İllüstrasiya: “Reuters”
“Meta”nın rəhbəri Mark Zükerberq şirkətin əməliyyat sisteminə süni intellekt (Sİ) tətbiq etmək üşün 2026-cı ilin əvvəlində “Project OT” (“Organizational Transformation” – “Təşkilati transformasiya”) adlı plan işə salıb. Bu layihədə minlərlə əməkdaşın gördüyü gündəlik işin böyük hissəsini süni intellekt agentlərinə həvalə etməyi nəzərdə tutulub.
“Reuters”-in onlarla daxili sənəd, paylaşım və səs yazısına, eləcə də “Meta”dakı proseslər barədə məlumatı olan 20-dən çox şəxslə söhbətə əsasən hazırladığı araşdırmaya görə, şirkət rəhbərliyi bir sıra komandaların sayını 60 faizədək azaltmaq imkanını nəzərdən keçirib. Əvvəlkindən xeyli az sayda yüksək ixtisaslı əməkdaşsa süni intellekt agentlərinin fəaliyyətinə nəzarət etməli idilər.
“Meta” “Reuters”ə açıqlamasında bildirib ki, 60 faizlik ixtisar planı şirkətin bütün işçilərinə yox, bəzi komandalarla bağlı ən sərt ssenarilərə aid olub və işçilərin ixtisarı ilə yanaşı, onların yeni bölmələrə keçirilməsini, boş iş yerlərinin bağlanmasını da nəzərdə tutub.
İki mərhələli ixtisar planı
Yenidənqurma iki mərhələdə həyata keçirilməli imiş. İlk ixtisar dalğasını mayda, ikincisini isə noyabrda reallaşdırmaq nəzərdə tutulubmuş. Lakin mayın 19-da, ilk ixtisarlara cəmi bir neçə saat qalmış Zükerberq ikinci mərhələnin olmamasına qərar verib.
Mayın 20-də əməkdaşların 10 faizi işdən çıxarılıb. İxtisarlar və başqa bölmələrə keçirmələr nəticəsində bəzi mühəndis komandalarında çalışanların sayı mayın sonuna kimi 30 faizə qədər azalıb.
“Meta”-dan “Reuters”-ə bildiriblər ki, ikinci mərhələdə neçə işçinin ixtisar ediləcəyi hələ dəqiqləşdirilməmişdi. Agentlik Zükerberqin qərarını dəyişməsinə konkret hansı amilin səbəb olduğunu müəyyən edə bilməyib.
Kiçik komandalar və birləşdirilən vəzifələr
Yeni model, adətən, 10–20 nəfərdən ibarət olan komandaların 3–5 nəfərlik kiçik qruplarla əvəzlənməsini; mühəndis, dizayner və digər ixtisaslaşmış vəzifə adlarının aradan qaldırılmasını, komanda üzvlərinin hamısının “builder” (məhsul hazırlayan əməkdaş) kimi fəaliyyət göstərməsini, orta səviyyəli idarəetmə pillələrinin azaldılmasını, gündəlik prioritetlərin müəyyənləşdirilməsində süni intellektdən istifadə olunmasını nəzərdə tutub. Mühəndislik və tədqiqat bölmələri də daxil olmaqla, artıq mayın sonunda ən azı 11 strukturda kiçik komanda modeli tətbiq edilib.
Süni intellektlə daha çox kod hazırlanıb, amma məhsuldarlıq eyni səviyyədə artmayıb
“Meta”nın daxili göstəricilərinə görə, süni intellekt alətlərindən istifadə nəticəsində hazırlannan proqram kodlarının sayı kəskin artsa da, bu, məhsuldarlığa və istifadəçilərə təqdim olunan yeni funksiyaların sayına eyni səviyyədə təsir göstərməyib.
“Meta”nın texnologiya direktoru Endrü Bosvort iyun ayının əvvəlində daxili çatda yazıb ki, şirkətin proqram platformalarının və infrastrukturundakı kod dəyişikliklərinin sayı il ərzində 220 faiz artsa da, istifadəçilərə təqdim olunan yeni və ya təkmilləşdirilmiş funksiyalarla bağlı artım isə 36 faiz təşkil edib.
