Foto: “bianet.org”
Həbs edildikdən sonra vəzifəsindən kənarlaşdırılan İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) keçmiş sədri Əkrəm İmamoğlu Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verdiyini açıqlayıb və Özgür Özəlin rəhbərliyi ilə yaradılmış Yeni Partiyaya qoşulduğunu bildirib.
İmamoğlunun rəsmi sosial media hesabında yayılan bəyanatda deyilir:
“17 illik Cümhuriyyət Xalq Partiyası üzvlüyümdən istifa edirəm. Bu qərar ölkəmizin gələcəyinə dair inandığım dəyərlərə və millətimizə münasibətdə məsuliyyətimin nəticəsidir. Bu gün Türkiyənin daha güclü, daha demokratik və daha ümid dolu sabahlarını birlikdə inşa etmək üçün YENİ bir yol açırıq”.
İmamoğlu 2025-ci il martın 19-da saxlanılıb, daha sonra barəsində həbs qərarı çıxarılıb və İBB sədri vəzifəsindən uzaqlaşdırılıb. Həbsindən əvvəl CHP onu 2028-ci il prezident seçkilərinə əsas namizədi olaraq müəyyənləşdirmişdi. İmamoğlunun universitet diplomunun ləğv edilməsi də prezidentliyə namizədliyinə mühüm hüquqi maneə yaradıb.
İmamoğlunun həbsi ilə başlayan proses sonrakı aylarda yalnız onun şəxsi məhkəmə işi ilə məhdudlaşmayıb. Hadisələr CHP-nin özünün siyasi və təşkilati gələcəyinə təsir edən geniş hüquqi-siyasi böhrana çevrilib.
CHP-yə məhkəmə müdaxilələrinin qısa tarixçəsi
CHP daxilindəki böhranın əsas mərhələlərindən biri 2023-cü ilin noyabrında keçirilmiş 38-ci qurultayın legitimliyinin məhkəmə yolu ilə mübahisələndirilməsi oldu. Qurultayda Özgür Özəl partiyanın sədri seçilmiş, lakin sonradan qurultayda qanun pozuntuları olduğu iddiası ilə məhkəməyə müraciətlər edilmişdi.
Bu məsələ 2025-ci il ərzində CHP-nin gündəmini müəyyən edən əsas hüquqi mübahisələrdən birinə çevrildi. Ankara 42-ci Asliye Hüquq Məhkəməsi 24 oktyabr 2025-ci ildə qurultayın ləğvi ilə bağlı işi rədd etdi. Lakin proses bununla bitmədi və iş üzrə hüquqi mübahisə yuxarı instansiyalarda davam etdi.
Paralel olaraq CHP-nin İstanbul təşkilatı da məhkəmə müdaxilələri ilə üzləşdi. 2025-ci ilin sentyabrında İstanbul 45-ci Asliye Hüquq Məhkəməsi CHP-nin İstanbul İl Konqresində rəhbərliyin müvəqqəti olaraq vəzifədən uzaqlaşdırılmasına və yerinə qəyyum təyin edilməsinə qərar verdi. CHP-nin qərara etirazı məhkəmə tərəfindən rədd edildi.
CHP rəhbərliyi bu qərarları partiyanın daxili seçki və təşkilati fəaliyyətinə məhkəmə yolu ilə müdaxilə kimi qiymətləndirildi. Özgür Özəl İstanbul üzrə qəyyum qərarını qanunsuz hesab etdiyini və partiyanın seçilmiş rəhbərliyinin fəaliyyətini davam etdirəcəyini bildirirdi.
2026-cı ilin mayında böhran daha ciddi mərhələyə keçdi. Ankara Bölgə Ədliyə Məhkəməsinin 36-cı Hüquq Dairəsi Özgür Özəl və partiya rəhbərliyinin tədbir məqsədilə vəzifədən uzaqlaşdırılmasına, CHP-nin idarəçiliyini müvəqqəti olaraq Kamal Kılıçdaroğlu və onun komandasına həvalə etmək barədə qərar verdi. Beləliklə, partiyanın seçilmiş rəhbərliyinin siyasi gələcəyi artıq yalnız CHP daxilindəki siyasi mübarizənin deyil, məhkəmə qərarlarının da müəyyən etdiyi məsələyə çevrildi.
Məhz bu mərhələ Özgür Özəlin və CHP-dəki digər siyasətçilərinin partiya daxilində mübarizəni davam etdirmək imkanlarını ciddi şəkildə məhdudlaşdırdı. Yeni Partiyanın yaradılması da bu prosesdən sonra gündəmə gəldi.
Yeni Partiyanın yaranmasına aparan yol
Özgür Özəl və tərəfdarları bildirirdilər ki, məhkəmə prosesləri CHP-nin siyasi fəaliyyətinə və daxili demokratiyasına müdaxilə vasitəsinə çevrilib. Özəl 2025-ci ildə partiyaya qəyyum təyin edilməsi ehtimalının qarşısını almaq üçün növbədənkənar qurultay keçirilməsi təşəbbüsünü irəli sürmüşdü.
Lakin məhkəmə prosesləri davam etdi və 2026-cı ilin mayında Özgür Özəl rəhbərliyinin vəzifədən uzaqlaşdırılması barədə qərar verildi. Bundan sonra partiyadaxili siyasi mübarizəni təşkilatın mövcud strukturu çərçivəsində davam etdirmək əvəzinə başqa platformada siyasi təşkilatlanma yolu seçildi.
İyulun 24-də Özgür Özəl Yeni Partiyanın yaradılması barədə sənədi imzalayaraq CHP-dən istefa verdi. Onunla birlikdə CHP-nin Türkiyə Böyük Millət Məclisindəki (TBMM) 90 deputatı da partiyadan ayrılaraq Yeni Partiyanın təsisçiləri sırasına qoşuldu. Nəticə etibarilə yeni siyasi qurum TBMM-də 91 deputatla AKP-dən sonra ikinci ən böyük parlament qüvvəsinə çevrildi, CHP-nin deputat sayı isə 44 nəfərə düşdü.
Yeni Partiyanın meydana çıxması CHP daxilində parçalanma kimi yox, uzun müddət davam edən məhkəmə proseslərinin təşkilatın seçilmiş rəhbərliyinə və strukturlarına əngəllər yaratmasından sonra ortaya çıxmış zərurət kimi qiymətləndirilir.
“Politfm”



