Yaponiyanın Baş naziri Sanae Takaiçi ikinci hökumətinin fəaliyyətə başlaması münasibətilə keçirdiyi mətbuat konfransında, 18 fevral 2026 (foto: Yaponiya Baş nazirinin ofisi)
Oktyabrın 21-də Sanae Takaiçinin Yaponiyanın baş naziri seçilməsinin bir ili tamam olacaq. Yaponiyanın ilk qadın baş naziri hakimiyyətə zəif parlament dayağı, hakim Liberal Demokratik Partiyanın (LDP) maliyyə qalmaqalları və yaşayış xərclərindən narazı cəmiyyət fonunda gəlmişdi.
Bu müddət ərzində onun parlamentdəki mövqeyi xeyli güclənib, ölkənin iqtisadi göstəriciləri qismən yaxşılaşıb, amma dövlət maliyyəsi və yenin (milli valyutanın) məzənnəsi ilə bağlı narahatlıqlar artıb. Xarici siyasətdə isə Yaponiya ABŞ və digər tərəfdaşları ilə əlaqələrini genişləndirib, Çinlə münasibətləri isə son onilliklərin ən ağır böhranlarından birinə sürüklənib.
Takaiçinin ilk qələbəsi: yeni kolasiya və üçdə iki çoxluğa
Takaiçi hakimiyyətə gəlməzdən az əvvəl LDP-nin uzun illər birlikdə işlədiyi Komeyto partiyası koalisiyadan çıxmış, bu qərarı LDP daxilindəki maliyyə pozuntularının lazımi səviyyədə araşdırılmaması ilə əsaslandırmışdı. Takaiçi hökuməti qurmaq üçün daha sağ mövqedə dayanan Yaponiya İnnovasiya Partiyası ilə razılaşdı. Beləliklə, onun baş nazirliyi həm köhnə koalisiya modelinin dağılması, həm də hakimiyyətin sağa meyillənməsi ilə başlandı.
Takaiçinin ən mühüm siyasi qərarı 2026-cı ilin fevralında növbədənkənar parlament seçkiləri keçirmək oldu. O, yüksək şəxsi reytinqini riskə atdı və bundan böyük siyasi divident götürdü – LDP 465 yerlik Nümayəndələr Palatasında 315 mandat qazandı; sonradan bir müstəqil deputatın partiyaya qoşulması ilə bu say 316-ya çatdı. Koalisiya tərəfdaşının 36 mandatıyla birlikdə hökumət aşağı palatada 352 yerə – yuxarı palatada qarşısı alınan qanun layihələrini yenidən səsverməyə çıxarıb qəbul etmək imkanı verən üçdə iki çoxluğa sahib oldu.
Bu nəticə Takaiçinin ən böyük daxili siyasi uğurudur. O, əvvəlki hökumətdən qalan idarəetmə böhranını qısa müddətdə güclü parlament mandatına çevirdi. 4 ay sonra keçirilən rəy sorğusunda isə respondentlərin 57,5 faizi hökumətin parlamentdəki davranışını sərt və təkəbbürlü hesab etdiyini bildirdi. Fövqəladə vəziyyət zamanı ölkənin ikinci idarəetmə mərkəzinin yaradılmasını nəzərdə tutan qanun layihəsinin kifayət qədər müzakirə edilmədiyini düşünənlərin payı isə 66,9 faiz idi.
Takaiçi seçkidə hakimiyyətini möhkəmləndirdi, amma bu üstünlük sonrakı aylarda onun zəif nöqtələrindən birinə çevrildi: hökumət qərar qəbul etmək qabiliyyətini nümayiş etdirdikcə, həmin qərarların necə qəbul edildiyi daha çox müzakirə olunmağa başladı.
İqtisadiyyatdakı nəticələr: yaxşılaşan göstəricilər, ağırlaşan risklər
Takaiçi ölkədəki iqtisadi vəziyyəti 2025-ci ilin üçüncü rübündə baş vermiş 0,6 faizlik geriləmənin ardınca təhvil almışdı. Sonrakı üç rübdə iqtisadiyyat ardıcıl olaraq böyüdü: 2025-ci ilin son rübündə 0,2 faiz, 2026-cı ilin ilk rübündə 0,5 faiz, ikinci rübündə isə 0,3 faiz. Son göstəricinin illik hesabla ifadəsi 1,1 faizdir. Artımın davam etməsi müsbət nəticədir, amma əhalinin istehlak səviyyəsi, demək olar ki, yerində sayır. İxracı əsasən avtomobil və yarımkeçirici tələbatı təmin edir.
