İllüstrasiya: Sİ

 

 

Avstraliya hökuməti sosial şəbəkə istifadəçilərinə onların xəbər lentinə çıxan kontentləri seçmək imkanı yaratmaq istəyir.

Bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

Hökumətinin rəqəmsal mühitdə təhlükəsizliyə görə məsuliyyət nəzərdə tutan qanun layihəsi qəbul olunsa və texnologiya şirkətləri yeni qaydaları formal şəkildə yerinə yetirməklə kifayətlənməsələr, sosial şəbəkələrdə istifadəçilərin qarşısında iki seçim yarana bilər: ya alqoritmin müəyyənləşdirdiyi və insanı saatlarla ekrana bağlayan xəbər axınında qalmaq, ya da yalnız izlədikləri şəxslərin, dostlarının və qrupların paylaşımlarına baxmaq.

İstifadəçilər illərdir sosial şəbəkələrdə qarşılarına çıxan, əslində görmək istəmədikləri təsadüfi video və paylaşımlardan şikayətlənirlər. Texnologiya nəhənglərinin seçib lentə yerləşdirdiyi kontent çox vaxt istifadəçinin informasiya məkanını doldurur, onun həqiqətən maraqlandığı paylaşımları isə arxa plana keçirir.

Problemin başqa tərəfi şəxsi həyata müdaxilə ilə bağlıdır. Platformalar hansı məzmunu və reklamı göstərməli olduqlarını müəyyənləşdirmək üçün insanların internet saytlarında və tətbiqlərdəki fəaliyyətini izləyirlər. Bununla belə, problem yalnız məxfiliyin pozulması da deyil. Alqoritmlərin seçdiyi məzmun bəzən son dərəcə zərərli və təhlükəli ola bilir.

“Guardian Australia” nəşri hələ 2024-cü ildə bu problemlə bağlı təcrübələr aparmışdı. Heç bir istifadə tarixçəsi olmayan telefonlarda gənc kişi profilləri yaradılmış, alqoritmlərə isə həmin şəxslər haqqında çox az məlumat verilmişdi. Məqsəd sosial şəbəkələrin belə istifadəçilərin lentinə hansı məzmunu çıxaracağını müəyyənləşdirmək idi.

Nəticələr narahatlıq doğurmuşdu. Alqoritm qısa müddətdə onları qadın düşmənçiliyini təbliğ edən və ifrat sağçı məzmunun içinə çəkmişdi. Təcrübə onu da göstərmişdi ki, sistem insanın hər hansı şəkil və ya videoya verdiyi ən kiçik reaksiyaya belə son dərəcə həssasdır. Bir paylaşımın üzərində bir qədər artıq dayanmaq və ya videoya cüzi maraq göstərmək sonrakı tövsiyələrin istiqamətini dəyişmək üçün kifayət edir.

Sosial şəbəkələrin yeniyetmələrə vurduğu zərərdən çox danışılır. Əslində isə həmin problemlərin bir çoxu böyüklərə də aiddir. Avstraliyada 16 yaşdan kiçik şəxslərin sosial şəbəkələrdən istifadəsinə qoyulan məhdudiyyət ilk növbədə yeniyetmələri qorumaq məqsədi daşıyır. Amma “Facebook” şərhlərinin təsiri altında radikal düşüncələrə qapılan və ya sosial şəbəkələrdə qarşılarına çıxan saxta investisiya elanlarına inanaraq pensiya yığımlarını itirən yaşlı insanlar da az deyil.

İnsanlarda hiddət doğuran və onları mübahisəyə çəkən məzmun sosial şəbəkələrdə daha çox reaksiya topladığı üçün alqoritmlər məhz onları önə çıxarır. Bu mexanizmin təsiri artıq yalnız platformalarla məhdudlaşmır; o, siyasətin və ictimai müzakirələrin də xarakterini dəyişib.

Avstraliyanın Baş naziri Entoni Albanesenin dünən açıqladığı təşəbbüs vəziyyəti kökündən dəyişə bilər. Plana əsasən, sosial şəbəkələr istifadəçinin qarşısına xüsusi bildiriş çıxaracaq və ondan seçim etməsini istəyəcək: lentdə göstərilənləri platformanın alqoritmi müəyyənləşdirsin, yoxsa istifadəçi yalnız özünün izlədiyi insanların və qrupların paylaşımlarını görsün?

İkinci variant sosial şəbəkələrin 2010-cu illərin əvvəllərindəki iş prinsipinə bənzəyir. Həmin dövrdə istifadəçinin qarşısına əsasən abunə olduğu hesabların paylaşımları çıxırdı. Sonradan bu ardıcıllığı fərdiləşdirilmiş tövsiyələr və diqqəti mümkün qədər uzun müddət platformada saxlamağa hesablanmış alqoritmlər əvəz etdi.