Daxili məlumatlarda o da qeyd olunub ki, nəzarətsiz işləyən süni intellekt agentləri sistemlərdə çoxsaylı pozuntular yaradıblar. Xidmətlərin dayanması və mümkün məlumat sızmaları kimi ciddi texniki problem və təhlükəsizlik hadisələrinin sayı əvvəlki illə müqayisədə 40 faiz, əməkdaşların həmin problemləri aradan qaldırmağa sərf etdiyi vaxtsa 70 faiz artıb.
İyunun əvvəlində hakerlər “Meta”nın süni intellektlə işləyən müştəri xidməti botundakı boşluqdan faydalanaraq bir sıra tanınmış “Instagram” hesablarına, o cümlədən Barak Obama administrasiyasının artıq istifadə edilməyən Ağ Ev səhifəsinə giriş əldə etmişdilər.
Mühəndislərə modellər üçün təlim materialı hazırlamaq tapşırılıb
Bəzi mühəndisləri “Meta” modellərinin kodlaşdırma bacarıqlarını yaxşılaşdırmaq üçün yaradılmış “Applied AI Engineering” bölməsinə keçiriblər. Onlara modellərin təlimində istifadə ediləcək proqramlaşdırma tapşırıqları hazırlamaq həvalə olunub.
“Reuters”-in gördüyü daxili yazışmlarda əməkdaşların bir qismi bu işi yeknəsəq və darıxdırıcı adlandırıb. “Meta” isə bildirib ki, həmin bölmənin hazırladığı məlumatlar şirkətin ötən ay təqdim etdiyi süni intellekt modelinin təlimində istifadə olunub və nəticələri artıq görünməkdədir.
Yeni araşdırma və ixtisarlar narazılıq doğurub
“Meta” süni intellekt agentlərinə insanların kompüterdə necə işlədiyini öyrətmək üçün ABŞ-də çalışan əməkdaşların kompüterlərinə onların klaviaturadan və “siçan”dan necə istifadə etdiklərini qeydə alan proqram quraşdırıb. Əməkdaşların bir qismi hesab edib ki, məqsəd onları əvəz edəcək sistem hazırlamaqdır.
Narazılığı artıran digər məqam ixtisarlarla bağlı qeyri-müəyyənlik olub. İşçilər rəhbərliyin daxili şəbəkədəki paylaşımlarına fil təsvirləri ilə cavab veriblər. Bu, ingilis dilində hamının bildiyi, amma haqqında açıq danışılmayan problem zamanı işlədilən “otaqdakı fil” ifadəsinə – şirkətdə gözlənilən ixtisarlara işarə olub.
“Meta”nın daxili “Pulse” sorğusu da narazılığın artdığını göstərib: şirkətə müsbət münasibət bildirən işçilərin sayı 74 faizdən 55 faizə enib. Eyni zamanda işçilər arasında öz aralarında təşkilatlanma meyli də güclənib.
Zükerberq hesablamalardakı yanlışlığı etiraf edib
Zükerberq iyulun əvvəlində keçirilmiş daxili toplantıda deyib ki, yenidənqurma işlərinin vaxtını müəyyənləşdirməkdə yanlış hesablamalara yol verilib, süni intellekt agentləri onun gözlədiyi sürətlə inkişaf etməyib. Amma o qeyd edib ki, qarşıdakı üç-altı ayda texnologiya daha çox fayda verməyə başlayacaq.
İlk ixtisar dalğasından sonra rəhbərlik əməkdaşların narazılığını azaltmağa çalışıb. Kompüter “siçan”ının hərəkətlərini qeydə alan proqram dayandırılıb, yeni Sİ bölməsinə keçirilən bəzi işçilərə əvvəlki komandalarına qayıtmağa icazə verilib.Vəd olunub ki, ofislərdə qəlyanaltıların keyfiyyəti yaxşılaşdırılacaq, səfərlərə və kollektiv tədbirlərə ayrılan vəsait artırılacaq.
Bununla belə, “Meta” özünün süni intellekt strategiyasından tam imtina etməyib. Şirkət 2026-cı ildə Sİ çiplərinə və digər infrastruktura ən azı 130 milyard dollar yatırmağı planlaşdırır. Amma şirkət “Project OT” layihəsinin ən sərt ssenarilərindən və noyabrda keçirilməsi nəzərdə tutulan ixtisarlardan vaz keçib.
“Politfm”



