Moskva yaxınlığındakı “Wildberries” anbarı, 16 avqust 2026 (foto: “Anadolu”)

 

 

 

Ukrayna müharibə başlayandan bəri ən böyük dron hücumlarından birini həyata keçirib. Rusiya rəsmilərinin bildirdiyinə görə, hücum nəticəsində Moskva yaxınlığındakı distribütor anbarında güclü yanğın baş verib, azı altı nəfər həlak olub.

Müdafiə Nazirliyi bildirib ki, son 24 saat ərzində Moskva ərazisində 1 478 Ukrayna dronu vurulub. Bu, nazirliyin indiyədək açıqladığı rəqəmlər arasında ən yüksək göstəricidir.

Moskvanın mərkəzindən təxminən 40 kilometr cənubda, Podolsk yaxınlığında yerləşən 250 min kvadratmetrlik nəhəng anbar binasını güclü yanğın bürüyüb. “Wildberries” distribütor şirkətinə məxsus olan bu obyektin fəaliyyətinin dayandırıldığı bildirilir. Ukrayna hərbçilərinin məlumatına görə, şüirkətin 10 ən böyük anbarından 7-cisi olan bu obyetk tamamilə sıradan çıxarılıb.

Son bir ay ərzində Kiyev diqqətini “Wildberries” şirkətinə məxsus obyektlərə hücumlara yönəldib. Ukrayna həmin anbarlardan hərbi sursat satışında logistika üçün istifadə edildiyini iddia edir.

Moskva meri Sergey Sobyanin bildirib ki, gecə ərzində Ukrayna Moskva vilayətinə 600 dronla hücum edib, onlardan 201-i vurulub. Bir nəfərin öldüyü deyilir. Ukrayna tərəfi qonşu Domodedovoda yerləşən ikinci anbarın da hücumun hədəfi olduğunu açıqlayıb.

Rusiyanın “RİA Novosti” dövlət agentliyi qeyd edib ki, açıqlanan rəqəm Müdafiə Nazirliyinin bir gün ərzində vurulduğunu iddia etdiyi dronların sayına görə yeni record saydır. Lakin bu rəqəmin şişirdildiyi və müstəqil şəkildə təsdiqlənməsinin mümkün olmadığı qeyd olunur.

Ekspertlər Rusiyanın açıqladığı saya ehtiyatla yanaşmağın vacibliyini bildiriblər. Bununla belə, onlar hesab edirlər ki, gecə ərzində dəymiş zərərin miqyası Ukraynanın 2026-cı ildə uzaqmənzilli zərbə imkanlarını nə qədər sürətlə genişləndirdiyini göstərir (“The Guardian”).

Ukrayna Təhlükəsizlik və Əməkdaşlıq Mərkəzinin rəhbəri Sergey Kuzan nəşrə açıqlamasında deyib ki, Rusiya hakimiyyəti hava hücumundan müdafiə sistemlərinin effektivliyi barədə şişirdilmiş təsəvvür yaratmaq üçün “rəqəmləri bilərəkdən şişirdir”.
Eyni zamanda, o qeyd edib ki, “Ukraynada dronların və uzaqmənzilli raketlərin istehsalının artması fonunda həm hücumların sayı, həm də Ukrayna silahlarının tətbiq dairəsi genişlənir”.

Kuzanın sözlərinə görə, dünənki zərbələrin Moskva vilayətinə indiyədək həyata keçirilmiş ən böyük hücum olması “tamamilə mümkündür”. O bildirib ki, hücumun miqyası Moskva yaxınlığındakı Kapotnya rayonunda yerləşən neft emalı zavoduna may ayında endirilmiş zərbələrlə “müqayisə edilə biləcək səviyyədədir”.

Əsasən yerli istehsal olan texnologiyaların, o cümlədən “Fire Point” şirkətinin hazırladığı “Flamingo” qanadlı raketinin və “FP-1” uzaqmənzilli sabitqanadlı dronun sürətlə inkişaf etdirilməsi Ukraynaya sərhəddən təxminən 2 400 kilometrə qədər məsafədə yerləşən anbarları, neft emalı zavodlarını, limanları və hərbi obyektləri vurmaq imkanı verib.

Uzaqmənzilli zərbə imkanları baxımından artıq Ukrayna da Rusiyanın müharibənin əvvəlində malik olduğu imkanlarla müqayisə oluna biləcək səviyyəyə çatıb. Kiyev bunun üçün iri ölçülü dronlardan və qanadlı raketlərdən istifadə edir. Amma Moskvanın tez-tez tətbiq etdiyi yüksək sürətli ballistik raketlər hələ də Ukraynada yoxdur.

Eyni zamanda, hər iki tərəfin hava hücumundan müdafiə sistemləri demək olar ki, son həddə qədər yüklənib. Bu vəziyyət mülki əhali arasında itkilərin çoxalmasına, həmçinin münaqişənin cəbhə xəttindən kənarda doğurduğu fəsadların qış aylarında daha da ağırlaşacağı ilə bağlı narahatlıqların artmasına səbəb olur.

Rusiya dünən Ukrayna ərazisində 13 məntəqəni bombalayıb, yeddi mülki şəxs həlak olub. Kiyevə endirilən ballistik raket zərbəsi nəticəsində altı nəfər yaralanıb, paytaxtda bir neçə yerdə yanğın baş verib.

İspaniyanın NATO-nun patrul missiyasında iştirak edən “F-18” qırıcısı Rumıniyanın hava məkanını keçən və NATO təmsilçisinin sözlərinə görə, böyük ehtimal, Rusiyaya məxsus olan dronu vurub.

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin fövqəladə hallar xidmətlərinin fəaliyyətini yüksək qiymətləndirib və Rusiyanı dinc əhaliyə hücum etməkdə ittiham edib.
“Ballistik raketlərin çata bildiyi hər yerdə onlar mülki infrastrukturu hədəfə alırlar” – Zelenski sosial şəbəkədə belə yazıb.

O deyib ki, son bir həftə ərzində Rusiya Ukrayna şəhərlərinə və digər yaşayış məntəqələrinə 1 550-dən çox zərbə dronu, təxminən 1 560 idarəolunan aviasiya bombası və 62 ballistik raket atıb.

Ukrayna yavaş sürətli dronları kifayət qədər effektiv şəkildə zərərsizləşdirə bilsə də, yüksək sürətli ballistik raketlərə qarşı demək olar ki, müdafiəsizdir. Belə raketləri məhv edə bilən yeganə silahın – ABŞ-nin “Patriot” zenit-raket komplekslərinin Ukraynadakı tutucu raket ehtiyatları artıq tükənmək üzrədir.

“Politfm”