Rusiyanın nəqliyyat nazirinin keçmiş müşaviri Aleksey Çadayev (foto: internet)

 

 


Rusiyanın Xarici İşlər Nazirliyi Azərbaycanın beynəlxalq axtarışa verdiyi üç Rusiya vətəndaşının – İvan Knyazev, Semyon Uralov və Aleksey Çadayevin hüquqi müdafiəsini təmin etməyə hazır olduğunu bildirib. Nazirlik həmçinin qeyd edib ki, bu şəxslərin açıqlamaları Moskvanın Azərbaycanla bağlı mövqeyini əks etdirmir.

Bu şəxslər “YouTube” kanalındakı tok-şouda çıxışları zamanı Azərbaycanın konstitusiya quruluşunu dəyişdirməyə, ərazi bütövlüyünü pozmağa və terror aktları törətməyə çağırışlar ediblər.

Onlar etnik azlıqlardan – talışlardan və ləzgilərdən istifadə etməklə Azərbaycanda separatizmi qızışdırmağı təklif ediblər. Onlar həmçinin Rusiya hakimiyyətini Xəzər Donanmasının köməyi ilə hərbi müdaxiləyə çağırıblar, Bakıda desant əməliyyatı keçirməsini təklif ediblər.

Çadayev azərbaycanlı ictimai-siyasi xadimlərin fiziki məhvi ilə hədələməyi və gizli şəkildə yerləşdirilən partlayıcı qurğulardan istifadə etməyi təklif edib. Uralov isə iddia edib ki, “Moskvanın postsovet məkanındakı ölkələrin rəhbərliyini SSRİ qanunları əsasında mühakimə etmək hüququ var, çünki 1991-ci ildən əvvəl doğulanların hamısı hələ də Sovet İttifaqı vətəndaşlarıdır”.

XİN-in sözçüsü Mariya Zaxarova çərşənbə axşamı bildirib ki, “Rusiya-Azərbaycan əlaqələri mövcud ikitərəfli müqavilə-hüquq bazası, ilk növbədə 2022-ci il fevralın 22-də Moskvada ən yüksək səviyyədə imzalanmış Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə əsasında inkişaf etməlidir”.

Rusiya nəqliyyat nazirinin müşaviri olan Aleksey Çadayev vəzifəsindən istefa verdiyini açıqlayıb. O bu barədə “Telegram” kanalında yazıb.

“Kiminsə şəxsi ekspert mövqeyinin və ya ictimai açıqlamalarının dövlətlərarası əməkdaşlığa təsir göstərməsini, dövlətlərin birgə fəaliyyətinə maneələr yaratmasını düzgün saymıram” deyə, Çadayev qeyd edib.

Azərbaycan Baş Prokurorluğu Rusiya Nəqliyyat Nazirliyinin müşaviri Aleksey Çadayevi, siyasi məsləhətçi Semyon Uralovu və “Moskva 24” telekanalının keçmiş aparıcısı İvan Knyazevi avqustun 17-də axtarışa verib. Onlar terrorçuluğa, ölkənin ərazi bütövlüyünü pozmağa çağırışlarda, milli nifrəti qızışdırmaqda ittiham olunurlar.

Bir gün sonra isə Rusiyanın Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Bildirilib ki, son dövrlərdə Rusiyanın informasiya məkanında “Azərbaycan Respublikası, xalqı, ölkə rəhbərliyi əleyhinə səsləndirilən təxribat, təhqir və təhdid xarakterli açıqlamalarla” bağlı ciddi narahatlıq doğurur və buna “qəti etiraz” edilir.

“Politfm”