Parasto Hakim məktəbdə; fotonu özü təqdim edib


 

 

Artıq beş ildir ki, Əfqanıstanda qızların təhsil almasına qadağa qoyulub. Buna baxmayaraq minlərlə qız gizli dərslərə getməyə davam edir.

Bu barədə “Novaya qazeta Avropa” yazır.

Əfqanıstanda qızlar fizika dərsinə gedəndə özləri ilə dərslik və dəftər yox, “Quran” və tikiş ləvazimatları götürürlər. Yolda “Taliban” döyüşçüləri onları saxlasalar, bu əşyalar şübhə doğurmaya bilər.

2021-ci il avqustun 15-də “Taliban” hərəkatı Kabili ələ keçirərək yenidən hakimiyyətə gəldi. Bundan qısa müddət sonra qızların altıncı sinifdən sonra təhsil almasına qadağa qoyuldu. Hazırda Əfqanıstan orta və ali təhsilin yalnız bir cinsin nümayəndələri üçün əlçatan olduğu yeganə ölkədir.

Buna baxmayaraq bəzi qızlar azadlıqlarını, bəzən isə həyatlarını da riskə ataraq təhsillərini davam etdirirlər. “Novaya qazeta Avropa” gizli məktəblər şəbəkəsinin təsisçisi Parasto Hakim və onun şagirdləri ilə danışıb.

İlk gizli məktəb

Parasto Hakim “Taliban” hakimiyyətinin nə demək olduğunu çox tez anlayıb. Bir dəfə küçədə qardaşı ilə gedən 23 yaşlı bu qızı döyüşçülər saxlayıblar. Onun geyimini yoxlayıblar, diz üstə çökməyə məcbur ediblər və uzun-uzadı qadınlar üçün davranış qaydaları barədə  danışdılar. Daha sonra “Taliban” üzvlərindən biri avtomatı onun alnına tuşlayıb.

“Onlara cavab vermədim, amma vəziyyət mənə çox gülməli gəlirdi. Çünki həqiqətən güclüsənsə, özündən zəif hesab etdiyin birinə qarşı silahdan istifadə etməzsən, xüsusən də qadına qarşı. Mənim üzərimdə hakimiyyətini göstərmək üçün onun avtomata ehtiyac duyması əslində nə qədər aciz və gücsüz olduğunu göstərirdi” – Hakim belə deyir.

Məktəblər bağlanandan sonra o,  “Taliban”ın əvvəlki hakimiyyəti dövründə yayımlanmış sənədli filmi xatırlayıb – CNN-nin gizli təhsil haqqında filmini. Hakim tanışlarına zəng etməyə başlayıb və bir neçə saat sonra artıq bir müəllimə evində bir qrup məktəbli qıza dərs keçməyə razılaşıb.

Tezliklə digər müəllimələr və onların keçmiş şagirdləri də layihəyə qoşuldular. Bir ay sonra artıq səkkiz məktəb fəaliyyət göstərməyə başlayıb. Beş il ərzində Hakim ölkə üzrə 40-dan çox məktəbin fəaliyyətini koordinasiya edib. Bu məktəblərdə 11-12 yaşdan yuxarı iki mindən çox qız təhsil alır.

“Düşünürdüm ki, bu ölkə mənim təhsilimə sərmayə qoyub, mənə kömək edib. Ona görə də kənarda dayanıb heç nə etmədən otura bilməzdim” deyir Hakim.

Şagirdlərdən biri 17 yaşlı Bahitədir. O, təhsilini davam etdirmək üçün bütün mümkün yolları sınaqdan keçirib.

“Məktəblər bağlananda mənə elə gəldi ki, əllərim-qollarım bağlandı. Təhsilimi davam etdirmək üçün bütün gücümlə fürsət axtarırdım. İndi əldə etdiyim bu imkan hər qıza nəsib olmur” – Bahitə belə deyir.

Qızlar tarix, coğrafiya, ədəbiyyat fənlərini və dəqiq elmləri öyrənirlər. Lakin Bahitənin sözlərinə görə, burada ab-hava əvvəlki məktəbdəkindən fərqlidir.
“O məktəbdə təbliğat aparılırdı, bu dərslərdə isə özümü motivasiyalı hiss edirəm və gələcəyim haqqında düşünməyə çalışıram” deyir Bahitə.