Takaiçinin baş nazirliyi dövründə iqtisadiyyatın əsas göstəriciləri bu şəkildə dəyişib:
| Göstərici | Takaiçi hakimiyyətə gələndə | Son məlumat | Dəyişiklik |
| ÜDM-in rüblük artımı | -0,6% – 2025-ci ilin II rübü | +0,3% – 2026-cı ilin II rübü | Geriləmədən zəif artıma keçid |
| İllik inflyasiya | 3,0% – oktyabr 2025 | 1,9% – iyul 2026 | 1,1 faiz bəndi azalma |
| Real əməkhaqqı | -0,8% – oktyabr 2025 | +2,2% – iyun 2026 | Təxminən 3 faiz bəndi yaxşılaşma |
| İşsizlik | 2,6% – sentyabr 2025 | 2,4% – iyul 2026 | 0,2 faiz bəndi azalma |
| Dolların orta aylıq məzənnəsi | 151,32 yen – oktyabr 2025 | 162,45 yen – iyul 2026 | Yen təxminən 7,4% zəifləyib |
Qeyd: İnflyasiya göstəriciləri Yaponiya Statistika Bürosunun, əməkhaqqı məlumatları Yaponiya Əmək Siyasəti və Təlim İnstitutunun, məzənnə isə Yaponiya Bankının məlumatlarına əsaslanır.
Bu rəqəmlər Takaiçinin fəaliyyətini müsbət xarakterizə edən iki mühüm dəyişikliyi göstərir: qiymətlər əvvəlki qədər sürətlə artmayıb və maaşların alıcılıq qabiliyyəti yüksəlməyə başlayıb. 2026-cı ilin yaz danışıqlarında şirkətlər orta hesabla 5,01 faizlik maaş artımına razılaşıblar (Artıq üçüncü ildir ki, artım 5 faiz civarında qalır).
Ancaq real əməkhaqqındakı dönüşü yalnız hökumətin uğuru saymaq doğru olmaz. Bu, həm də həmkarlar ittifaqları ilə şirkətlər arasındakı danışıqların və inflyasiyanın zəifləməsinin nəticəsidir. Dövlətin elektrik enerjisi və qaz ödənişlərinə verdiyi subsidiyalar da qiymət göstəricisini aşağı salıb. Üstəlik, inflyasiyanın 3 faizdən 1,9 faizə enməsi qiymətlərin ucuzlaşması demək deyil; sadəcə bahalaşma əvvəlkindən yavaş gedir.
Yenin vəziyyəti daha ciddi problemdir. Takaiçinin geniş dövlət xərclərinə və aşağı faizlərə üstünlük verməsi Yaponiya ilə ABŞ arasındakı faiz fərqini böyüdüb, yenin satışını sürətləndirib. Zəif yen ixracatçı şirkətlərə və turizmə kömək etsə də, enerji, ərzaq və xammal idxalını bahalaşdırır. Nəticədə hökumət bir tərəfdən ailələrə subsidiya verir, digər tərəfdənsə onun yürütdüyü pul və büdcə siyasəti həmin ailələrin aldığı idxal mallarını bahalaşdırır.
Takaçinin ən çox təqdir edilən qərarları
Takaiçinin daxili siyasətdə ən çox təqdir edilən qərarları ailə büdcəsinə birbaşa təsir edən tədbirlər olub. 2025-ci ilin noyabrında qəbul edilmiş 21,3 trilyon yenlik iqtisadi paketə elektrik enerjisi və qaz subsidiyaları, benzinə vergi əlavəsinin müvəqqəti ləğvi və məktəbi bitirməmiş hər uşağa 20 min yenlik birdəfəlik yardım daxil edilib. Hökumətin hesablamasına görə, iki uşaqlı dördnəfərlik ailənin bu tədbirlərdən illik qazancı orta hesabla 80 min yeni ötə bilər.
