Ermənistan Baş naziri Nikol Paşinyan Şanxay Əməkdaşlıq Təşkilatının Bişkekdəki sammiti çərçivəsində Rusiya prezidenti ilə görüşüb; 1 sentyabr 2026 (foto: AFP)
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə Bişkekdəki görüşündən sonra Moskvaya səfər edəcəyini açıqlayıb.
Onun sözlərinə görə, Rusiya Prezidenti Putinlə sentyabrın 1-də – Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsindəki görüşü “çox yaxşı” keçib, onlar “səmimi və konstruktiv” söhbəti Moskvada davam etdirmək barədə razılığa gəliblər.
Baş nazir Bişkek görüşündə Ermənistanın Rusiya ilə ənənəvi yaxın münasibətlərinə alternativ əlaqələr qurmaq səylərinin legitim olduğunu deyib. O bildirib ki, Ermənistanla Azərbaycan arasında sonra sülh razılaşması əldə olunandan sonra Cənubi Qafqazda vəziyyət dəyişib:
“Rusiya ilə Ermənistanın münasibətləri Ermənistan-Azərbaycan münaqişəsi dövründə başqa məna daşıyırdı. Artıq regionda sülh yarandığından vəziyyətə yeni nəzərlə baxmalıyıq”.
Rusiya onilliklər boyu Ermənistanla Azərbaycan arasında əsas vasitəçi olub. Ancaq tərəflər ötən il Vaşinqtonda sülh sazişini paraflayıblar.
Moskva Ermənistanın son illərdə Qərblə, xüsusilə də Avropa İttifaqı ilə əlaqələrinin möhkəmlənməsindən narazıdır.
Putin ŞƏT-in sammitindən sonra təşkil olunmuş mətbuat konfransında bunu bird aha nümayiş etdirib:
“Aİ-yə doğru getmək qərarına gəlmisinizsə, bu, hər bir ölkənin suveren seçimidir. Ermənistan xalqı ilə bizi tarixi dostluqdan da dərin bağlar birləşdirir. Ancaq bu gün eyni vaxtda hər iki ittifaqda olmaq mümkün deyil. Kənd təsərrüfatı məhsullarına qoyulan tələblər, texniki standartlar və bir çox başqa qayda bir-birinə uyğun gəlmir”.
Eyni zamanda, o qeyd edib ki, Ermənistan Gümrüdəki Rusiya hərbi bazasının ölkədə qalmasını istəməsə, Moskva qüvvələrini geri çəkməyə hazırdır:
“Ermənistan hesab edirsə ki, Rusiya hərbi bazası ona lazım deyil, sabah çıxarıq. Amma Ermənistan buna hazırdırmı? Buyursun. Biz özümüzü heç kimə zorla qəbul etdirməyəcəyik. Amma Ermənistan xalqı Rusiya hərbçilərinin ölkədə qalmasını istəsə, biz qalacaq, işləyəcək və əməkdaşlığımızı davam etdirəcəyik” (“Armenpress”).
“Ermənistan xalqı istəsə” ifadəsi sətiraltı təhdiddirmi?
Putinin mətbuat konfransında dediklərini – “Ermənistan xalqı istəsə” şərtini, “Aİ, yoxsa Avrasiya İqtisadi İttifaqı” seçimini referendum vasitəsilə xalqın öhdəsinə buraxmaq tövsiyəsini Rusiyanın ölkədəki tərəfdarlarından Paşinyan hökumətinə qarşı istifadə edə biləcəyinə dair eyham saymaq olarmı?
Başqa sözlə, Rusiya Ermənistanda siyasi böhran yaratmaq və çevriliş etmək üçün küçə etirazları təşkil edərmi?
Əslində, Moskvanın Yerevana başqa təsir vasitələri var – enerji və ticarət əlaqələri, Gümrüdəki hərbi baza, sərhədlərdə qalan Rusiya qüvvələri, dəmir yolu şəbəkəsi, rusdilli informasiya məkanı, biznes əlaqələri və Rusiyada yaşayan böyük erməni icması. Bundan başqa, Ermənistanın qaz təchizatı sistemini idarə edən “Gazprom Armenia” şirkəti bütövlükdə Rusiyanın “Gazprom” şirkətinə məxsusdur.
Lap yaxın keçmişdə – Ermənistanda iyun ayında keçirilmiş parlament seçkiləri ərəfəsində Rusiya ticarət məhdudiyyətləri vasitəsilə nəticələrə təsir etməyə çalışmışdı. AŞPA-nın seçkini müşahidə missiyasının rəhbəri həmin vaxt Rusiyadan gələn təzyiq və hədələrin görünməmiş səviyyəyə çatdığını demişdi.
