Foto: Vitaliy Nosaç, RBK-Ukrayna

 

 

Avqustun 21-inə keçən gecə Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Perm şəhərində yerləşən neft emalı zavoduna və Volqoqrad vilayətindəki “Marinovka” hərbi aerodromuna zərbələr endiriblər.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz sosial şəbəkə hesablarında məlumat verib:
“Uzaqmənzilli sanksiyalarımızla müharibənin nəticələrini başladığı yerə qaytarmaqda davam edirik. Bu gecə uzaq məsafəli zərbələrimiz sərhəddən 1600 kilometrdən çox uzaqda yerləşən Perm Neft Emalı Zavodunu və Volqoqrad vilayətindəki ‘Marinovka’ hərbi aerodromunu vurub. Qara dəniz akvatoriyasında da nəticələr var”.

Zelenski daha əvvəl həyata keçirilmiş əməliyyatların təsdiq olunmuş nəticələrini də bölüşüb.
Onun sözlərinə görə, Ukrayna dronları cəbhə xəttindən təxminən 600 kilometr məsafədə yerləşən “Axtubinsk” aerodromundakı “Su-34” qırıcı-bombardmançı təyyarəsi ni zədələyiblər. Təxminən 180 kilometr məsafədə yerləşən obyekt – zərbə dronlarının saxlanılması, hazırlanması və buraxılması məntəqəsi sıradan çıxarılıb.

Ukrayna ordusu işğal olunmuş Krım istiqamətində də hücumlar həyata keçirib. Yarımadada gecə saatlarında çoxsaylı partlayışlar və genişmiqyaslı elektrik kəsintiləri qeydə alınıb.
Yerli mənbələrin məlumatına görə, Simferopolda təxminən 20 dəqiqə ərzində 15-dən çox partlayış səsi eşidilib.

Tavriçeskaya İstilik Elektrik Stansiyası yaxınlığında güclü işıq parıltılarının göründüyü və reaktiv mühərrikli pilotsuz uçuş aparatlarının həmin istiqamətdə hərəkət etdiyi bildirilib. Sevastopol, Canköy, Simferopol və Kerçdə elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Bununla belə, Ukrayna tərəfi Krımdakı konkret hədəflərin vurulduğunu rəsmən təsdiqləməyib və mümkün zərərin miqyası barədə rəsmi məlumat verilməyib.

Rusiya da eyni gecə Ukraynaya genişmiqyaslı dron hücumu həyata keçirib. Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya 135 “Şahed”, “Gerbera” və digər tipli hücum və imitasiya dronlarından istifadə edib.

Ukrayna hava hücumundan müdafiə qüvvələri 107 dronun vurulduğunu və ya radioelektron mübarizə vasitələri ilə zərərsizləşdirildiyini açıqlayıb. 27 dronun 16 müxtəlif əraziyə düşdüyü, vurulan PUA-ların qalıqlarının isə daha üç ərazidə qeydə alındığı bildirilib.
Rusiyanın hücumları nəticəsində Ukraynanın bir sıra vilayətlərində ölən və yaralananlar olub.

Yerli hakimiyyət orqanlarının gün ərzində açıqladığı məlumatlara əsasən, Donetsk vilayətində iki nəfər həlak olub, 27 nəfər yaralanıb.
Xarkov vilayətində iki nəfər ölüb, doqquz nəfər yaralanıb. Zaporojye və Xerson vilayətlərinin hər birində bir nəfərin öldüyü bildirilib.
Sumı vilayətində isə yaşayış binasına dron zərbəsi nəticəsində altı nəfər, o cümlədən 16 yaşlı qız yaralanıb.

Açıqlanan məlumatlara görə, Rusiyanın son sutkadakı hücumları nəticəsində Ukraynada azı 6 nəfər həlak olub, 77 nəfər yaralanıb.

Odessa vilayətində Rusiya dronları Ukrayna-Moldova sərhədində yerləşən “Tabakı” beynəlxalq sərhəd-keçid məntəqəsini də vurub. Obyektə ziyan dəydiyindən keçid məntəqəsinin fəaliyyəti dayandırılıb, nəqliyyat digər sərhəd-keçid məntəqələrinə yönəldilib.

Bu hücumlardan bir gün əvvəl Rusiya Kiyev və Kiyev vilayətinə raket və dronlarla genişmiqyaslı zərbələr endirmişdi. Avqustun 20-də açıqlanan son məlumatlara görə, həmin hücumlarda Kiyevdə azı 15 nəfər həlak olmuş, 40-a yaxın insan yaralanmışdı. Paytaxtda avqustun 21-i həlak olanların xatirəsinə matəm günü elan edilib.

“Politfm”