Kramatorsk, Ukrayna, 13 avqust 2026 (foto: “Anadolu”)

 

 

BMT-nin Kiyevdəki monitorinq missiyasının son hesabatı müharibənin mülki əhali üçün getdikcə daha təhlükəli olduğunu göstərir. Rusiyanın hücumlarının intensivləşməsi yaşayış məntəqələrində mülki itkilərin də sürətlə artmasına səbəb olur.

Cümə günü səhər saatlarında Rusiyanın reaktiv mühərrikli dronları Ukraynanın şimalındakı Sumı vilayətində bir evi hədəfə alıb. Hücum nəticəsində 29 yaşlı qadın və 9 yaşlı oğlu həlak olub.
Həlak olan uşağın atası və nənəsi də daxil olmaqla, 4 nəfər xəstəxanaya yerləşdirilib. Onların arasında ağır yanıq xəsarətləri alanlar var.

BMT-nin monitorinq missiyası Ukraynada hücumların intensivləşməsi fonunda mülki əhali arasında itkilərin artmasından narahatlığını bildirir.
Təkcə iyul ayında hücumlar nəticəsində ən azı 437 mülki şəxs həlak olub, 2 610 nəfər yaralanıb.

Bu, ötən ilin iyul ayı ilə müqayisədə 70 faiz, bu ilin iyun ayı ilə müqayisədə isə 30 faiz çoxdur.

BMT-nin məlumatına görə, Rusiyanın genişmiqyaslı hücumu başlayandan – 2022-ci il fevralın 24-dən bu yana Ukraynada ən azı 16 874 mülki şəxs həlak olub, onlardan 820-si uşaqdır. Daha 51 273 nəfər yaralanıb, yaralananların 3 126-sı uşaqdır.

BMT-nin Kiyevdəki İnsan Hüquqları üzrə Monitorinq Missiyasının rəhbəri Daniel Bell bildirib ki, iyul ayında mülki əhali arasında qeydə alınan itkilər 2022-ci ilin martından bəri bir ay ərzində sənədləşdirilən ən yüksək göstəricidir.

Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, Rusiya qüvvələri hər gün cəbhə xəttinə yaxın ərazilərə təxminən 220 idarə olunan aviasiya bombası atır.
Donetskdə 10 mərtəbəli yaşayış binasına aviasiya bombasının düşməsi nəticəsində binanın 6 mərtəbəsi dağılıb. Hadisə zamanı 1 nəfər həlak olub, 16 nəfər yaralanıb.

Zelenskinin sözlərinə görə, Rusiya qüvvələri çəkisi təxminən 1300 kq olan ağır bombalardan, həmçinin artilleriya, raket və dronlardan istifadə etməklə yaşayış məntəqələrini dağıdır, daha sonra isə piyada birləşmələri ilə hücuma keçirlər.
Bu taktika nəticəsində bir sıra şəhər və kəndlər yaşayış üçün yararsız hala düşüb.

“Politfm”