Foto: “Zelensky/Official”

 

 

 

Şimali Koreya Rusiya ərazisində 30-50 min nəfər hərbçi yerləşdirilməsi barədə qərar qəbul edib.

Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında belə yazıb.

Onun sözlərinə görə, Şimali Koreyanın münaqişədə iştirakı Pxenyana müasir müharibədə təcrübə qazanmağa imkan verir və bu təcrübədən gələcəkdə Asiya-Sakit okean regionunda istifadə oluna bilər.

Ukrayna prezidenti bildirib ki, ölkəsinə hava hücumundan müdafiə sahəsində Cənubi Koreyanın dəstəyi lazımdır. O, Seulu Kiyevlə daha sıx əməkdaşlığa çağırıb.

Cənubi Koreya 2023-cü ilin yayında Ukraynanın əks-hücum əməliyyatının əsas dəstəkçilərindən biri olub və Kiyevə 300 mindən çox mərmi göndərib.

Daha əvvəl Ukrayna kəşfiyyatı Şimali Koreyanın Rusiyanın Voronej vilayətinə raket bölməsi, göndərməyi planlaşdırdığını açıqlamışdı.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Çernyak “Reuters” agentliyinə açıqlamasında demişdi ki, söhbət Rusiya ordusunun 112-ci raket briqadasının tərkibinə daxil edilməsi planlaşdırılan 90 Şimali Koreya hərbçisindən gedir.
Qurumun qiymətləndirməsinə görə, Şimali Koreya artıq Rusiyaya 40 ədəd KN-23 və KN-24 qısa mənzilli ballistik raket verib, 2025-ci ilin sonuna qədərki dövr ərzində Rusiyanın geniş istifadə etdiyi artilleriya sursatlarının 50 faizə qədərini  məhz bu ölkə ödəyib.

“Politfm”