Statistik araşdırmalar Rusiyaya bağlı informasiya şəbəkələrinin də Ermənistanı fəal şəkildə hədəf aldığını göstərir. DFRLab, “CivilNet” və “Erebus”un birgə araşdırmasında 2025-ci ilin yazından 2026-cı ilin iyununadək Ermənistanla bağlı 45 əlaqələndirilmiş dezinformasiya kampaniyası müəyyənləşdirilib. Bu kampaniyaların böyük hissəsi Paşinyanı nüfuzdan salmağa və hökumətə inamı sarsıtmağa yönəlmişdi.
Belə alətlər Rusiyaya iqtisadi çətinlikləri siyasi təzyiqə çevirmək, küçə etirazları üçün münbit şərait yaratmaq və hakimiyyəti uzunmüddətli böhrana sürükləmək imkanı verir.
Rusiyanın Ermənistandakı elektoral bazası nə dərəcədə güclüdür?
2026-cı il parlament seçkisinin nəticələri Ermənistandakı Rusiya tərəfdarlarının nəzərəçarpacaq gücə malik olduğunu göstərir. Samvel Karapetyanın “Güclü Ermənistan” ittifaqı səslərin 23,27 faizini, Robert Köçəryanın “Ermənistan” ittifaqı isə 9,92 faizini toplamış, bu iki qüvvə birlikdə səslərin təxminən 33,2 faizini (484 989 nəfər) qazanmışdı. Onların parlamentdə ümumilikdə 41 mandatı var. Bu, 105 yerlik parlamentin təxminən 39 faizi deməkdir.
Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası isə 49,75 faiz səs toplayaraq 64 mandatla hökuməti təkbaşına qurmaq imkanı qazanmışdı.
Üçdə birə yaxın səs Rusiyaya yaxın münasibətləri müdafiə edən müxalifət üçün ciddi elektoral və küçə səfərbərliyi bazasıdır. Ancaq həmin seçicilərin hamısını ideoloji baxımdan Rusiya yönlü hesab etmək doğru olmaz. Bu düşərgədə Qarabağın itirilməsinə, Azərbaycanla razılaşmaların şərtlərinə, hökumətlə kilsə arasındakı qarşıdurmaya, sosial vəziyyətə və Paşinyanın idarəçilik üslubuna etiraz edən müxtəlif qruplar birləşir. Onların bir hissəsi müxalif qüvvələr Moskvanın siyasətini dəstəklədiklərinə görə yox, Paşinyana alternativ gördüklərinə görə səs vermişdi.
Beynəlxalq Respublikaçılar İnstitutunun (IRI) 2026-cı ilin may ayında keçirdiyi sorğuda respondentlərin 35 faizi Rusiyanı Ermənistanın mühüm siyasi tərəfdaşlarından biri, 32 faizi isə ölkə üçün əsas siyasi təhdidlərdən biri adlandırmışdı. Yalnız Rusiya yönümlü xarici siyasət tərəfdarı olanların payı 6 faiz, Qərblə Rusiya arasında müxtəlif dərəcələrdə tarazlıq saxlanmasını istəyənlərin payı 57 faiz təşkil etmişdi. Amma həmin sorğuda Aİ-yə mümkün üzvlüyü dəstəkləyənlərin ümumi payı 75 faiz olmuşdu.
Bu rəqəmlər Rusiyaya bağlılığın Ermənistanda vahid və dəyişməz siyasi kimlik olmadığını göstərir. Cəmiyyətin əhəmiyyətli hissəsi Rusiya ilə iqtisadi və təhlükəsizlik əlaqələrinin qorunmasını istəyir, amma ölkənin yenidən tam şəkildə Moskvanın təsir dairəsinə qayıtmasını dəstəkləmir.
Putinin sözlərindəki əsas siyasi mesaj məhz bu həssas tarazlığa hesablanıb. “Ermənistan xalqı istəsə” ifadəsi bir tərəfdən hökumətin qərarını xalqın iradəsi ilə sınağa çəkmək cəhdidsə, digər tərəfdən Rusiyanın Ermənistan daxilində müraciət edə biləcəyi seçici və siyasi qüvvələrin mövcudluğunu xatırlatmaqdır. Bu baxımdan Putinin dediklərini örtülü təhdid elementi kimi xarakterizə etmək olar.
“Politfm”