Bu tədbirlərin üstünlüyü onların aydın və tez hiss olunmasıdır. Məhz buna görə ilk aylarda Takaiçiyə dəstəyin əsas səbəbləri arasında iqtisadi siyasətlə bağlı gözləntilər və “iş görmək bacarığı” göstərilirdi. NHK-nın 2026-cı ilin yanvarında keçirdiyi sorğuda hökuməti dəstəkləyənlərin 33,2 faizi onun qərarları həyata keçirmək qabiliyyətini əsas gətirmişdi.
Onun uzunmüddətli iqtisadi proqramında da diqqətəlayiq istiqamətlər var. Hökumət süni intellekt, yarımkeçiricilər, kosmos, gəmiqayırma, enerji, müdafiə sənayesi və təchizat zəncirləri də daxil olmaqla, 17 strateji sahəyə dövlət və özəl sektorun birgə sərmayəsini yönəltmək istəyir. 2040-cı ilədək nəzərdə tutulan ümumi sərmayənin həcmi 370 trilyon yendən çoxdur. Məqsəd onilliklər boyu yığılıb qalmış sərmayə çatışmazlığını aradan qaldırmaq və Yaponiya iqtisadiyyatının texnoloji mövqeyini gücləndirməkdir.
Bu, Takaiçinin yürütdüyü siyasətin güclü tərəfidir: baş nazir büdcədən yalnız sosial xərclərin bölüşdürülməsi vasitəsi kimi yox, sənaye sektorunun dayağı kimi də istifadə edir. Amma vəd edilən sərmayənin böyük hissəsinin sadəcə yol xəritəsindəki qeyddən və nəzərdə tutulan məbləğdən ibarət olmasıdır. Xərcin dövlət və özəl sektorlar arasında necə bölüşdürüləcəyi, layihələrin hansı gəlirliliklə işləyəcəyi və işçi qüvvəsinin azaldığı ölkədə bu qədər böyük proqramın necə həyata keçiriləcəyi tam aydın deyil.
Takaiçinin ən çox tənqid olunan qərarları
Ərzağa tətbiq edilən istehlak vergisinin iki il müddətinə 8 faizdən 1 faizə endirilməsi Takaiçinin həm ən cəlbedici, həm də ən çox mübahisə doğuran vədidir. Əlavə ödəniş mexanizmi ilə birlikdə ərzağın vergi yükü faktiki olaraq sıfıra yaxınlaşdırmalıdır. Qərar parlamentdən keçərsə, 2027-ci ilin aprelindən qüvvəyə minəcək.
Verginin azaldılması qiymət artımından əziyyət çəkən ailələr üçün anlaşılan addımdır. NHK-nın avqustda keçirdiyi sorğuda respondentlərin 49 faizi bu planı dəstəkləyib. Amma onların 67 faizi qərarın dövlət maliyyəsinə təsirindən narahatlığını bildirib. Qərarın əsas çatışmazlığı da buradadır: büdcə hər il təxminən 5 trilyon yen gəlirdən məhrum olacaq, amma hökumət həmin boşluğu hansı daimi mənbədən dolduracağını açıqlamır.
Güzəştin hamıya şamil olunması onun sosial dəqiqliyini də zəiflədir. Aztəminatlı ailə ilə yüksək gəlirli ailə eyni vergi endirimindən yararlanacaq, halbuki varlı ailənin xərclədiyi məbləğ çox olduğu üçün qazancı da çox olacaq. Üstəlik, ailələr yardımın əsas hissəsini 2027-ci ilin yazınadək gözləməli olacaqlar.
Beynəlxalq Valyuta Fondu Yaponiyaya ünvanladığı son hesabatında geniş istehlak vergisi güzəştindən çəkinməyi, dəstəyi yalnız həssas ailələrə yönəltməyi tövsiyə edib. Fond 2025-ci ildə ÜDM-in 0,9 faizi olan ilkin büdcə kəsirinin 2026-cı ildə 1,5 faizə yüksələcəyini proqnozlaşdırıb. BVF hesablama metodologiyasına görə, 2026-cı ildə Yaponiyanın ümumi dövlət borcu ÜDM-in təxminən 203 faizinə bərabərdir.
Bazarın həmin qərara reaksiyası da xəbərdarlıq xarakteri daşıyır. Onillik dövlət istiqrazlarının gəlirliliyi avqustun əvvəlində 2,87 faizə yüksəlib. Faiz xərcləri artdıqca, sosial müdafiəyə və yaşlanan əhaliyə xidmətə ayrılan vəsaitlə dövlət borcuna xidmət xərci arasında rəqabət güclənəcək. Takaiçinin əsas iqtisadi ziddiyyəti də budur: o, bu gün ailələri qorumaq üçün sabahkı büdcənin imkanlarını daraldır.
