Foto: “president.ir”

 

 

İran Prezidenti Məsud Pezeşkian avqustun 8-də Tehranda keçirdiyi mətbuat konfransında ölkəsinin qonşu dövlətlərlə münasibətləri barədə danışıb, o cümlədən Azərbaycanla əlaqələr haqqında da açıqlamalar verib.

O, Pakistanın İranla hazırda “bütün imkanları ilə” əməkdaşlıq etdiyini bildirib; qeyd edib ki, Əfqanıstan da çox yaxşı əməkdaşlıq nümunəsi göstərir, Türkmənistanın da əməkdaşlığı qənaətbəxşdir, Rusiya və İraq da İrana yaxşı kömək ediblər.

“Azərbaycana gəlincə, bəzi siyasi problemlərə baxmayaraq dialoq və qarşılıqlı əlaqələr davam edib” – İran prezidenti belə deyib (IRNA).

“Azərbaycan bütün yolları və bizim bankı bağlamışdı. Onlarla əlaqə saxladıq və danışdıq… Müharibə zamanı onlar müxtəlif istiqamətlərdə bizə əhəmiyyətli kömək göstərdilər. İstər Rusiyanın [yardımlarının] təminatı, istərsə də öz yolları baxımından əməkdaşlıq etdilər və ehtiyacımız olan hər şeyə kömək göstərdilər” deyə, Pezeşkian əlavə edib.

Regional diplomatiyanın əhəmiyyətini vurğulayan İran prezidenti deyib ki, İranın qonşu dövlətlərlə münasibətlərinin yaxşılaşması ölkəyə lazım olan təchizat və imkanların əldə edilməsində rol oynayıb.

Pezeşkian Çin və Rusiyanın beynəlxalq platformalarda İrana dəstəyi barədə də danışıb. Onun sözlərinə görə, bu ölkələr beynəlxalq qurumlarda öz imkanlarından istifadə edərək bəzi qətnamələrə veto qoyublar.

Azərbaycan Prezidenti İlham Əliyev bugünkü paylaşımında Pezeşkianın sözlərinə münasibət bildirib.

“Cənab Prezident Məsud Pezeşkian, Azərbaycan haqqında söylədiyiniz xoş və səmimi sözlərə görə Sizə təşəkkür edirəm. Azərbaycan və İran xalqları dar və çətin günlərdə hər zaman bir-birinin yanında olublar. Bölgəmizdə baş vermiş son hadisələr fonunda Azərbaycanın qardaş İran xalqının yanında olduğu bir daha özünü göstərdi” – Əliyev “X” platformasında belə yazıb.

“Politfm”