O, kasıb ailənin övladıdır. Valideynləri hazırda işləmirlər. Halbuki “Taliban” hakimiyyətə gəlməzdən əvvəl anası aşpaz işləyirdi. Bahitə özü isə evdən yalnız gizli dərslərə getmək üçün çıxır.

Təhlükəsizlik necə təmin olunur?

Məktəblər şəbəkəsi yerli icmaların dəstəyi ilə fəaliyyət göstərir. Təhlükəsizliyin təmin olunmasında əsas amil də məhz budur. Yerli sakinlər “Taliban” üzvlərinin yaxınlaşdığını müəllimlərə əvvəlcədən xəbər verə bilirlər. Bu zaman şagirdlər dərslikləri gizlədir, sinif isə, məsələn, “Quran” oxuma dərnəyinə çevrilir.

Məktəblər şagirdlərin yaşadığı evlərdən çox uzaq olmayan kiçik yaşayış məntəqələrində yerləşir. Qızlar küçədə nə qədər az vaxt keçirsələr, yoxlanılmaq riski də bir o qədər azalır. Dərslər cümə günündən başqa hər gün keçirilir və dörd saatdan çox davam etmir.

Şagirdlər təhlükəsizlik qaydalarını mütəmadi olaraq təkrarlayırlar. Hara getdiklərini heç kimə deməməlidirlər. “Taliban” üzvləri sinfə daxil olsalar, gözləri aşağı salmaq və susmaq lazımdır.

Əfqanıstanda gizli dərs keçməyə görə rəsmi cəza nəzərdə tutulmayıb. Lakin qadağan olunmuş dərsləri keçən qadınlar təqib olunurlar. 2025-ci ildə “Taliban” dörd ingilis dili müəlliməsini saxlayıb. Yerli ağsaqqalların müdaxiləsindən sonra onlar girov müqabilində azad ediliblər. Bu barədə müstəqil “8am” media nəşri məlumat yayıb.

Bir dəfə “Taliban” üzvləri Hakimin məktəbinə də gəliblər. Müəlliməni əvvəlcədən xəbərdar etmək mümkün olmayıb.

Hakim həmin hadisə barədə bunları danışır:
“Həmin vaxt icmanın bütün sakinləri bir yerə toplaşaraq dedilər ki, bu qadın bizim qızlarımıza dərs keçir, biz buna qarşı deyilik və istəyirik ki, siz burdan gedəsiniz. Onlar həqiqətən də getdilər, çünki küçələrə çox adam çıxmışdı”.

Yerli sakinlər məktəbləri həm də dərslər pulsuz olduğuna görə dəstəkləyirlər. Layihə donorların maliyyəsi hesabına həyata keçirilir. Donorlar həmçinin tədris ləvazimatlarının alınması və binaların kirayəsi üçün də vəsait ayırırlar.

Adətən, dərslər boş qalmış bir mərtəbəli evlərdə keçirilir. Bir qrupda təxminən 35 qız təhsil alır. Yer çatışmadığı üçün onlar yerdə otururlar.
Təhsilin keyfiyyətinə koordinatorlar nəzarət edir. Onlar müəllimlərlə messencerlər vasitəsilə əlaqə saxlayır, davamiyyəti yoxlayır və kiminsə təcili yardıma ehtiyacı olub-olmadığını öyrənirlər.

Universitetə gedən yol

Bahitə boş vaxtlarında kitab oxuyur, hekayələr yazır. Kitabları “Telegram”-dan yükləyir. Sevdiyi yazıçılar arasında Aleksandr Puşkin, Lev Tolstoy və Virciniya Vulf da var.

“Bu yaxınlarda ‘Missis Dellouey’i oxudum. Qadınlar barədə hekayələri sevirəm. Bu roman müharibənin qadınların həyatına necə çox təsir etməsindən bəhs edir” deyən Bahitə təqaüd qazanaraq onlayn universitetə qəbul olmağı arzulayır. Gizli məktəblər şagirdlərə buna hazırlaşmağa kömək edir. Təhsilləri başa çatanda onlara sertifikat verilir. Lakin bu sertifikatlardan Əfqanıstan daxilində istifadə etmək mümkün deyil.

Bundan əlavə, qızlara kompüterdən istifadə qaydaları da öyrədilir. Onlar təqaüd üçün ərizə doldurmağı və universitetə qəbul üçün motivasiya esseləri yazmağı öyrənirlər. Lakin xaricdə təhsil almaq üçün viza məhdudiyyətləri ciddi maneə yaradır.

