Foto: “Trend”
2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1 174,4 manat təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.
Bildirilir ki, artım ötən ilin eyni dövrü ilə müqayisədə 7% çoxdur.
Ekspertlər bu artımın bazar qiymətlərinin artım tempindən geri qaldığını vurğulayırlar. Onlar 7%-lik nominal əməkhaqqı artımının iqtisadi baxımdan niyə mənfi differensial yaratdığını aşağıdakı səbəblərlə izah edirlər:
– rəsmi İstehlak Qiymətləri İndeksi (İQİ) hesablanarkən 500-dən çox mal və xidmət üzrə qiymətlər ortalanır. Amma aşağı və orta gəlirli əhalinin istehlak strukturunda ərzaq və kommunal xərclərin payı 50-60%-dən çoxdur. Eyni zamanda, ət, kərə yağı, un, tərəvəz və s. kimi əsas ərzaq məhsullarında illik qiymət artımı rəsmi inflaysiyadan (5,7%) dəfələrlə çox (12–18%) hiss olunur. Gəliri 7% artan vətəndaşın əsas xərc maddəsi (ərzaq) 15% bahalaşırsa, bu, faktiki alıcılıq qabiliyyətinin mənfiyə düşməsilə nəticələnir.
– orta nominal əməkhaqqı göstəricisi reallığı əks etdirmir, çünki neft-qaz, neft-kimya, bank və IT sektorundakı yüksək maaşlar (3000–5000 AZN+) bu ortalamanı süni şəkildə yuxarı qaldırır.
– ölkə əhalisinin tam yarısının maaşını göstərən median əməkhaqqı rəsmi ortalamadan xeyli azdır (500–650 AZN). Bu diapazonda maaş alan təbəqə üçün 7%-lik nominal artım manat ifadəsində çox kiçik məbləğ (35–45 AZN) təşkil edir, marketdəki mütləq qiymət artımları isə bu məbləği tamamilə üstələyir.
– idxal olunan inflyasiya və manatın məzənnəsi kimi amillər də 7%-lik artımın təsirini azaldır. Azərbaycan ərzaq məhsullarının və istehlak mallarının böyük hissəsini idxal etdiyi üçün qlobal tədarük zəncirindəki bahalaşma və əsas ticarət tərəfdaşlarındakı (Türkiyə, Rusiya, Avropa) daxili inflyasiya birbaşa Azərbaycan bazarına idxal olunur. Manatın dollara nisbətdə sabit məzənnəsi (1.70) valyuta riskini daxildə dondursa da, xarici valyuta bazasında baş verən qiymət artımının ölkəyə daxil olmasının qarşısını ala bilmir.
– iqtisadiyyatdakı gözləntilər inflyasiyası bazar iştirakçılarını rəsmi inflyasiya rəqəmlərinə görə yox, gələcəkdəki xərclərə nəzərən qiymət qoymağa sövq edir – maaşların 7% artması xəbəri bazarda psixoloji olaraq “pul kütləsi artdı” təəssüratı yaradır və pərakəndə satış nöqtələri qiymətləri qabaqlayıcı rejimdə qaldırmağa başlayırlar. Nəticə etibarilə maaşın artan hissəsi növbəti qiymət artımıyla “neytrallaşdırılır”.
Bu baxımdan nominal əməkhaqqının 7% artması yalnız kağız üzərində 1.3%-lik real artım (7% – 5,7%) hesab oluna bilər. Əhalinin real xərc səbəti (ərzaq + tibb + kommunal) ilə müqayisədə isə inflyasiyanın təsiri 10–12%-dən çoxdur. Bu, real əməkhaqqı dinamikasının mənfi 3-5% aralığında olduğunu göstərir.
“Politfm”



