Rusiyanın Xmeymimdəki bazası; Suriya, 11 mart 2025 (foto: Omar Haj Kadur/AFP)

 

 

Suriya Rusiyanın Xmeymimdəki aviabazası və Tartusdakı hərbi-dəniz bazasının gələcəyi barədə Moskvayla memorandum imzaladığını açıqlayıb.

Bu barədə “Le Monde” məlumat yayıb.

Suriyanın Xarici İşlər Nazirliyinin məlumatına görə, qarşılıqlı maraqların qorunması şərtilə Rusiyayla əldə olunmuş yeni razılaşma çərçivəsində bu obyektlər “birgə təlim və potensialı artırma mərkəzləri”nə çevriləcək.
Proses üç ay ərzində başa çatdırılmalıdır. Bazalardakı mülki obyektlər müvəqqəti olaraq Dəməşqin nəzarətinə veriləcək.

Danışıqların il yarım davam etdiyi bildirilir.

Suriyadakı 13 illik vətəndaş müharibəsi dövründə Rusiya Bəşər Əsədin əsas müttəfiqi olub. Onun 2024-cü ildə hakimiyyətdən kənarlaşdırılması Moskvanın Suriyadakı təsirini zəiflədib.

Hazırda Rusiya Prezidenti Vladimir Putin Suriya Prezidenti Əhməd əl-Şaraanın rəhbərlik etdiyi yeni islamçı hakimiyyətlə münasibətlər qurmağa çalışır. Bu müddət ərzində hər iki Rusiya bazası fəaliyyətini davam etdirib. Bu ilin əvvəlində Kreml Suriyanın şimal-şərqində yerləşən Qamışlı hava limanından öz qüvvələrini çıxarıb.

Rəsmi Dəməşq həyat yoldaşı ilə birlikdə Moskvaya qaçmış Bəşər Əsədin ekstradisiyasını tələb edir.

“Politfm”