“Mənə elə gəlir ki, Əfqanıstan vətəndaşlarının başqa ölkəyə qanunsuz yolla getməsi daha asandır. Çünki qanuni və düzgün yol sadəcə işləmir. Demək olar ki, heç kimə viza verilmir” – Hakim belə deyir.

Hətta universitetdən dəvət məktubu almaq belə əfqan qadınların viza almasına kömək etmir. “Taliban” hətta kişilərin də ölkədən çıxışını məhdudlaşdırıb. 2025-ci ildə əfqan tələbələr BBC-yə bildirmişdilər ki, onlara təhsil almaq üçün Rusiyaya getməyə icazə verilməyib. Halbuki təqaüdləri artıq təsdiqlənmişdi.

Digər problem isə dil baryeridir. Buna görə də Hakimin məktəblərində ingilis dili də tədris olunur.
16 yaşlı Yariya həkim olmağı arzulayır. Ən çox sevdiyi fənn kimyadır. Universitet təhsili onun üçün yalnız onlayn formatda mümkün olduğundan, o, ingilis dilini də öyrənmək istəyir.
“Əvvəlki məktəblər fəaliyyət göstərdiyi dövrdə azadlığımız var idi, istədiyimiz yerə gedə bilir və qorxmurduq. İndi isə imkanlarımız çox məhduddur. Ailələrimiz təhlükəsizliyimizdən narahat olduqları üçün çox vaxt bizi məktəbə belə buraxmırlar. Amma bu şəraitdə belə təhsilimi davam etdirə bildiyim üçün sevinirəm” deyir Yariya.
Yariya dərsdən kənar vaxtlarda evdə qalıb tikişlə məşğul olur. Ailəsi onun küçəyə çıxmağından qorxur.

Yoxsulluq və perspektivsizlik

Müəllimlər qızlar üçün təhlükəsiz mühit yaratmağa çalışırlar. Lakin şagirdlərin çoxu təhsildən çox-çox kənara çıxan problemlərlə üzləşirlər.
Bəzi ailələrin yemək almağa belə pulu yoxdur. Digər qızlar isə təcrid olunmaları və gələcəklə bağlı heç bir perspektiv görməmələri səbəbindən intihar barədə düşündüklərini deyirlər.

Hakim gizli dərslərin keçirildiyi yerlərə gedib şagirdlərə mənəvi dəstək olmağa çalışıb, qızlata deyib ki, “‘Taliban’ın hakimiyyəti dövründə məktəbə getmədiyiniz üçün sevinməlisiniz. Orada sizin beyninizi yuyardılar, çünki onlar sizə nifrət edirlər. Onlar sizi insan hesab etmirlər”.

“Mən qızlarımın qoyun otarmasını istəmirəm”

Hakimin yaratdığı şəbəkə “Görünməzlər” adlanır. Təşkilat BMT də daxil olmaqla, beynəlxalq qeyri-hökumət təşkilatları və digər qurumlarla əməkdaşlıq edir. Lakin Hakim onların bəzi təkliflərini tənqid edir.

BMT-nin məlumatına görə, Əfqanıstanda qızların 78 faizi nə təhsil alır, nə də işləyir. Yoxsulluq və təhlükəsizlik problemlərinə görə qızlar çox vaxt hətta yeddinci sinfə qədər də məktəbə getmirlər.

BMT nümayəndələri Hakimə diqqəti onlayn təhsilə yönəltməyi məsləhət görürlər. Onların fikrincə, bu, qızların “Taliban” üzvləri ilə qarşılaşmaq riskini azaldacaq. Hakim isə belə yanaşmanın Əfqanıstanın real vəziyyətindən uzaq olduğunu düşünür:

“Onlayn təhsili günün 24 saatı elektrik enerjisi, etibarlı internet bağlantısı və sabit şəraiti olan ölkələrə təklif edin. Bizdə bunların heç biri yoxdur. Əfqanıstanda rabitə bəzən gün ərzində cəmi iki-üç saat işləyir. Bu, birinci məsələdir. İkincisi isə mən onlayn təhsilə inanmıram. İnsanlar cəmiyyət içində yaşamalıdır. Hamını sadəcə evdə oturmağa məcbur etmək olmaz”.

Hakim şagirdlərə yalnız akademik biliklər deyil, praktiki bacarıqlar da qazandırmaq istəyir. Qızlara tikiş və müxtəlif sənətkarlıq bacarıqlarından gəlir əldə etməyi, bunları biznesə çevirməyi öyrədirlər. Məsələn, onlar hazırladıqları geyim və aksesuarları internet üzərindən sata bilərlər.