İlk qadın baş nazir kişi sələflərinin sosial siyasətini davam etdirir
Takaiçinin baş nazir olması Yaponiya üçün tarixi hadisədir. Amma o, 18 nəfərlik ilk kabinetinə cəmi iki qadın nazir təyin edib. Maliyyə naziri Satsuki Katayama bu vəzifəyə gələn ilk qadın olsa da, ümumi mənzərə Takaiçinin əvvəllər səsləndirdiyi “Şimali Avropa səviyyəsində qadın təmsilçiliyi” vədinə uyğun deyil.
Baş nazir eynicinsli nikahlara, nikahdan sonra ər və arvada fərqli soyad seçmək hüququ verilməsinə və ölkə imperatorunun qadın olmasına qarşıdır. Hökumət qadınlara varislik xətti ilə imperatorluq hüququ vermək əvəzinə, keçmiş imperator ailələrinin kişi üzvlərini övladlığa götürmə yoluyla ailəyə qaytarmağa üstünlük verdi və belə yanaşma ölkədə böyük etiraz doğurdu.
Bu mövzu yay aylarında Takaiçinin reytinqinin enməsində mühüm rol oynadı. NHK-nın avqust sorğusunda iştirakçıların 64 faizi imperator ailəsi haqqında dəyişikliklərin cəmiyyətə lazımi şəkildə izah olunmadığını bildirdi. İlk qadın baş nazirin qadın imperator variantının qarşısını alan qanun dəyişikliyini müdafiə etməsi onun tarixi obrazı ilə siyasi mövqeyi arasındakı ziddiyyəti daha aydın göstərdi.
Takaiçi hökuməti əcnəbilərlə bağlı siyasətdə də sərt xətt seçib. Daimi yaşayış icazəsi və vətəndaşlıq üçün tələblər ağırlaşdırılıb, vergi və sosial sığorta borclarına nəzarət gücləndirilib. Bu yanaşma yalnız miqrasiya problemindən narahat olan seçicilərin rəğbətini qazanır, o da hamısının yox. Əhalisi azalan; səhiyyə, xidmət, tikinti və kənd təsərrüfatı sektorlarında işçi çatışmazlığı problem yaşayan Yaponiyada sərt nəzarətin əmək bazarının ehtiyacları ilə necə uzlaşdırılacağı sualı hələ ki açıqdır.
Takaiçinin hökuməti fəaliyyətə başlayanda Yaponiyanın aparıcı sorğu mərkəzlərinin nəticələrində reytinq göstəriciləri 65–83 faiz arasında dəyişirdi. İndi isə vəziyyət fərqlidir.
NHK-nın nəticələrində hökumətə dəstək 2025-ci ilin noyabrındakı 65,6 faizdən 2026-cı ilin avqustunda 53 faizə düşüb. “Jiji Press”-in nəticələrində isə 2025-ci ilin noyabrında 63,8 faiz olan göstərici 2026-cı ilin iyulunda təxminən 49 faizə enib.
Amma baş nazirin reytinqi hələ də sələfi Şiqeru İşibanın son dövründəki reytinqindən xeyli öndədir.
Takaiçinin xarici siyasəti: daha güclü müdafiə şəbəkəsi
Takaiçi xarici siyasətdə keçmiş baş nazir Şinzo Abenin xəttini davam etdirir: ABŞ ilə ittifaqı əsas dayaq kimi qorumaq; Avstraliya, Hindistan, Cənubi Koreya, Avropa və Cənub-Şərqi Asiya ölkələri ilə təhlükəsizlik əlaqələrini genişləndirmək.
Onun hökuməti müdafiə xərclərini ÜDM-in 2 faizinə çatdırmaq planını iki il qabağa çəkərək 2026-cı ilin mart ayında buna nail oldu. Aprel ayında isə öldürücü silahların ixracına qoyulan məhdudiyyətlərin böyük hissəsi ləğv edildi. Artıq Yaponiya müdafiə əməkdaşlığı haqqında saziş imzaladığı 17 ölkəyə raket, döyüş dronu, hərbi gəmi və digər silahlar sata bilər.