İstifadəçiyə aydın və birbaşa seçim verilməsinin şirkətlərə nə qədər ciddi təsir göstərə biləcəyi əvvəllər də məlum olub. “Apple” 2021-ci ildə iOS sistemində tətbiqlərin reklam məqsədilə istifadəçini izləməsinə icazə verib-verməməyi soruşan bildiriş tətbiq etmişdi. Çox sayda insan “Facebook” və “Instagram”-da izlənmədən imtina etdiyinə görə bu dəyişiklik bir rüb ərzində “Meta”-ya təxminən 10 milyard dollara başa gəlmişdi.

Ötən ay ABŞ-də keçirilən mühüm məhkəmə prosesində “Instagram”-ın rəhbəri Adam Mosserinin ifadə verməsi isə məsələnin başqa tərəfini də üzə çıxardı. Bu, “Meta”nın ABŞ ştatlarının baş prokurorları ilə 18 milyard dollarlıq razılığa gəlməsindən bir qədər əvvəl baş vermişdi.

Məhkəmədə açıqlanan məlumatlara əsasən, istifadəçilər “Meta”nın yeniyetmələr üçün hazırladığı təhlükəsizlik vasitələrindən birindən – “Take a Break” funksiyasından olduqca az istifadə ediblər. Uzun müddət “Instagram” lentinə baxan yeniyetməyə fasilə təklif edən bu funksiyadan istifadə göstəricisi cəmi 1,8 faiz olub.

Texnologiya şirkətləri təhlükəsizlik imkanlarını həvəslə reklam edirlər. Ancaq həmin funksiyaları çox vaxt parametrlərin arasında gizlədir, istifadəçilərə onlar barədə, demək olar ki, heç bir aydın məlumat vermirlər. Daha sonra isə aşağı istifadə göstəricilərini tənzimləyici qurumlara insanların mövcud sistemi bəyənməsinin sübutu kimi təqdim edirlər.

Yeni qanunun detallarından asılı olaraq şirkətlər alqoritmdən imtina prosesini qəsdən mürəkkəbləşdirə də bilərlər. Məqsəd istifadəçini bezdirmək və nəticədə onu yenidən platformanın üstünlük verdiyi alqoritmik lentə qaytarmaq ola bilər.

Avropa ölkələrinin təcrübəsi bu ehtimalın əsassız olmadığını göstərir. “Meta” 2023-cü ildə Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşmaq üçün alqoritmsiz lent seçimi təqdim etmişdi. Lakin 2025-ci ildə Niderland məhkəməsi müəyyən etmişdi ki, istifadəçilər tətbiqi bağlayıb yenidən açdıqda avtomatik olaraq “Meta”nın alqoritmlərinə qaytarılırlar.

Məhkəmə şirkətdən qanunun tələblərinə əməl etməyi, istifadəçilərə alqoritmdən imtina etmək üçün sadə və birbaşa yol göstərməyi tələb etmişdi. “Meta” isə həmin müddət ərzində qanunun tələblərini yerinə yetirdiyini bildirirdi.

Gözlənildiyinə görə, “Instagram” Avstraliyada alqoritmik tövsiyələrin üstünlüklərini fəal şəkildə təbliğ edəcək. Platforma bu həftə “Algo Confessions” adlı silsiləyə başlayır. Layihədə məşhurlar və influenserlər “Sizin üçün” bölməsində qarşılarına çıxan tövsiyələri nümayiş etdirəcək və “Instagram”-ın seçdiyi məzmunun nə üçün faydalı olduğunu izah edəcəklər.

Şirkətlərə bu məsələdə alqoritmlərin yaratdığı mövcud sistemdən faydalanan təşkilatlar da dəstək verə bilərlər. İstifadəçilərdə qəzəb doğuran məzmun daha çox baxış və reaksiya topladığı üçün belə paylaşımlar bəzi media qurumlarına da sərf edir. Bu baxımdan baş nazirin çərşənbə axşamı keçirdiyi mətbuat konfransında 16 yaşdan kiçiklərin sosial şəbəkələrdən istifadəsinə qoyulan məhdudiyyəti dəstəklədiyinə görə “News Corp” şirkətinə xüsusi təşəkkür etməsi diqqət çəkib.

“Mənim lentim, mənim seçimim” adlandırılan yeni təşəbbüsün yeniyetmələr üçün sosial şəbəkə qadağası qədər geniş media dəstəyi alıb-almayacağı hələ məlum deyil. Üstəlik, ehtimal olunur ki, internetdə istifadəçilərə dəyən zərərlə mübarizəyə dair qanun layihəsinin digər müddəalarına müxalif “Koalisiya” (Liberal və Milli partiyaların yaratdığı birlik) və “One Nation” Partiyası etiraz edəcəklər.

Albanese sözügedən təşəbbüsü “insanlara seçim imkanının verilməsi” kimi təqdim etməklə hökumətin sosial şəbəkələrə müdaxilə etməsi ittihamından yayınmağa çalışır. Təklif olunan bildiriş sistemi hər bir avstraliyalıya seçim imkanı verməlidir.

“İnsanlar dayanmadan pis xəbərlərə baxmaq istəyirlərsə, bu onların öz işidir. Yox, əgər nəyinsə dəyişməsini istəyirlərsə, bu təşəbbüs onlara belə bir imkan yaradacaq”.

“Politfm”