“Mən qızlarımın bəzən BMT nümayəndələrinin bizə məsləhət gördüyü kimi qoyun otarmasını istəmirəm. Mən arzulayıram ki, onlar XXI əsr qadınları kimi yaşasınlar. Hətta bu, mənim ölkəmdə bəzilərinin onlar üçün nəzərdə tutduğu həyat olmasa belə. Mən onların evdar qadın, mamaça və ya yaşlı insanlara qulluq edən şəxslər olmağa məcbur edilməsini istəmirəm. Onların çox erkən yaşda ərə verilməsini istəmirəm. Onların ‘Taliban’ın qurbanına çevrilməsini istəmirəm” deyir Hakim.

Təhsildən məhrum olan milyonlarla qız

UNESCO-nun hesablamalarına görə, Əfqanıstanda təxminən 2,2 milyon qız orta təhsil almaq imkanından məhrumdur. Qadınların universitetlərdə və tibb institutlarında təhsil almasına da qadağa qoyulub. 2024-cü ilə qədər tibb təhsili qadınlar üçün əlçatan olan sonuncu imkanlardan biri idi, lakin daha sonra onun da qarşısı alınıb.

Oğlanlar üçün belə məhdudiyyətlər yoxdur. Lakin yoxsulluq və ixtisaslı müəllim çatışmazlığı onların da təhsil almasına mane olur. Mövcud məlumatlara görə, Əfqanıstanda 10 yaşlı uşaqların 93 faizi sadə mətni oxuya bilmir.

Hakimin yaratdığı şəbəkə bu sahədə fəaliyyət göstərən yeganə təşəbbüs deyil. 2018-ci ildə yaradılmış “LEARN Afghan” təşkilatı 18 vilayətdə iki mindən çox qıza təhsil verir.
Beynəlxalq onlayn platformalar da fəaliyyət göstərir. 2025-ci ildə Böyük Britaniyanın “Future Learn” platforması 56 min əfqan qadının pulsuz kurslardan yararlandığını açıqlayıb. Əfqanıstan Amerika Universiteti də qadınlara onlayn təhsil verməyi davam etdirir.

Lakin distant təhsil layihələri qızların əksəriyyəti üçün məktəbi əvəz edə bilmir. Elektrik enerjisinin kəsilməsi, internetin zəif olması və yoxsulluq buna mane olur.

Əfqanıstandan qaçış

Hakim ilk iki il ərzində məktəbləri Kabildən idarə edib. Daha sonra BMT ilə əməkdaşlıq edən bir şəxs ona zəng edib.
“”Taliban”çılar artıq bir dəfə sənin evinə gəliblər, sabah yenə gələcəklər – bu dəfə səni tutmaq üçün” deyə həmin şəxs xəbərdarlıq edib.

Hakimin ölkədən çıxmaq üçün cəmi bir neçə saat vaxtı olub. Onun artıq Fransaya vizası var idi. Lakin kişi müşayiətçisi olmadan Əfqanıstandan çıxa bilməzdi. O, Avropa İttifaqındakı diplomatik əlaqələri vasitəsilə qardaşı üçün də viza alıb. Ertəsi gün onlar Pakistana gediblər, ordan isə Parisə uçublar.

“Təyyarə yerə enəndə ağlamağa başladım. Yalnız o zaman fərqinə vardım ki, iki il yarım ərzində nə qədər təhlükəli həyat sürmüşəm” deyir gənc qız.

Hazırda 28 yaşlı Hakim Parisdə yaşayır və məktəbləri uzaqdan idarə edir. O, tədris proqramlarını hazırlayır, müəllimlərlə əlaqə saxlayır və şagirdlərin təhlükəsizliyinə nəzarət edir. Komanda messencerlərdən istifadə edir və izlənilməsi mümkün olan adi telefon zənglərindən yayınır.

Hakim həmçinin beynəlxalq dəstək axtarışıarını da davam etdirir. O, forum və konfranslarda çıxış edərək “Görünməzlər”in fəaliyyəti barədə danışır. Özü isə beynəlxalq hüquq üzrə magistratura təhsili almağı planlaşdırır. Hakim əmindir ki, təhsil müqavimətin əsas vasitəsi olaraq qalmaqdadır:
“İrəliləməyin yeganə yolu ‘Taliban’ kimi düşünməyən uşaqlar yetişdirməkdir”.