Foto: “ereforms.gov.az”

 

 

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 5,5 milyard dollar təşkil edib.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Hesabata görə, ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft ixracı 3,1 dəfə artıb. Müqayisə üçün, 2025-ci ilin ilk altı ayında bu göstərici təxminən 1,8 milyard dollar olub.

Azərbaycanın qeyri-neft məhsullarının ixrac edildiyi əsas ölkələr Böyük Britaniya (3,4 milyard dollar), Rusiya (496,1 milyon dollar), Türkiyə (350,7 milyon dollar), Gürcüstan (279,7 milyon dollar) və İsveçrə (213,9 milyon dollar) olub.

Rəqəmlər göstərir ki, qeyri-neft ixracının təxminən 1,8 milyard dollardan 5,5 milyard dollara yüksəlməsində həlledici pay Böyük Britaniyaya ixracın hesabına formalaşıb.

Bu ilin yanvar-iyun aylarında Azərbaycan və Böyük Britaniya arasında ticarət dövriyyəsinin dəyəri 3 milyard 621 milyon 991 minABŞ dolları olub.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 960 milyon 781 minABŞ dolları (5,4 dəfə) çoxdur.

Son 1 ildə Azərbaycanın Böyük Britaniyaya ixracının dəyəri 24 dəfə artaraq 3 milyard 475 milyon 261 minABŞ dolları, bu ölkədən idxalının dəyəri isə 3,5 dəfə azalaraq146 milyon 731 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə Böyük Britaniya ilə ticarət ümumi dövriyyənin 14,6%-i qədər olub. O cümlədən, bu ölkəyə ixrac ümumi ixracın 21,2 %-ni, Böyük Britaniyadan idxal isə ümumi idxalın 1,7 %-ni təşkil edib.

6 ayda Azərbaycan xarici ölkələrlə 24 milyard 661 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, illik müqayisədə 1,1 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 16 milyard 320 milyonABŞ dolları ixracın, 8 milyard 341 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,7% artıb, idxal isə 27,6 % azalıb.

İxracın üç dəfəyə yaxın artması ölkədə məşğulluq yaradan ənənəvi qeyri-neft sahələrinin – kənd təsərrüfatı, qida sənayesi, tekstil və digər emal istiqamətlərinin eyni templə inkişaf etdiyi anlamına gəlmir.

Böyük Britaniya amili istisna olmaqla, əsas ixrac bazarlarında ciddi struktur dəyişikliyi müşahidə olunmur. Rusiya (496,1 milyon dollar) və Türkiyə (350,7 milyon dollar) Azərbaycan mənşəli aqrar və emal sənayesi məhsullarının əsas bazarları olaraq qalır. Gürcüstan (279,7 milyon dollar) istiqamətində əsasən elektrik enerjisi, sement və kimya sənayesi məhsulları ixrac edilir. İsveçrəyə ixracda isə qiymətli metallar yenə də mühüm yer tutur.

İxracın artması ölkəyə valyuta daxilolmalarını yüksəldir, tədiyə balansını dəstəkləyir və manatın məzənnəsinin sabitliyinə müsbət təsir göstərir. Eyni zamanda, ümumi ixracda qeyri-neft sektorunun payının artması ölkənin xarici iqtisadi göstəricilərini də yaxşılaşdırır.

Bununla yanaşı, qeyri-neft ixracının böyük hissəsinin məhdud məhsul qrupları hesabına formalaşması struktur riskini saxlayır. Qiymətli metalların dünya bazar qiymətlərində və ya ixrac həcmlərində baş verəcək dəyişikliklər növbəti illərdə statistik göstəricilərin də kəskin dəyişməsinə səbəb ola bilər.

Digər tərəfdən, 5,5 milyard dollarlıq ixracda kiçik və orta biznes subyektlərinin payı azdır, bu isə onların ixrac potensialının məhdud olaraq qaldığını göstərir.

Beləliklə, 5,5 milyard dollarlıq qeyri-neft ixracı mühüm göstərici sayılsa da, onun əsas hissəsi qiymətli metallar hesabına formalaşıb. Dayanıqlı ixrac artımı üçün aqrar və emal sənayesi məhsullarının çeşidinin genişləndirilməsi, yeni bazarlara çıxışın artırılması və Avropa İttifaqı ölkələrinə yüksək əlavə dəyərli qeyri-metal məhsulların ixracının genişləndirilməsi həlledici əhəmiyyət daşıyır.

“Politfm”