Donald Tramp, Nikolas Maduro, Alexandro Betankur (illüstrasiya:”Axios”, fotolar:AFP)

 

 

ABŞ Prezidenti Donald Trampın Venesuelanın 65 milyard barellik neft ehtiyatına çıxış əldə etdiyini açıqlaması ilk baxışda böyük enerji sazişi təsiri bağışlayır. Ancaq razılaşmanın pərdəarxasında Pentaqon, Venesuelanın yeni rəhbərliyi və barəsində uzun illər maliyyə araşdırması aparılmış iş adamı arasında qurulan mürəkkəb münasibətlər dayanır.

“Axios” nəşrinin araşdırmasına görə, razılaşmanın əsas fiquru 46 yaşlı venesuelalı iş adamı Alexandro Betankurdur. O, vaxtilə Nikolas Maduro hakimiyyətinin devrilməsinə çalışan müxalifətlə əməkdaşlıq edib, daha sonra yenidən Karakas rəhbərliyi ilə münasibət qurub. İndi isə onun şirkəti Pentaqonla misli görünməmiş tərəfdaşlığa hazırlaşır.

ABŞ rəsmilərindən biri “Axios”-a bildirib ki, Betankurt olmasaydı, enerji razılaşması baş tutmazdı; üstəlik, onun fəaliyyəti Maduronun hakimiyyətdən uzaqlaşdırılmasında da mühüm rol oynayıb.

ABŞ  sərmayə qoymadan Venesuela neftindən pay alacaq

“Axios”-a danışan rəsmilərin sözlərinə görə, avqustun ortalarında Betankurt, Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriqes, ABŞ Dövlət Departamenti və Pentaqonun Strateji Kapital İdarəsinin nümayəndələri ilkin razılığa gəliblər.

Razılaşmanın açıqlanan şərtlərinə əsasən:
– Venesuela yataqdan asılı olaraq hasilatın 16–40 faizini alacaq və layihədən vergi gəliri əldə edəcək;
– ABŞ layihəyə birbaşa pul qoymadan şirkətdə 35 faizlik pay qazanacaq;
– Vaşinqton vergilər çıxıldıqdan sonra hasil olunan neftin 20 faizini maya dəyərinə almaq hüququ əldə edəcək;
– Betankurtun “North American Blue Energy Partners” şirkəti Venesueladakı 17 neft yatağına çıxış qazanacaq və faktiki olaraq ABŞ ordusunun siyasi himayəsindən yararlanacaq.

“Axios”-un hesablamasına görə, ABŞ üçün neftin alış qiyməti bir barel üçün təxminən 30 dollar ola bilər. Yazının dərc olunduğu gün xam neftin bazar qiyməti 90 dollara yaxın olub.
ABŞ-nin 35 faizlik payı şirkətin səhmlərini simvolik qiymətə əldə etmək hüququ verən maliyyə alətləri vasitəsilə rəsmiləşdirilə bilər. Bu model Vaşinqtona ilkin sərmayə qoymadan layihədə böyük pay və hasilat üzərində təsir imkanı qazandırır.

Venesuela tərəfi isə layihəyə 100 milyard dollardan çox sərmayənin qoyulacağını və dövlətin gələcəkdə təxminən 200 milyard dollar vergi gəliri əldə edəcəyini bildirir.

Maduro ilə müxalifət arasında qalan vasitəçi

Betankurtun ABŞ hökuməti ilə əlaqələri Trampın birinci prezidentliyi dövründən başlayıb. Vaşinqton 2019-cu ildə Nikolas Maduronu legitim prezident kimi tanımadıqdan və parlament sədri Xuan Quaydonu ölkənin qanuni rəhbəri elan etdikdən sonra tərəflər arasında Betankurt vasitəçilik edib.

“Axios”-un məlumatına görə, o, Venesuela müxalifəti ilə ölkənin siyasi və hərbi rəhbərliyindəki şəxslər arasında əlaqə yaradıb. Məqsəd hakimiyyətin zorakılıq olmadan Quaydoya verilməsi üçün ölkə daxilində ona dəstək toplamaq idi.