Bu qərar Yaponiyanın müdafiə sənayesinə daha böyük bazar açır, istehsalın maya dəyərini azaltmağa və tərəfdaş ordularla uyğunluğu artırmağa imkan verir. Avstraliya ilə birlikdə 6,5 milyard dollarlıq freqat layihəsi, ABŞ ilə birlikdə raket layihələndirmələri və istehsalı, Böyük Britaniya və İtaliya ilə birlikdə yeni nəsil döyüş təyyarəsi proqramı həmin xəttin reallaşdırılmış nəticələrindəndir.
Amma Takaiçi Cənubi Koreya ilə münasibətlərdə gözlənildiyindən daha ehtiyatlı davranıb. Həm mühafizəkar, həm də tarix məsələlərində sərt mövqeyi olan siyasətçi kimi tanınmasına baxmayaraq bu ölkənin prezident Li Çje Myonla görüşlərində mübahisəli tarixi mövzuları cari təhlükəsizlik və iqtisadi əməkdaşlıq məsələlərindən ayırmağa çalışıb.
Nəticədə tərəflər süni intellekt, təchizat zəncirləri, sərhədlərarası cinayətkarlıq və məcburi əməyə cəlb edilmiş koreyalıların qalıqlarının müəyyənləşdirilməsi üzrə razıləğa gəliblər.
Hindistanla iqtisadi təhlükəsizlik, gəmiqayırma, yarımkeçiricilər, süni intellekt və dəniz rabitəsi sahələrində yeni yol xəritəsi qəbul edilib. Cənub-Şərqi Asiya ölkələrinin enerji ehtiyatlarını artırmaq üçün təxminən 10 milyard dollarlıq maliyyə çərçivəsi elan olunub. Bu təşəbbüslər Yaponiyanın təhlükəsizliyini yalnız ABŞ-dən asılı saxlamamaq və Çinin iqtisadi təsirinə qarşı daha geniş tərəfdaş şəbəkəsi yaratmaq baxımından əhəmiyyətlidir.
Amma özünümüdafiə siyasətinin qiyməti getdikcə yüksəlir. Hərbi xərclər, yeni kəşfiyyat qurumları və silah istehsalı dövlət büdcəsinin onsuz da ağır olan yükünü böyüdür. Digər tərəfdən, uzaqmənzilli raketlərə və geniş hücum imkanlarına keçid Yaponiyanın müharibədən sonrakı müdafiə anlayışını dəyişdirir. Takaiçi hökuməti bu dönüşün hüquqi və siyasi sərhədlərini cəmiyyətə hər zaman aydın izah etmir.
Çinlə böhranın səbəbkarı
Yaponiya–Çin münasibətlərindəki gərginliyin kökü Takaiçinin hakimiyyətindən əvvələ gedib çıxır. Səbəb Şərqi Çin dənizindəki mübahisəli adalar, Tayvan, tarixi yaddaş, Çinin hərbi fəallığı və ABŞ-Yaponiya əməkdaşlığıdır.
Amma Takaiçinin 7 noyabr 2025-ci ildə parlamentdəki çıxışı böhranı dərinləşdirən siyasi tətik oldu.
Həmin vaxt baş nazir demişdi ki, Çinin Tayvana hücumu və ya bu ölkəyə qarşı hərbi blokadası Yaponiyanın “mövcudluğunu təhlükə altına alan vəziyyət” sayıla bilər. Bu yanaşma isə Yaponiyaya kollektiv özünümüdafiə çərçivəsində hərbi qüvvədən istifadə etmək hüququ verir. Əvvəlki hökumətlər belə ehtimalı qeyri-publik şəkildə nəzərə alsalar da, Tayvanı açıq şəkildə nümunə göstərməkdən çəkiniblər. Onda Yaponiya rəsmiləri bildirmişdilər ki, Takaiçinin dedikləri əvvəlcədən hazırlanmış bəyanat olmayıb.
Pekin baş nazirin sözlərinə çinlilərin Yaponiyaya səfərlərdən çəkindirməklə, Yaponiya dəniz məhsullarının idxalını dayandırmaqla və ikili təyinatlı malların ixracına məhdudiyyət qoymaqla cavab verdi. 2026-cı ilin fevralında Yaponiyanın 40 şirkətinin və elmi qurumlarının adı xüsusi nəzarət siyahılarına salındı. Onların arasında “Mitsubishi Heavy Industries”, “Kawasaki Heavy Industries”, “Fujitsu”, “Subaru” kimi iri şirkətlərə məxsus müəssisələr var.
