Foto: internet

 

 

2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 29 milyard 216,3 milyon ABŞ dolları təşkil edib.

“Marja.az” Dövlət Gömrük Komitəsinin məlumatlarına istinadən hazırladığı müqayisəli təhlildə qeyd edir ki, 2025-ci ilin eyni dövründə xarici ticarət dövriyyəsi 28 milyard 841,8 milyon dollar olub. Beləliklə, bir il ərzində Azərbaycanın xarici ticarət dövriyyəsi 374,5 milyon dollar və ya 1,3% artıb.

İxrac 4,1 milyard dollar artıb

2026-cı ilin ilk 7 ayında Azərbaycandan ixracın ümumi dəyəri 19 milyard 335,6 milyon dollar təşkil edib. 2025-ci ilin eyni dövründə isə ixrac 15 milyard 227 milyon dollar səviyyəsində idi. Beləliklə, ixrac bir il ərzində 4 milyard 108,6 milyon dollar və ya 27% artıb.

Eyni zamanda idxalda əks istiqamətdə kəskin dəyişiklik baş verib. 2026-cı ilin yanvar–iyul aylarında Azərbaycana 9 milyard 880,7 milyon dollarlıq məhsul idxal olunub. Ötən ilin eyni dövründə bu göstərici 13 milyard 614,8 milyon dollar idi. Bu o deməkdir ki, bu ilin ilk 7 ayında idxal 3 milyard 734,1 milyon dollar və ya 27,4% azalıb.

Ticarət profisiti 1,6 milyard dollardan 9,5 milyard dollara yüksəlib

İxracın sürətlə artması və idxalın kəskin azalması Azərbaycanın xarici ticarət balansına ciddi təsir göstərib. 2025-ci ilin ilk 7 ayında ixrac ilə idxal arasındakı müsbət fərq 1 milyard 612,2 milyon dollar təşkil etmişdisə, 2026-cı ilin eyni dövründə xarici ticarət profisiti 9 milyard 454,9 milyon dollara çatıb.

Beləliklə, müsbət saldo bir il ərzində 7 milyard 842,7 milyon dollar və ya 486,5% artıb. Başqa sözlə, Azərbaycanın xarici ticarət profisiti təxminən 5,9 dəfə yüksəlib.

Böyük Britaniya ilə ticarət 4 dəfədən çox böyüyüb

Azərbaycanın ən böyük ticarət tərəfdaşı 2026-cı ilin ilk 7 ayında da İtaliya olaraq qalıb. Bu ölkə ilə ticarət dövriyyəsi 7 milyard 294,1 milyon dollar təşkil edib. 2025-ci ilin eyni dövründə göstərici 7 milyard 498,6 milyon dollar idi. 2026-cı ilin ilk yeddi ayında bu göstərici 204,5 milyon dollar və ya 2,7% azalıb. Ölkənin Azərbaycanın ümumi xarici ticarətində payı 26%-dən 24,97%-ə düşüb.

Ən diqqətçəkən dəyişiklik isə Böyük Britaniya ilə ticarətdə qeydə alınıb. 2025-ci ilin yanvar–iyul aylarında Böyük Britaniya ilə ticarət dövriyyəsi 886,3 milyon dollar olduğu halda, 2026-cı ilin eyni dövründə bu göstərici 3 milyard 653,1 milyon dollara yüksəlib. Artım 2 milyard 766,8 milyon dollar və ya 312,2% təşkil edib. Beləliklə, Böyük Britaniya ilə ticarət dövriyyəsi 4,1 dəfədən çox artıb. Böyük Britaniyanın ümumi ticarətdə payı da 3,07%-dən 12,5%-ə yüksəlib və ölkə Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşına çevrilib.

Türkiyə ilə ticarət dövriyyəsi 3,1% azalıb

Türkiyə ilə ticarət dövriyyəsi 3 milyard 384 milyon dollardan 3 milyard 280 milyon dollara düşüb. Azalma 104 milyon dollar və ya 3,1% təşkil edib.

Çinlə ticarət isə 2 milyard 502,7 milyon dollardan 2 milyard 610 milyon dollara yüksəlib. Artım 107,3 milyon dollar və ya 4,3% olub.

Rusiya ilə ticarətdə isə ciddi azalma qeydə alınıb.
2025-ci ilin ilk 7 ayında Azərbaycan-Rusiya ticarət dövriyyəsi 3 milyard 69,7 milyon dollar olduğu halda, 2026-cı ilin eyni dövründə 2 milyard 109,8 milyon dollara düşüb. Beləliklə, Rusiya ilə ticarət 960 milyon dollar və ya 31,3% azalıb. Nəticədə ötən il Azərbaycanın üçüncü ən böyük ticarət tərəfdaşı olan Rusiya 2026-cı ildə İtaliya, Böyük Britaniya, Türkiyə və Çindən sonra 5-ci yerdə qərarlaşıb.

