Tehran, 3 avqust 2026 (foto: Məcid Əsgəripur/WANA, “Reuters” vasitəsilə)
ABŞ Prezidenti Donald Trampın İrana qarşı müharibəsi artıq altıncı ayına qədəm qoyur. Bu həftə baş vermiş diplomatik təmaslar və qarşılıqlı hədələr bir gerçəyi ortaya çıxardı: Tramp əvvəlcə bir neçə həftə çəkəcəyini iddia etdiyi bu münaqişədən çıxmaqda çətinlik çəkir.
“Reuters” agentliyi bugünkü analitik məqaləsində belə yazır.
Nəşr qeyd edir ki, Amerika prezidenti hazırda iki çətin seçim arasında qalıb.
1. Oman və İran arasında müzakirə edilən razılaşmanı qəbul etmək.
Bu variant İrana Hörmüz boğazına nəzarət imkanı verir.
Analitiklərin fikrincə, bu, fevralın 28-dən (ABŞ və İsrailin hücumundan) bəri Tehrana verilən ən böyük güzəşt olacaq.
Bu addım İranın strateji neft marşrutuna nəzarətini rəsmiləşdirəcək.
2. Gərginliyi artıraraq daha uzunmüddətli böhran riskini gözə almaq.
İkinci variant yeni hava zərbələri deməkdir. ABŞ-də noyabrda keçiriləcək aralıq seçkilər ərəfəsində bu, Tramp üçün böyük siyasi risk yaradır. Üstəlik, yeni bombardımanların əvvəlkilərdən daha uğurlu olacağına zəmanət yoxdur.
Üçüncü yol da var: status-kvonun qorunması
Tramp mövcud vəziyyəti qoruyub saxlamağı da seçə bilər. Bu, İran limanlarının blokadasını davam etdirmək və hücumlara vaxtaşırı cavab vermək deməkdir. Lakin bu yanaşma da ona aprelin ortasında bitəcəyini vəd etdiyi müharibədən nüfuzuna xələl vurmadan çıxmaq imkanı vermir.
“Bu, pis variantlar menyüsüdür. Lakin Tramp müharibənin sonsuzadək davam edə bilməyəcəyini dərk edir. Nədəsə güzəştə gedilməlidir və bu, boğazda yeni İran reallığının tanınması ola bilər” – ABŞ Dövlət Departamentinin Yaxın Şərq danışıqları üzrə keçmiş baş müşaviri Aaron David Miller belə deyib.
Ağ Ev rəsmisi “Reuters”-ə bildirib ki, hər hansı “müvəqqəti” gəmiçilik marşrutu heç bir tərəfin nəzarəti olmadan, maneəsiz fəaliyyət göstərməlidir.
Gəmiçiliyə qoyulan məhdudiyyətlər
Dövlət Katibi Marko Rubio təkid edir ki, Hörmüz boğazı beynəlxalq su yolu olaraq qalmalıdır. O, İranın nəzarətinə keçməməli və heç bir rüsum alınmamalıdır. Lakin Tramp daha əvvəl Rubionun bəzi bəyanatlarını təkzib edib. Analitiklər bunun yenidən baş verə biləcəyini düşünürlər.
Trampın manevr imkanlarını məhdudlaşdıran əsas amillər bunlardır:
– ABŞ-də benzin qiymətlərinin yüksək olması;
– Prezidentin reytinqinin düşməsi;
– Amerika ictimaiyyətinin müharibədən narazılığı.
Münaqişə uzandıqca hədələr nəticə vermir. Mütəxəssislərin fikrincə, ən böyük güzəştə elə Tramp özü getməli olacaq.
Danışıqların şərtləri və siyasi risklər
Boğazın yenidən açılması ABŞ və İran arasında danışıqların bərpası üçün əsas şərtdir. Vaşinqton diqqəti müharibənin ana hədəfinə – İranın nüvə proqramına yönəltmək istəyir.
Tehrana boğaz vasitəsilə Körfəzə daxil olan gəmilərə müəyyən nəzarət hüququ verilir.
Tramp sazişin yaxınlaşdığını desə də, İran rəsmiləri təfərrüatların hələ həll olunmadığını bildirirlər.
Ekspertlər iyun ayında pozulmuş anlaşma memorandumuna əsaslanacaq yekun sülhə şübhə ilə yanaşırlar. Həmin razılaşma sanksiyaların yumşaldılmasını nəzərdə tuturdu və bu, respublikaçıların tənqidinə səbəb olmuşdu.
Ağ Ev rəsmiləri münaqişənin aralıq seçkilər dövrünə qədər uzanacağını qəbul edirlər. Sentyabrda bəzi ştatlarda erkən səsvermə başlayır. Bu, müharibələrdən yayınmağı və iqtisadiyyata diqqət yetirməyi vədi edən Tramp üçün ciddi siyasi riskdir. Çünki Respublikaçılar Partiyası Konqresə nəzarəti qoruyub saxlamaqda çətinlik çəkir. Lakin ABŞ rəsmiləri Trampın qərarlarının “rəy sorğuları” ilə idarə olunmadığını vurğulayırlar.
Tramp əsas hədəflərinə çatmayıb
Tramp İran liderlərini məhv etdiyini və ölkənin hərbi gücünü zəiflətdiyini desə də, analitiklər hədəflərə çatılmadığını və vəziyyətin çıxılmaz olduğunu bildirirlər.
O, Yaxın Şərqdəki tərəfdaşlarının xahişi ilə yeni hücum planlarını təxirə saldığını açıqlayıb, amma uğursuzluq olarsa, daha güclü zərbə vuracağını bildirib.
Bəzi analitiklər bu geri addımı ABŞ-nin raket ehtiyatlarının tükanməsi ilə əlaqələndirirlər. Tramp isə bu iddiaları təkzib edir.
O, Las-Veqasdakı mitinqdə “Mən razılığa gəlməyi üstün tutardım, insanları öldürmək istəmirəm. Lakin nə vaxtsa biz bunu edəcəyik” deyib.
İransa ABŞ-nin Körfəzdəki müttəfiqlərinə xəbərdarlıq edib: yeni zərbələr olarsa, onların enerji infrastrukturu hədəf alınacaq.
“Çin, Rusiya və Şimali Koreya bu prosesi diqqətlə izləyir. Onlar ABŞ-nin imkanlarının sonrakı illərdəki hüdudlarını müəyyənləşdirməyə çalışırlar ” – ABŞ-nin keçmiş kəşfiyyat zabiti Conatan Panikoff belə deyib.
Demokratiyaların Müdafiəsi Fondunun eksperti, İrana qarşı sərt mövqeyi ilə tanınan Behnam Ben Taleblu “X” sosial şəbəkəsində yazib ki, “İslam Respublikası noyabr ayından əvvəl prezident Trampı hər iki halda uduzacağı bir seçim qarşısında qoymağa çalışır”.
O qeyd edib ki, Tramp administrasiyası “tələsik qərarlar verməkdən” çəkinməli və “ABŞ-nin harda təsir imkanlarına malik olduğunu, harda isə olmadığını” düzgün qiymətləndirməlidir.
“Politfm”



