Foto: IRNA
İran Prezidenti Məsud Pezeşkian ölkədə qiymətlərin artmasını və əhalinin dolanışığına təzyiqin güclənməsini müharibə, ABŞ-nin neft sanksiyaları və “dəniz blokadası” adlandırdığı məhdudiyyətlərlə əlaqələndirib.
İranın “Tabnak” nəşrinin məlumatına görə, bu gün – avqustun 24-də Pezeşkian siyasi partiyaların baş katibləri və siyasi fəallarla görüşündə bildirib ki, ticarət yollarının məhdudlaşdırılması idxal olunan malların daşınma xərclərini artırıb.
Prezidentin sözlərinə görə, əvvəllər idxal malları İrana gəmilərlə birbaşa gətirilirdi. İndi isə yüklər ölkəyə çatana qədər daha uzun yol keçir. Bu da daşınma xərclərini və malların son qiymətini artırır.
Pezeşkian neft satışının əvvəlki qaydada mümkün olmadığını və bunun dövlət gəlirlərini azaltdığını da deyib:
“Gəlirlərimiz də azalıb. Əvvəllər neft satırdıq, indi sata bilmirik”.
“Müharibə yalnız raket zərbələrindən ibarət deyil”
Pezeşkian avqustun 23-də hökumət üzvlərinin İran İslam Respublikasının qurucusu Ruhullah Xomeyninin məqbərəsində keçirilən mərasimində də ölkənin iqtisadi vəziyyətindən danışıb.
İran prezidentinin rəsmi saytında yayılan məlumata görə, Pezeşkian İranın “hərtərəfli iqtisadi, hərbi və təhlükəsizlik müharibəsi” ilə üzləşdiyini bildirib.
Onun sözlərinə görə, İrana qarşı tətbiq olunan təzyiq yalnız hərbi əməliyyatlarla məhdudlaşmır.
Pezeşkian yolların bağlanmasını, başqa dövlətlərə İranla ticarət etməmələri üçün təzyiq göstərilməsini və sanksiyaların sərtləşdirilməsini də müharibənin tərkib hissəsi adlandırıb:
“Yolları bağlayırlar, başqa dövlətlərlə danışırlar ki, İranla ticarət etməsinlər. Hərtərəfli müharibənin bundan daha aydın göstəricisi nə ola bilər? Müharibə yalnız raket atılması demək deyil”.
Prezident hökumətin ölkədəki iqtisadi və sosial problemləri tam aradan qaldıra bilmədiyini də etiraf edib. O bildirib ki, hökumət bütün imkanlarını səfərbər etsə də, çətinliklərin davam etməsi səbəbindən xalq qarşısında məsuliyyət hiss edir.
O həmçinin qeyd edib ki, onun hökuməti fəaliyyətə başlayanda su, elektrik enerjisi, qaz, yanacaq, ətraf mühit və bank sistemi sahələrində ciddi çatışmazlıqlarla üzləşib. Müharibə və sanksiyalar mövcud problemləri daha da ağırlaşdırıb.
İran prezidenti hökumətin hazırda inflyasiyanı azaltmağa, əhalinin dolanışıq vəziyyətini yaxşılaşdırmağa və məşğulluq problemlərini həll etməyə çalışdığını bildirib. Onun sözlərinə görə, təzyiqlərə baxmayaraq ölkədə yanacaq və ərzaq təminatında, su təsərrüfatında və nəqliyyat yollarının fəaliyyətində ciddi fasilələr yaranmayıb.
İranda illik inflyasiya 60 faizi keçib
Pezeşkianın açıqlamaları İran iqtisadiyyatında inflyasiyanın yüksəldiyi və iqtisadi fəallığın zəiflədiyi dövrə təsadüf edir.
İranın İSNA agentliyinin İran Statistika Mərkəzinin məlumatlarına istinadən yaydığı xəbərə görə, 2026-cı ilin iyununda ölkədə illik inflyasiya 62 faizə çatıb. İran Mərkəzi Bankı isə iyulda başa çatan 12 aylıq dövr üzrə inflyasiyanı 61,4 faiz hesablayıb.
Mərkəzi Bankın açıqladığı göstəricilərə əsasən, İran iqtisadiyyatı 2025-ci ilin martından 2026-cı ilin martınadək 0,7 faiz kiçilib. Müqayisə üçün, əvvəlki ildə iqtisadi artım neft sektoru nəzərə alınmaqla 3,1 faiz, neft sektoru nəzərə alınmadan isə 3 faiz olmuşdu.
Pezeşkian hökuməti iqtisadi çətinliklərin aradan qaldırılması üçün inflyasiyanın zəiflədilməsini, əhalinin alıcılıq qabiliyyətinin qorunmasını və ticarət yollarındakı məhdudiyyətlərin təsirinin azaldılmasını əsas vəzifələrindən biri kimi göstərir.
“Politfm”



