Foto: Ağ Ev
Respublikaçılar Partiyası Konqresə aralıq seçkilərdə qalib gəlsə, ABŞ-nin yetkinlik yaşına çatmış hər bir vətəndaşına 5 min dollar veriləcək.
Prezident Donald Tramp bunu partiyanın Dallasda keçirilən qurultayında vəd edib.
“Respublikaçılar qalib gəlsələr, siz də bizimlə birlikdə qazanacaq və 5 min dollar alacaqsınız” deyən prezident bu ödənişləri uğurlu şirkətlərin öz səhmdarlarına dividend verməsi ilə müqayisə edib.
ABŞ prezidenti eyni zamanda xəbərdarlıq edib ki, Respublikaçılar Partiyası seçkilərdə məğlub olsa, amerikalıları “cəhənnəm gözləyir”.
“Sərhədlərinizə nəzarəti, vergi güzəştlərinizi, təhlükəsizliyinizi və müdafiənizi itirəcəksiniz. Rifahınızdan məhrum olacaqsınız” — Tramp belə deyib. Onun sözlərinə görə, belədə amerikalıların vəziyyəti onun Ağ Evə gəlişindən əvvəlki dövrdə olduğu kimi ağırlaşacaq.
Prezident qarşıdakı səsverməni ABŞ tarixinin ən mühüm seçkilərindən biri adlandırıb.
“Sizin səsiniz ölkəmizin qarşıdakı 250 illik dövrə büdrəyərəkmi başlayacağını, yoxsa sürətlə irəli atılıb bir daha heç vaxt geriyə baxmayacağını müəyyən edəcək” deyə, Tramp əlavə edib.
“Associated Press” agentliyinin hesablamasına görə, Trampın vəd etdiyi ödənişlərin ümumi məbləği bir trilyon dolları ötə bilər. Belə böyük vəsaitin ayrılması üçün Konqresin razılığı tələb olunur.
Trampın çıxışından az sonra vitse-prezident Cey Di Vens bu ödənişin imkanlı amerikalılara aid edilməyəcəyini söyləyib. Onun fikrincə, vəsaiti gömrük rüsumlarından əldə olunan gəlirlər hesabına ödəmək mümkündür. Lakin ödənişlərin ehtimal olunan ümumi dəyəri büdcəyə rüsumlardan daxil olan vəsaitdən xeyli çoxdur.
Ağ Ev təşəbbüsün necə həyata keçiriləcəyi barədə hələlik ətraflı məlumat verməyib.
ABŞ Konqresinə aralıq seçkilər 3 noyabr 2026-cı ildə keçiriləcək. Səsvermə zamanı Nümayəndələr Palatasının 435 üzvünün hamısı, həmçinin Senat üzvlərinin təxminən üçdə biri seçiləcək.
Bu seçkilər Trampın MAGA — “Amerikanı yenidən qüdrətli edək” hərəkatı üçün həlledici sınağa çevriləcək.
Tramp daha əvvəl bildirmişdi ki, respublikaçılar Konqresdə çoxluğu itirsələr, demokratlar ona qarşı yenidən impiçment proseduruna başlaya bilərlər.
“Reuters” qeyd edir ki, seçkilərin nəticələri respublikaçılar üçün uğursuz olarsa, partiyanın gələcək siyasi xətti və Trampdan sonra ona kimin rəhbərlik edəcəyi ilə bağlı mübahisələr daha da kəskinləşəcək.
“Politfm”