Betankurt həmçinin Moskvaya gedərək müxalifət tərəfinin məktubunu Rusiya rəhbərliyinə çatdırıb. Həmin məktubda Rusiyadan Maduroya dəstəyi dayandırmaq istənib.
Amma Maduronu hakimiyyətdən uzaqlaşdırmaq planı baş tutmayıb. Bundan sonra Maduro Betankurtun həbsinə göstəriş verib. O, ölkədən qaçıb, əmlakı və neft şirkəti müsadirə olunub.
Buna baxmayaraq 2023-cü ildə vitse-prezident Delsi Rodriqes neft hasilatını bərpa etmək üçün Betankurtun ölkəyə qaytarılmasını təklif edib. Mənbənin sözlərinə görə, Maduro bunun müqabilində ondan müxalifətlə əlaqələrini kəsməsini tələb edib.
Beləliklə, vaxtilə Maduronu devirmək istəyən qüvvələrlə çalışan Betankurt bir neçə il sonra neft sektorunu dirçəltmək üçün yenidən Karakasa qayıdıb.

Maduronun ələ keçirildiyi gün baş tutmuş telefon danışıqları

Betankurtun ən mühüm fəaliyyəti Maduronun hakimiyyətdən uzaqlaşdırıldığı gün üzə çıxıb.
“Axios” yazır ki, yanvarın 3-də – ABŞ hərbçilərinin Maduronu ələ keçirdiyi əməliyyat zamanı Betankurt Trampın Venesuela üzrə qeyri-rəsmi nümayəndəsi Maurisio Klaver-Karone ilə və Delsi Rodriqeslə danışıb.
Betankurta yaxın mənbənin iddiasına görə, Rodriqes əvvəlcə Maduronun öldürüldüyünü və ABŞ-nin onu aldatdığını düşünüb. O, həm qəzəbli, həm də qorxmuş vəziyyətdə olub.
Betankurt Rodriqesi sakitləşdirərək onu ABŞ-nin dövlət katibi Marko Rubio ilə danışmağa və ölkənin müvəqqəti idarəçiliyini üzərinə götürməyi müzakirə etməyə razı salıb.

Bu əlaqələr Betankurtu həm Venesuelanın keçmiş müxalifəti, həm yeni rəhbərliyi, həm də Tramp administrasiyası ilə birbaşa danışa bilən azsaylı vasitəçilərdən birinə çevirib.
1,2 milyard dollarlıq araşdırmada adı çəkilib

Onun keçmişi yalnız neft və siyasətdən ibarət deyil. Onun adı 1,2 milyard dollarlıq çirkli pulların yuyulmasıyla bağlı beynəlxalq araşdırmada da çəkilib.
ABŞ-də aparılan istintaq çərçivəsində Betankurtun qohumu və bir neçə başqa venesuelalı barəsində ittiham irəli sürülüb. Betankurt özü təqsirləndirilməyib.

Həmin dövrdə onun vəkillərindən biri Trampın keçmiş şəxsi vəkili Rudi Culiani olub. “The Washington Post”-un məlumatına görə, Culiani ABŞ Ədliyyə Nazirliyinin yüksək vəzifəli şəxsləri ilə görüşərək müvəkkilinin qanunsuz əməliyyatlardan xəbərsiz olduğunu bildirib.
Culiani həmin görüşdən bir ay əvvəl iki nəfərlə birlikdə Betankurtun İspaniyadakı El-Alamin qəsrində qalıb. Onlar burada Ukrayna Prezidenti Volodimir Zelenskinin köməkçisi ilə görüşərək Co Bayden və ailəsi haqqında araşdırma aparılmasını istəyiblər.

İllər sonra İsveçrə hakimiyyəti köhnə maliyyə işini yenidən araşdırmağa başlayıb və İspaniya polisi Betankurtun qəsrində, eləcə də Madriddəki ofisində axtarış aparıb. İsveçrə onun ekstradisiyasını istədiyi üçün Betankurt bir müddət Böyük Britaniyanı – yaşadığı ölkəni tərk edə bilməyib. Bu isə Vaşinqton və Karakasda keçiriləcək görüşlərdə iştirakına və beləliklə də neft razılaşmasının tamamlanmasına mane olub.

“The Washington Post” yazır ki, ABŞ rəsmiləri, o cümlədən həmin vaxt baş prokuror olan Pam Bondi İsveçrə tərəfinə Betankurtun xarici siyasət üçün əhəmiyyətini xatırladaraq araşdırmanı təxirə salmağı təklif ediblər.