Bu qarşıdurmanın iqtisadi nəticələri artıq görünməkdədir. 2026-cı ilin iyulunda Çindən gələnlərin sayı əvvəlki ilin eyni ayı ilə müqayisədə 56,1 faiz azalıb. Cənubi Koreya, Tayvan, ABŞ və digər ölkələrdən gələnlərin artması isə ümumi turist sayını 0,1 faiz artırıb. Bu, turizm sahəsində Çinin təzyiqinin qismən əvəzlənə bildiyini göstərir.
Nadir torpaq elementləri sahəsində vəziyyət daha təhlükəlidir. “Reuters”-in araşdırmasına görə, terbium və disprozium oksidinin Çindən Yaponiyaya ixracı 2025-ci ilin noyabrı, 2026-cı ilin mayı aralığında faktiki olaraq dayanıb. Bu materiallar güclü maqnitlərin, elektrik avtomobillərinin, elektronikanın və silahların istehsalında istifadə olunur. Ehtiyatlar tükəndikcə, Çinin bu sahədəki məhdudiyyətlərinin təsiri ayrı-ayrı şirkətlərdən bütün sənayeyə yayılır.
Takaiçinin sözləri mümkün Tayvan münaqişəsində Yaponiyanın seçəcəyi mövqeyi daha aydın göstərdi, Pekin Tokionun çəkindirmə imkanlarını ciddi qəbul etmək zərurəti barədə mesaj almış oldu. Amma Yaponiya həm də iqtisadi təzyiqə məruz qaldı, hökumətlərarası əlaqələr, demək olar ki, dayandı. Avqustda münasibətləri bərpa etmək üçün Pekinə gedən parlament nümayəndə heyətinin üzvləri nazirliklər və rəsmilərlə dialoq kanallarının bağlandığını bildirirdilər.
Anım günüdə baş nazirin Yasukuni məbədinə getməməsini gərginliyin daha da artırmamağa yönəlmiş addım hesab etmək olar (Yaponiya rəsmilərinin bu məbədi ziyarət etməsi militarizm nümayişi və yapon təcavüzündən həlak olanların xatirəsinə təhqir kimi qiymətləndirilir). Ancaq müdafiə nazirinin və digər rəsmilərin ora getməsi, Takaiçinin isə partiya rəhbəri kimi ianə göndərməsi bu jestin təsirini azaltmış oldu. Amma onun Çin siyasətində əsas çatışmazlıq sərt mövqe tutması deyil, bu mövqeni iqtisadi hazırlıq və işlək diplomatik kanallarla tamamlamamasıdır.
Takaiçinin Trampla yaxınlığı Yaponiyaya nə qazandırır?
Takaiçi Donald Trampla münasibətlərini də Şinzo Abenin təcrübəsi üzərində qurur: şəxsi diqqət, açıq hörmət və ABŞ prezidentinin nəticə gözləntisinə cavab verən böyük layihələr. 2025-ci ilin oktyabr ayında Tokioda, 2026-cı ilin mart ayında Vaşinqtonda keçirilən görüşlər bu yaxınlığın əyani nümayişi idi.
Tramla yaxşı münasibətin Yaponiya üçün bir neçə real nəticəsi var. Yuxarıda da qeyd etdiyimiz kimi, ABŞ və Yaponiya raketlərin birgə hazırlanması və istehsalı barədə razılığa gəliblər. Kritik minerallar üzrə ehtiyatların yaradılması, alternativ yataqların işlənməsi və təchizat kəsintisi hallarında qarşılıqlı yardım mexanizmləri qurulur. İyul ayında isə ABŞ və
Yaponiya yenin sürətli ucuzlaşmasına qarşı birgə valyuta müdaxiləsi reallaşdırdılar. Dolların məzənnəsi 163 yendən yuxarı qalxmışdı və həmin müdaxilə məzənnəni bir müddət 155,2 yenə endirdi. Bu, Vaşinqtonun Tokioya verdiyi ən konkret maliyyə dəstəklərindən biridir.
