Foto: internet


 

Ölkədə vergi borclarının həcmində müşahidə olunan kəskin artım iqtisadiyyatdakı həm struktursal problemləri, həm də dövlətin tənzimləmə siyasətindəki dəyişiklikləri yenidən gündəmə gətirib. İqtisadiyyat Nazirliyinin yanvar-iyun ayları üzrə hesabatına əsasən, cari ilin iyulun 1-nə Azərbaycanda vergi borcları 4 milyard 50,4 milyon manat təşkil edib.

Bu, ilin əvvəli (yanvarın 1-i) ilə müqayisədə 741,6 milyon manat (22,4%), son bir ildə isə 556,7 milyon manat (15,9%) artım deməkdir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin ilk yarısında Azərbaycanın ÜDM-i 0,8% artıb. Bu o deməkdir ki, vergi borclarının artım tempi iqtisadi artım tempindən təxminən 28 dəfə çoxdur.

Digər tərəfdən, 2025-ci ildə dövlət büdcəsinə vergi daxilolmaları əvvəlki illə müqayisədə 545,5 milyon manat artmışdı. Bu isə o deməkdir ki, cari ilin altı ayında qeydə alınan vergi borcu artımı ötən ilin bütün ili üzrə vergi daxilolmalarındakı artımdan təxminən 196 milyon manat çoxdur.

Azərbaycan Mərkəzi Bankı 2023–2025-ci illərdə uçot dərəcəsini 8%-dən 6,75%-ə endirsə də, eyni dövrdə hüquqi şəxslərə verilən kreditlər üzrə orta faiz dərəcəsi 7,6%-dən 8,8%-ə, manatla verilən biznes kreditləri üzrə isə 10,14%-dən 11,6%-ə yüksəlib. Bu, pul-kredit siyasətinin yumşaldılmasının biznesin borclanma xərclərinə eyni ölçüdə ötürülmədiyini göstərir. Maliyyələşmə xərclərinin yüksək qalması müəssisələrin dövriyyə vəsaitinə təzyiqi artırır və bu, vergi öhdəliklərinin icrasını çətinləşdirən amillərdən biri kimi qiymətləndirilə bilər.

Digər bir amil istehlak bazarında yüksək artımın müşahidə edilməməsi ola bilər. 2026-cı ilin yanvar-iyun aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə cəmi 3,7% artıb. Satışların mülayim templə artdığı şəraitdə müəssisələrin pul axını zəifləyir və onlar məhdud maliyyə resurslarını əməkhaqqı, xammal, kredit ödənişləri və vergi öhdəlikləri arasında bölüşdürməli olurlar. Bu isə vergi borclarının yığılmasını sürətləndirən amillərdən biri hesab olunur.

Amma borcların artması yalnız biznesin maliyyə vəziyyətinin pisləşməsi ilə əlaqələndirilmir. Son illər Dövlət Vergi Xidməti elektron qaimələrin, onlayn nəzarət-kassa aparatlarının və risk əsaslı vergi nəzarəti mexanizmlərinin tətbiqini genişləndirib. Nəticədə əvvəllər bəyan edilməyən dövriyyələr, əlavə hesablanmış vergilər, gecikmə faizləri və maliyyə sanksiyaları da borc statistikasına daxil edilir. Bu baxımdan vergi borclarındakı artım müəyyən dərəcədə inzibatçılığın sərtləşməsinin də nəticəsi ola bilər.

Azərbaycanda vergi daxilolmalarının böyük hissəsi məhz iri vergi ödəyiciləri tərəfindən təmin edilir. Yüz milyonlarla manat həcmində borc artımının statistik çəkisi də əsasən iri dövriyyəli müəssisələrin vergi öhdəliklərində baş verən dəyişikliklər hesabına formalaşır. Bununla belə, Dövlət Vergi Xidməti vergi borclarının sektorlar və ya vergi ödəyicilərin ölçüsü üzrə strukturunu açıqlamadığından, borc artımın hansı iqtisadi fəaliyyət növləri üzrə yarandığını müəyyən etmək mümkün deyil.

“Politfm”