Foto: internet
Azərbaycan ABŞ-nin CNN telekanalını böhtana görə məhkəməyə verib. Bildirilir ki, telekanal ölkənin İsrailə öz ərazisindən hərbi əməliyyatlar aparmağa icazə verməsi haqda yalan məlumat yaymaqla Azərbaycanı İranın hədəfinə çevirib (“AzadlıqRadiosu”).
İddia CNN-in iyunun 5-də dərc etdiyi məqalə ilə bağlıdır. Məqalədə deyilirdi ki, İsrail kəşfiyyat aparmaq və hücumlar həyata keçirmək üçün Azərbaycana xüsusi təyinatlı qüvvələr yerləşdirib. CNN iddia edib ki, bu əməliyyatlar arasında martın 4-də İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat rəhbərinin öldürüldüyü hücum da olub.
İddia ərizəsində deyilir ki, məqaləni əvvəllər də Azərbaycana qarşı qərəz nümayiş etdirmiş jurnalist yazıb və CNN bundan “tam xəbərdar olub”. Azərbaycan tərəfi hesab edir ki, bu hal yalan məlumatların qəsdən yayıldığını göstərir.
iddia ərizəsində vurğulanır ki, Azərbaycan bu məlumatlara etiraz edəndə CNN əvvəlcə “məsələni araşdıracağına söz verib, daha sonra isə tamamilə susub”.
CNN-in sözçüsü “Bloomberg Law”-ya elektron məktubda bildirib ki, telekanal yayımladığı məlumatın arxasında dayanır.
“Politfm”