İsveçrə rəsmiləri sonradan Britaniya məhkəməsinə ekstradisiya prosesini davam etdirməyə hazır olmadıqlarını bildiriblər. Bunun ardınca Betankurt səfər imkanını bərpa edib.
Onun vəkili Con Seyl müvəkkilinin haqsız şəkildə hədəfə çevrildiyini deyib. Vəkil vurğulayıb ki, Betankurtun fəaliyyəti uzun müddət araşdırılsa da, heç vaxt cinayət məsuliyyətinə cəlb edilməyib və məhkum olunmayıb.

65 milyard barel neftin hasilatı realdırmı?

Razılaşmanın siyasi tərəfi qədər iqtisadi əsasları da mübahisəlidir. Tramp ABŞ-nin Venesuelada çıxarıla bilən 65 milyard barel neftə nəzarət edəcəyini bildirir. Ölkənin yeraltı neft ehtiyatlarının ümumi həcmi təxminən bir trilyon barel qiymətləndirilir.

Amma ehtiyatların böyük hissəsi Orinokodakı neft yataqlarında yerləşir və hələ işlənməyib. Ordakı neft çox ağır, qatı və qarışıqlarla zəngindir. Onun çıxarılması, daşınması və emalı adi xam neftlə müqayisədə daha baha başa gəlir.

“Reuters Breakingviews” xidməti “Wood Mackenzie” şirkətinin hesablamalarına əsasən yazır ki, bəzi yeni yataqlarda bir barelin rentabellik həddi 80 dollara çata bilər. Neftin bazar qiyməti 90 dollar civarında olduqda sərmayədarların qazancı böyük görünmür.
Hasilatın genişləndirilməsi üçün cəngəllik ərazilərdə quyular qazılmalı, yeni boru kəmərləri çəkilməli, ağır nefti durultmaq üçün daha yüngül karbohidrogenlər gətirilməli və daşınma üçün tankerlər ayrılmalıdır.

ABŞ-nin Meksika körfəzi sahillərində ağır nefti emal edə bilən zavodları öz imkanlarının təxminən 95 faizi həddində fəaliyyət göstərir. Bu baxımdan Trampın vədi – Venesuela neftinin ABŞ-nin strateji ehtiyatlarını sürətlə artırması ehtimalı texniki maneələrlə üzləşir. “Reuters Breakingviews”-in məlumatına görə, mövcud anbar sistemi bu dərəcədə ağır nefti qəbul etməyə hazır deyil.

Sərmayədarları həm də siyasi risklər narahat edir

Layihənin həyata keçirilməsi üçün təkcə texnologiya və böyük həcmdə pul kifayət etmir. Neft şirkətlərinə uzunmüddətli hüquqi və siyasi təminat da lazımdır.
Venesuela keçmişdə xarici neft şirkətlərinin aktivlərini milliləşdirib. Trampın prezidentlik müddətinin iki ildən sonra başa çatacağına, Delsi Rodriqesin isə seçki yolu ilə hakimiyyətə gəlmədiyinə nəzərən razılaşmanın növbəti hökumətlər dövründə qüvvədə qalacağına zəmanət yoxdur.

“Chevron” Venesuelada fəaliyyətini davam etdirir və bu il gündə təxminən 280 min barel neft hasil edəcəyi gözlənilir. Digər böyük şirkətlər isə ölkəyə qayıtmağa tələsmirlər. “ExxonMobil”in rəhbəri Darren Vuds yanvar ayında demişdi ki, Venesuela sərmayə qoymaq üçün əlverişsiz ölkədir.

Beləliklə, Trampın razılaşması ABŞ-yə böyük neft ehtiyatlarına çıxış vəd etsə də, onun həyata keçirilməsi hələ təmin olunmayıb. Layihənin taleyi milyardlarla dollarlıq sərmayədən, siyasi sabitlikdən, hüquqi təminatlardan və neft şirkətlərinin riskə gedib-getməyəcəyindən asılı olacaq.

Bu razılaşma dövlətin hərbi imkanları ilə şəxsi kommersiya maraqları arasındakı sərhədi də bulanıq hala gətirir. Betankurtun şirkəti 17 yatağa çıxış əldə edir, ABŞ hökuməti pul qoymadan 35 faizlik pay qazanır, Pentaqon isə özəl neft layihəsinin siyasi dayağına çevrilir.
Ona görə də bu razılaşma təkcə enerji layihəsi yox, Tramp administrasiyasının hərbi güc, xarici siyasət və biznes maraqları kimi fərqli faktorları eyni mexanizmdə birləşdirməyə çalışdığı yeni model kimi də diqqət çəkir.

“Politfm”