Gürcüstanla ticarət 44% artıb

Gürcüstanla ticarət dövriyyəsində isə nəzərəçarpacaq artım qeydə alınıb. Göstərici 464,8 milyon dollardan 668,5 milyon dollara yüksəlib. Artım 203,7 milyon dollar və ya 43,8% təşkil edib.

Almaniya ilə ticarət 888,6 milyon dollardan 633,1 milyon dollara düşərək 255,5 milyon dollar və ya 28,8% azalıb.

Çexiya ilə ticarət isə, demək olar, dəyişməyib – 593,2 milyon dollardan 599,1 milyon dollara yüksəlib.

Rusiyaya ixrac 3,9% artıb

2026-cı ilin ilk 7 ayında Azərbaycanın ən böyük ixrac bazarı yenə İtaliya olub. İtaliyaya ixrac 6 milyard 991,3 milyon dollar təşkil edib. Ötən ilin eyni dövründə göstərici 7 milyard 195,3 milyon dollar idi. Beləliklə, İtaliyaya ixrac 204 milyon dollar və ya 2,8% azalıb.
Bununla yanaşı, İtaliyanın ümumi ixracdakı payı 47,25%-dən 36,16%-ə enib – 11,09 faiz bəndi azalma baş verib.

İxracda ən böyük dəyişiklik Böyük Britaniya istiqamətində müşahidə olunur. 2026-cı ildə Böyük Britaniyaya ixrac 3 milyard 476 milyon dollara çatıb və ölkə 17,98% payla Azərbaycanın ikinci ən böyük ixrac bazarı olub. Müqayisə üçün – 2025-ci ildə Böyük Britaniyaya ixrac təxminən 215,9 milyon dollar təşkil edirdi. Beləliklə, bu istiqamət üzrə ixrac təxminən 3 milyard 260,1 milyon dollar və ya 1509,8% artaraq 16 dəfədən çox yüksəlib.

Türkiyəyə ixrac isə 2 milyard 9 milyon dollardan 1 milyard 949,1 milyon dollara düşüb – azalma 59,9 milyon dollar və ya 3% təşkil edib.
Rusiyaya ixrac 3,9% artaraq 749,5 milyon dollara, Gürcüstana ixrac isə 50,9% artaraq 576,7 milyon dollara yüksəlib.

Rumıniyaya ixrac 43,1% artaraq 551,4 milyon dollara, Yunanıstana ixrac 23,9% artaraq 508 milyon dollara, Bolqarıstana ixrac isə 14,4% artaraq 514,1 milyon dollara çatıb.

Çin idxalda liderliyini gücləndirib

2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanın ən böyük idxal mənbəyi Çin olub. Çindən idxal 2 milyard 541,6 milyon dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 2 milyard 449,4 milyon dollar idi. Beləliklə, Çindən idxal 92,3 milyon dollar və ya 3,8% artıb.
Ümumi idxalın kəskin azalması fonunda Çinin Azərbaycanın idxalındakı payı 17,99%-dən 25,72%-ə yüksəlib. Bu, 7,73 faiz bəndi artım deməkdir.

Rusiyadan idxal isə kəskin azalıb.
2025-ci ilin ilk 7 ayında Rusiyadan 2 milyard 348,5 milyon dollarlıq məhsul idxal edilmişdisə, 2026-cı ildə göstərici 1 milyard 360,2 milyon dollara düşüb. Azalma 988,3 milyon dollar və ya 42,1% təşkil edib.

Türkiyədən idxal 44,1 milyon dollar və ya 3,2% azalaraq 1 milyard 330,9 milyon dollar olub. ABŞ-dən idxal isə 718,4 milyon dollardan 457,3 milyon dollara düşüb. Azalma 261,2 milyon dollar və ya 36,4% təşkil edib.

Böyük Britaniya ilə ticarətdə ən diqqətçəkən məqamlardan biri ixrac və idxalın əks istiqamətlərdə hərəkət etməsidir. Böyük Britaniyaya ixrac 16 dəfədən çox artdığı halda, bu ölkədən Azərbaycana idxal 670,4 milyon dollardan 177,1 milyon dollara düşüb. Beləliklə, Böyük Britaniyadan idxal 493,3 milyon dollar və ya 73,6% azalıb.
Nəticədə Böyük Britaniya ilə ticarətin strukturu bir il ərzində köklü şəkildə ixracın xeyrinə dəyişib.

“Politfm”