Foto: internet

 

 

 

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili hesab edir ki, Abxaziyaya yanacaq tədarükü Tbilisi ilə Moskva arasında daha geniş siyasi razılaşma planına işarə ola bilər.

O, sosial şəbəkədəki paylaşımında iddia edib ki, Rusiya diplomatik münasibətləri bərpa etmək və bir-biribə hücum etməmək barədə, həmçinin Abxaziya və Cənubi Osetiya ilə bağlı Gürcüstan hökumətinə saziş layihələri təqdim edib.

Saakaşvili yaxın həftələrdə Baş nazir İrakli Kobaxidzenin həmin sənədləri imzalamaq üçün Moskvaya gedə biləcəyini yazıb. O, müxalifəti və vətəndaş cəmiyyətini fəallaşmağa və “gələcəkdə yenidən nəzərdən keçirilməsi çətin olacaq” sazişlərin imzalanmasına imkan verməməyə çağırıb.

Avqustun 11-də Kobaxidze Abxaziyadakı kəskin yanacaq böhranı fonunda ora özəl şirkət tərəfindən yanacaq göndərildiyini təsdiqləyib, müxalifətsə bu faktın Gürcüstanın suveren maraqlarına zidd olduğunu bəyan edib.

Siyasətçisi və iqtisadçı Roman Qotsiridze deyib ki, Abxaziyaya təxminən 300 ton yanacaq göndərilməsi Gürcüstan hakimiyyətinin və Rusiyanın dəstəyi olmadan həyata keçirilə bilməzdi (“Jamnews”).

Gürcüstanın “Solidus” şirkətinin sahibi Giorgi Arveladze RFE/RL-ə bildirib ki, “abxaz tərəfdaşlarına” yanacağı İnquri körpüsü vasitəsilə onlar çatdırıblar.

Qotsiridze bu versiyanı şübhə altına alıb. Onun sözlərinə görə, dəyəri təxminən 1 milyon lari (təxminən 380 min ABŞ dolları) olan 300 ton yanacağın daha iri şirkətlərin və dövlət strukturlarının iştirakı olmadan alınması və cəmi iki gün ərzində Gürcüstanın nəzarətində olan təmas xəttindən keçirilməsi mümkün deyil. O həcmdə yanacağın daşınması üçün təxminən doqquz ədəd 35 tonluq yanacaqdaşıyan maşın tələb olunur.

Qotsiridze həmçinin yanacağın “Solidus”a kim tərəfindən satıldığını, əməliyyatın pulunu kimin ödədiyini, Abxaziyada hansı alıcının yanacağı qəbul etdiyini və yanacağın hansı neft bazasında saxlanıldığını sorğulayıb. Onun sözlərinə görə, Abxaziyanın yanacaq infrastrukturunun bir hissəsi Qərbin sanksiya tətbiq etdiyi “Rosneft” şirkəti (Rusiya) ilə əlaqəlidir.

Qotsiridze hesab edir ki, sövdələşmənin şərtləri ayrıca araşdırılmalıdır.
“Abxaziyaya yanacaq tədarükü Rusiya ilə daha böyük sövdələşmənin hissəsi ola bilər”

“Politfm”