Foto: “Yabloko”
Bu gün Pskov Şəhər Məhkəməsində dövlət ittihamçısı “Yabloko” partiyasının sədr müavini Lev Şlosberqin 12 il 1 ay müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Bu barədə “Mediazona”nın müxbirinə istinadən BBC məlumat yayıb.
Siyasətçi Rusiya ordusunu “diskreditasiya etmək” və ordu haqqında “saxta məlumatlar yaymaq” ittihamları ilə mühakimə olunur.
Prokuror Şlosberqin əvvəlki məhkumluğunu da nəzərə alaraq ona məhz bu cəzanın verilməsini istəyib. Şlosberq 2025-ci ilin noyabrında siyasətçi “xarici agent” statusunun öhdəliklərini pozduğuna görə 420 saat ictimai iş cəzasına məhkum edilmişdi.
Onun barəsində cinayət işi 2022-ci il fevralın 25-də, Ukraynada müharibə başlayandan bir neçə gün sonra “Exo Moskvı” nəşrinin xəbərini öz “Telegram” kanalında paylaşdığına görə açılıb.
Nəşr Britaniyanın “Daily Mirror” qəzetinin üz qabığını – qan içində olan qadınla Rusiya prezidenti Vladimir Putinin şəkillərini və “Onun qanı… Onun əlləri” sözləri yazılmış səhifəni dərc etmişdi.
Ordunun “diskreditasiyası” ilə bağlı digər iş isə “YouTube” palatformasındakı “Jivoy qvozd” kanalında keçirilən “Biabırçı sülh, yoxsa ədalətli müharibə?” adlı debatla əlaqəlidir. Debatda Şlosberqlə yanaşı, tarixçi Yuri Pivovarov da iştirak edib.
“Mediazona” xatırladır ki, debatın videosu 2025-ci ilin yanvarında “Odnoklassniki” sosial şəbəkəsində yayımlanıb. Şlosberq çıxışında Ukraynada atəşkəsin mümkün qədər tez əldə olunmasının tərəfdarı olduğunu bildirib.
2025-ci ilin dekabrında məhkəmə siyasətçinin həbsinə qərar verib.
Şlosberq ona qarşı irəli sürülən ittihamları “hüququn və Rusiya qanunvericiliyinin diskreditasiyası” adlandırıb. O, paylaşdığı materialın Rusiya Cinayət Məcəlləsinə ordu haqqında “saxta məlumatların” yayılmasına görə məsuliyyət nəzərdə tutan maddənin əlavə edilməsindən əvvəl yayımlandığına diqqət çəkib.
Şlosberq həmçinin debat zamanı ona aid edilən fikirlərin əslində opponentinə məxsus olduğunu və özünün həmin mövqeyə qarşı çıxdığını bildirib.
“Yabloko”nun seçki “macərası”
Şlosberqin məhkəməsi “Yabloko”nun Rusiyada sentyabr ayında keçiriləcək parlament seçkilərində iştitakına qadağa qoyulması fonunda keçirilir.
Daha əvvəl – iyulun 10-da Rusiya Mərkəzi Seçki Komissiyası bu partiyanın Dövlət Dumasına keçiriləcək seçkilərdə iştirakını təsdiqləmişdi.
Lakin bu qərardan cəmi bir ay sonra vəziyyət dəyişdi.
Avqustun 10-da Rusiya Ali Məhkəməsi “Yabloko”nun seçkilərdən çıxarılması ilə bağlı “Rodina” partiyasının iddiasını təmin edib.
Qərar uzun məhkəmə iclasından sonra qəbul edilib. “Yabloko”nun lideri Nikolay Rıbakov proses zamanı məhkəmədən “Rodina”nın iddiasını tamamilə rədd etməsini istəyib. O, partiyanın Rusiyada mürəkkəb siyasi şəraitdə fəaliyyət göstərdiyini, lakin öz siyasi mövqeyini gizlətmədiyini bildirib.
“Rodina”nın iddiasının əsas arqumentləri arasında “Yabloko”nun xarici maliyyələşmədən istifadə etməsi, müəllif hüquqlarını pozması və Ukrayna ilə atəşkəs sazişinin bağlanmasını müdafiə etməsinin “ekstremizmə çağırış” kimi qiymətləndirilməsi ilə bağlı iddialar yer alıb. “Yabloko” bu ittihamları rədd edir.
Bu il partiyanın bəzi rəhbər şəxslərinə və fəallarına qarşı inzibati işlər açılıb. Sədr Nikolay Rıbakov və təşkilatın regionlardakı liderləri “ekstremist simvolların nümayişi” ilə bağlı inzibati məsuliyyətə cəlb olunublar və məhkəmə qərarları onların seçkilərdə iştirak hüququnu məhdudlaşdırıb.
“Politfm”



