,4 dollar/litr rüsum tətbiq olunan şərabın 750 millilitrlik şüşəsi üzrə əlavə yük ƏDV daxil olmaqla təxminən 2,40 manat təşkil edər.
  • İndiyədək gömrük rüsumu tutulmayan şərab növlərində 750 millilitrlik şüşə üzrə əlavə yük təxminən 4,50 manata çatar.
  • Hazırda 1 dollar/litr rüsum tətbiq olunan vermut və digər müvafiq içkilərdə 750 millilitrlik şüşə üzrə əlavə yük təxminən 1,50 manat olar.
  • 700 millilitrlik viski, araq, konyak və digər tünd içkilərdə əlavə yük təxminən 2,80 manat təşkil edər.

Bu hesablamalar yeni minimum rüsumla əvvəlki rüsum arasındakı fərqə və həmin fərqin üzərinə düşən 18 faizlik ƏDV-yə əsaslanır. Azərbaycanda idxal zamanı ƏDV gömrük dəyəri, aksiz və gömrük rüsumu birlikdə nəzərə alınmaqla hesablanır (ƏDV-nin hesablanması qaydası).

Ancaq bunlar mağaza qiymətinə dair qəti proqnoz deyil. İdxalçı və satıcı əlavə xərcin bir hissəsini öz mənfəəti hesabına qarşılaya bilər. Əksinə, distribüter və mağaza marjası da artan maya dəyərinə faizlə əlavə olunarsa, qiymət göstərilən məbləğdən daha çox arta bilər.

İdxal içkiləri onsuz da daha yüksək aksizə cəlb olunur

Yeni gömrük rüsumu idxal olunan içkilərə tətbiq edilən mövcud aksizin üzərinə gələcək.

Dövlət Gömrük Komitəsinin dərc etdiyi dərəcələrə görə:

  • idxal olunan təbii üzüm şərabının aksizi 3,6 manat/litrdir;
  • idxal olunan konyak və üzüm mənşəli digər distillə içkilərinin aksizi 8 manat/litrdir;
  • idxal olunan viski, rom, cin, araq və likörlərin aksizi 12 manat/litrdir.

Azərbaycanda istehsal olunan şərabın aksizi isə 0,2 manat/litr, araq, likör, konyak və digər tünd içkilərin aksizi 5 manat/litrdir.

Beləliklə, idxal olunan adi şərabın aksizi yerli şərabın aksizindən 18 dəfə, idxal konyakının aksizi yerli konyakın aksizindən 1,6 dəfə, viski, araq, cin, rom və likörlər üzrə idxal aksizi isə yerli tünd içkilərə tətbiq olunan dərəcədən 2,4 dəfə yüksəkdir. Yeni gömrük rüsumu bu fərqi daha da artıracaq (İdxal olunan məhsulların aksizləri, yerli istehsala tətbiq olunan 2026-cı il aksizləri).

İnkişaf etmiş ölkələrdə gömrük yükü necədir?

Adi, qazsız və aşağı spirtli şərab nümunəsi götürüldükdə sərhəddə tutulan baza gömrük rüsumları arasında böyük fərq görünür:

Ölkə və ya iqtisadi məkan 750 ml şərab üçün nümunəvi baza rüsumu
Azərbaycan minimum 2,25 ABŞ dolları
Avropa İttifaqı təxminən 0,10–0,12 avro
ABŞ təxminən 0,047 ABŞ dolları
Kanada təxminən 0,014 Kanada dolları

Azərbaycana idxal olunan şəraba tətbiq ediləcək minimum gömrük rüsumu Aİ, ABŞ və Kanadada eyni tip məhsula tətbiq olunan adi baza rüsumlarından dəfələrlə yüksəkdir.

Kanadada 13,7 faizə qədər spirt tərkibli və iki litrdən kiçik qablarda gətirilən şərabın baza rüsumu cəmi 1,87 Kanada senti/litrdir. Viski üçün isə baza rüsumu sıfırdır. Üstəlik, Kanadanın azad ticarət sazişi bağladığı bir çox ölkədən gətirilən şərab da gömrük rüsumundan azaddır.

“Politfm”