Foto: “Bloomberq”

 

 

Sinqapur hökuməti doğum sayının kəskin enməsi fonunda ailələrə maliyyə yardımını, uşağa qulluq məzuniyyətini, məktəbəqədər xidmətlərə verilən subsidiyaları və mənzil güzəştlərini genişləndirən paket açıqlayıb.

Bu barədə “The Japan Times” nəşri məlumat yayıb.

Baş nazir Lourens Vonq avqustun 23-də Milli Gün münasibətilə keçirilən illik toplantıdakı çıxışında bildirib ki, yeni paket və mövcud ödənişlər birlikdə Sinqapur vətəndaşı olan hər uşağa doğulduğu gündən 17 yaşınadək təxminən 70 min Sinqapur dolları məbləğində maliyyə dəstəyi verilməsini nəzərdə tutur. Bu, təxminən 55 150 ABŞ dollarına bərabərdir.

Ancaq 70 min Sinqapur dollarının hamısı valideynlərə birdəfəlik və nağd şəkildə verilməyəcək. Məbləğ uşağın böyüdüyü müddətdə müxtəlif ödənişlər və xüsusi hesablara köçürmələr şəklində təqdim olunacaq.

Pul necə veriləcək?

“SG Child Support Package” adlı yeni paket hər uşağa 62 min Sinqapur dolları yardım nəzərdə tutur:
• uşaq doğulduqdan sonrakı 12 ay ərzində iki hissə ilə ödəniləcək 10 min dollarlıq “Baby Gift”;
• uşağın bir yaşından 16 yaşınadək hər il 2 min dollar olmaqla, ümumilikdə 32 min dollarlıq nağd ödəniş;
• Uşaq İnkişafı Hesabına ilkin olaraq köçürüləcək 5 min dollar;
• valideynlərin həmin hesaba yatırdığı vəsait müqabilində dövlətin ayıracağı 5 min dollaradək əlavə məbləğ;
• uşağın 17 yaşı tamam olduqda orta təhsildən sonrakı təhsil xərcləri üçün hesabına köçürüləcək 10 min dollar.

Bu ödənişlərə yeni doğulan uşağın tibbi xərcləri üçün ayrılacaq 5 min dollarlıq “MediSave” və məktəb illərində təhsil hesabına köçürülən təxminən 2 500 dollar da əlavə olunur. Beləliklə, ümumi dəstəyin məbləği təxminən 70 min Sinqapur dollarına çatır.

Yeni paket əsas dəstək məbləğininin ailədə neçənci övladı olmasından asılı olmayaraq hər bir uşağa erilməsini nəzərdə tutur. Dəyişikliklər təkcə bundan sonra doğulacaq uşaqlara aid deyil: o, 2026-cı ildə doğulmuş və 1–17 yaş aralığındakı Sinqapur vətəndaşı olan uşaqlar da şamil ediləcək. Amma onların hər biri yaşına uyğun ödənişlərdən yararlanacaq.

Uşaq yeni doğulduqda verilən 10 min Sinqapur dolları məbləğində “Baby Gift” ödənişi isə 2027-ci il aprelin 1-dən etibarən dünyaya gələn uşaqlara şamil olunacaq. Bu tarixdən əvvəl doğulan və hazırkı “Baby Bonus” ödənişlərini almaqda olan uşaqlar üçün keçid qaydaları tətbiq ediləcək: mövcud ödənişlər 2027-ci il martın 31-dək davam etdiriləcək, lazım gəldikdə isə ümumi məbləğin 10 min dollara çatdırılması üçün aprelin 30-dək əlavə vəsait veriləcək (Sinqapur hökumətinin paket haqqında açıqlaması).

Uşağa qulluq məzuniyyətinin müddəti artırılır

Yeni qaydalara əsasən, 12 yaşınadək uşağı olan valideynin illik məzuniyyəti artırılacaq:
• bir uşağı olan valideynə 8 gün;
• iki uşağı olan valideynə 10 gün;
• üç və daha çox uşağı olan valideynə 12 gün.
Hazırda ibtidai məktəbdə oxuyan üç uşağı olan ər-arvad birlikdə cəmi 4 günlük məzuniyyət hüququna malikdir. Yeni qayda qüvvəyə mindikdən sonra onların məzuniyyət müddəti ümumilikdə 24 gün olacaq.

Hökumət uşaqlarla bağlı qanunla müəyyən edilmiş ödənişli məzuniyyətlərin xərcini kompensasiya həddinədək qarşılamağı da planlaşdırır. Bu dəyişiklik işəgötürənlərin üzərinə düşən maliyyə yükünü azaldacaq. Yeni məzuniyyət qaydalarının qüvvəyə minəcəyi tarix isə hələ açıqlanmayıb (Baş nazirin çıxışının rəsmi mətni).

Bağça ödənişləri mərhələli şəkildə azaldılacaq

Hökumətin dəstəklədiyi məktəbəqədər təhsil müəssisələrində tamgünlük uşaq baxımının aylıq ödənişinin 150, körpələrə qulluq xidmətinin isə 300 Sinqapur dollarına endirilməsi nəzərdə tutulur.

Bu məbləğlər dərhal tətbiq edilməyəcək. Ödənişlər mərhələli şəkildə azaldılacaq və 2030-cu ilədək müəyyən edilmiş həddə çatdırılacaq. Aztəminatlı ailələr əlavə subsidiyalar hesabına daha aşağı məbləğ ödəyəcəklər.

Uşaqlı ailələrə mənzil üçün püşkatmada təkrar iştirak imkanı

Dövlətin subsidiya verdiyi mənzillərə müraciət edən ailələr üçün aylıq gəlirin yuxarı həddi avqustun 24-dən etibarən 14 mindən 16 min Sinqapur dollarına qaldırılıb.

2027-ci ilin fevralından etibarən ilk dəfə dövlət mənzili almaq istəyən ailələr mövcud və ya doğulması gözlənilən hər Sinqapur vətəndaşı üçün püşkatmada əlavə bir iştirak imkanı əldə edəcəklər. Bu qayda yaşı 18-dən çox olmayan uşaqlara və həm BTO, həm də satışa qaytarılmış dövlət mənzillərinə şamil ediləcək. (Sinqapur Mənzil İnkişafı Şurasının açıqlaması)

Doğum səviyyəsində kəskin azalma var

Sinqapurun rezident əhalisi üzrə ümumi nəsilvermə əmsalı 2025-ci ildə 0,97-dən 0,87-yə düşüb. Bu, ölkədə indiyədək qeydə alınmış ən aşağı göstəricidir (Sinqapur Statistika Departamenti).

Ölkədə əhalinin sürətlə yaşlanması problem də var. Sinqapur vətəndaşlarının 21 faizindən çoxunun yaşı 65 və daha yuxarıdır. Bu göstərici ilə ölkə 2026-cı ildə “superyaşlı cəmiyyət” hesab olunan ölkələr sihasına düşüb.

Vonqun sözlərinə görə, hökumət ailələrə dəstəyi əsasən uşağın doğulduğu dövrdə cəmləşdirmək əvəzinə, valideynlərə uşağın bütün böyümə dövrü ərzində kömək edən sistem qurmağa çalışır.

“Politfm”