Bundan başqa, Yaponiya şirkətləri ABŞ ilə 550 milyard dollarlıq strateji sərmayə proqramından yararlana biləcəklər. Təxminən 36 milyard dollarlıq bir paketə sintetik sənaye almazları zavodu, ABŞ neftinin ixracı üçün infrastruktur və süni intellekt mərkəzlərini enerji ilə təmin edəcək qaz elektrik stansiyaları daxildir.
Ancaq həmin proqram Takaiçidən əvvəl – 2025-ci ilin yayında razılaşdırılıb. Baş nazir bu sazişi qorumaslı və icrasını sürətləndirməlidir. ABŞ-nin Yaponiya mallarına tətbiq etdiyi 15 faizlik tarif də əvvəlcə nəzərdə tutulan 25 faizdən aşağıdır, amma 2024-cü ildə qüvvədə olan tariflərdən yüksəkdir. Polad üçün 50 faizlik, avtomobillər üçün 15 faizlik rüsum qalmaqdadır. Razılaşmaya əsasən, Yaponiya ABŞ-dən kənd təsərrüfatı məhsulları və enerji idxalını artırıb, Amerika avtomobilləri üçün bazar qaydalarını yumşaldıb. Sərmayə layihələrinin seçilməsində isə əsas söz ABŞ-yə məxsusdur.
Üstəlik, Yaponiyanın dövlət dəstəyi ilə formalaşan kapitalının böyük hissəsi iş yerlərini və istehsal gücünü ABŞ-də yaradır. Yaponiya şirkətləri sifariş qazansalar da, həmin vəsaitin ölkə daxilindəki sosial və sənaye ehtiyaclarına yönəlməməsi itkisi də var.
Siyasətçilər arasında şəxsi yaxınlıqlar təhlükəsizlik məsələlərində də birmənalı təminat yaratmır. Çinlə böhran günlərində Vaşinqton Takaiçi hökumətinə dərhal və yüksək səviyyəli dəstək vermədi. “The Wall Street Journal”ın məlumatına görə, Tramp baş nazirə Tayvan məsələsində Pekini qıcıqlandırmamağı məsləhət görüb. Onda Yaponiya hökuməti xəbərin bu şəkildə təqdim edilməsinə etiraz etmişdi.
İran müharibəsi zamanı Tramp Yaponiyadan Hörmüz boğazında daha fəal hərbi iştirak istədi. Takaiçi ölkə qanunlarının imkan vermədiyi addımları atmadı, əvəzində enerji ehtiyatlarından 80 milyon barel neft ayırdı və diplomatik dəstək verdi. Bu onun Trampa yaxınlıqla hüquqi məhdudiyyətlər arasında sərhədi qoruya bildiyini üzə çıxardı. Eyni zamanda, Takaiçi ilə Vaşinqtondakı görüşündə Trampın II dünya müharibəsinə aid Pörl-Harbor hücumunu xatırlatması göstərdi ki, şəxsi münasibətlər Tokionu ABŞ prezidentinin təzyiqindən və sərt üslubundan qoruya bilmir.
ABŞ-ninn maliyyə naziri Skott Bessentin Yaponiyadan faizləri artırmağı və iri stimullaşdırma proqramından uzaqlaşmağı tələb etməsi də bu münasibətin başqa tərəfidir. Vaşinqton kömək etməyə davam edir, amma bunun müqabilində Tokionun pul və büdcə siyasətinə təsir göstərməyə çalışır.
Qarşıdakı aylarda Takaiçi üçün əsas sınaq ərzaq vergisinin büdcədə açacağı boşluğu dövlət borcunu artırmadan doldurmaq, real əməkhaqqındakı yüksəlişin davamlılığına nail olmaq, Çinlə əlaqələri təhlükəsizlik mövqeyindən geri çəkilmədən bərpa etməklidir. O, Trampla qurduğu şəxsi münasibəti də ayrı-ayrı liderlərin rəğbətindən asılı olmayan, Yaponiyaya ölçülə bilən fayda verəcək institusional sazişlərə çevirməlidir.
Baş nazir postundakı ilk ildə Takaiçi ölkənin maraqlarını və qanunlarını qorumaq cəsarətini nümayiş etdirdi, qarşıda isə onu rasionallıqla populistlik arsında seçim gözləyir.
“Politfm”



